08 May 2026 09:40
225
Mədəniyyət
A- A+
Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü


Xalq şairi, nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində dünyasını dəyişdi. Həsrət və nisgildən, mübarizlikdən yoğrulmuş bir ömür sona yetdi. Söhrab Tahir ürəyimizdə, qəlbimizdə və yaddaşımızda həmişə mübariz, döyüşkən, iti baxışlı, şimşək gülüşlü bir insan, bir şəxsiyyət kimi qaldı. 

Ömür yolu qorxulu nağıllara bənzəyən Söhrab Tahir olduqca keşməkeşli, amma şərəfli bir ömür yaşayıb. O, 6 avqust 1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində dünyaya göz açıb. "Səadət" və "Şapur" adlandırılan orta məktəblərdə doqquzuncu sinfədək təhsil alıb. Əgər kasıblıq onların qapısını döyməsəydi, Söhrab yenə də məktəbə gedəcək, təhsilini davam etdirəcəkdi. Amma yoxsulluq içində yaşayan ailənin maddi imkanı aşağı olduğundan gələcəyin böyük şairi təhsilini yarımçıq qoymağa məcbur olub. Kiçik yaşlarından atası ilə birgə İranda ingilis neft şirkətində işləyib.

Keçmiş SSRİ ordusunun İrana qoşun yeritməsindən sonra Söhrab Tahir mübarizəyə atılmış, xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə təhsil almaq üçün Bakıya gələn Söhrab Azərbaycan Dövlət Tibb İnsititunun Stomatologiya və feldşerlik fakültəsində oxumağa başlamışdır. Amma ədəbiyyata olan böyük maraq və həvəs 1952-ci ildə onu Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirmişdir. 1959-1961-ci illərdə isə Moskvada M.Qorki adına Ali Ədəbiyyat Kurslarında oxumuşdur. Müxtəlif ali məktəblərdə aldığı ali təhsil onun həm yaradıcılığına, həm də dünyagörüşünün formalaşmasına müsbət təsir göstərmişdir.  

1962-1966-cı illər Söhrab Tahirin həyatında əlamətdar olmuşdur. O, həmin illər Azərbaycan Demokrat Firqəsinin Bakı Komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında şöbə müdiri, "Səhər" ədəbi-tarixi jurnalında redaktor müavini, "Azərbaycan" jurnalında redaktor işləmişdir. Daha sonra - 1986-1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri olmuşdur. 1991-ci ildə isə Bədii Ədəbiyyatı Təbliğat Bürosu İdarə Heyətinin sədri təyin edilmişdir. Söhrab Tahir Azərbaycan Milli EA Şərqşunaslıq İnstitutunun böyük elmi işçisi, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Azərbaycan İçtimai-Siyasi Universitetinin müəllimi olmuşdur. Harada işləməsindən asılı olmayaraq, Söhrab müəllim vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir.  

Şair Söhrab Tahir 1946-cı ildə Bakıya oxumağa gəldikdən bir müddət sonra Pişəvəri hökuməti şah rejimi tərəfindən qan içində boğulmuşdur. Bu qanlı hadisə onun Güney Azərbaycanına qayıdan yollarını bağlamışdır. Bundan sonra Söhrab Tahir uzun illər ata-baba yurdunun, doğmalarının həsrətini çəkməli olmuşdur. Ömrünün cavan çağlarından - 20 yaşından anasının, qardaşlarının və başqa yaxın qohumlarının üzünə həsrət qalmış, anasını görmək həsərti ilə yaşamışdır. 

Şükürlər olsun ki, günlərin birində həsrət sona yetmişdir. Uzun illərin gözləntilərindən sonra - 1973-cü ildə Söhrab Tahirin anası Azərbaycana gəlmişdir. Amma görüşəndə anası onu tanımamışdı. Çünki yazıq ana Söhrabı sonuncu dəfə 20 yaşında görmüşdü. Həmin vaxtdan artıq 30 il keçmişdi. Anası ilə görüşəndə Söhrab Tahirin 50 yaşı var idi. İllərdən bəri oğul həsrəti çəkən ana Söhrabla görüşəndə onu oğluna yox, qardaşı İsrafilə bənzətmişdi. Amma onun oğlu olduğunu biləndə huşunu itirmişdi. 

Söhrab Tahirin Güney Azərbaycan həsrətli şeirləri onun yaradıcılığından qırmızı xətlə keçir. Yazdıqlarından aydın görünən odur ki, şair daha çox ayrılıqdan, ikiyə bölünməkdən qorxur. Onun dillər əzbəri olan bu misraları həmin həsrəti və qorxunu aydın şəkildə ifadə edir:

İkiyə bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

Həyatının gənclik illərindən vətəndən uzaq düşən Söhrab Tahir həsrət yüklü,  enişi yoxuşundan, yoxuşu enişindən çox olan bir ömür sürdü. Amma ömrünün ahıl çağlarında da gəncliyində olduğu kimi, mübariz, ötkəm və inadkar idi. Şair yenə də ötənləri xatırlayaraq müqəddəs amallar uğrunda vuruşmaq arzusu ilə yaşayırdı. Söhrab Tahirin mübariz ruhlu şeirləri uca dağların zirvələrini aşaraq ürəklərə, qəlblərə hopdu.

Əziz Vətən, doğma diyar,

Vuruşuram sinəndəki

Qan yerini silənədək.

Vuruşuram azadlığım

Başım üstə gələnədək.

Söhrab Tahirin yaradıcılığı zaman-zaman yüksək qiymətləndirilmişdir. Şair inqilabi, ədəbi və içtimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" və digər medallarla, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli sərəncamı ilə ona Xalq şairi fəxri adı verilmişdir. 2006-cı ildə isə Söhrab Tahir Azərbaycan  Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 

Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Tahir 4 may 2016-cı ildə vəfat etmişdir. 

Söhrab Tahir özündən sonra zəngin ədəbi irs qoymuşdur. Şairin yalnız Bakıda deyil, Moskvada, Berlində, Tehranda, Təbrizdə və dünyanın başqa şəhərlərində 50-dən çox kitabı işıq üzü görmüşdür. Onun "Qırılan zəncirlər", "Mən səni görmüşəm", "Azad qardaşım var", "Mənim yolum", "Döyüş lövhələri", "Ölümdən güclü, həyatdan uca", "Qonşu qızın məktubları", "Vətənlə sevgi arasında", "İki dəfə yox olmuş adam", "Əmanət", "Ata" və başqa əsərləri ədəbiyyatımızı daha da zənginləşdirmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib

19:41
08 May

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!