19 İyul 2025 08:30
2118
Mədəniyyət
A- A+
Həqiqi fikirlərin aynası - “Həqiqəti-əfkar”

Həqiqi fikirlərin aynası - “Həqiqəti-əfkar”


Zəmanəsinin nüfuzlu mətbuat orqanlarından olan “Həqiqəti-əfkar” qəzeti 1911-ci il 29 oktyabr tarixində şair, publisist, pedaqoq, şərqşünas Mirzə Cəlal Yusifzadənin müdirliyi və sahibi imtiyazlığı ilə Bakının Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində, H.Z.Tağıyevin Qız məktəbinin alt qatında, Orucov qardaşlarının (indiki AMEA “Elm” nəşriyyatının) mətbəəsində nəşrə başlamışdır. “Siyasi, ədəbi, fənni, ictimai, iqtisadi türkcə müsəlman qəzetəsi” iriformatlı, dördsəhifəli, həftədə bir dəfə işıq üzü görən mətbuat orqanı idi. Birinci sayın ilk səhifəsinin əsas bildirişində müdir və sahibi-imtiyaz oxucularına üz tutaraq yazırdı: “Oktyabr ayının 29-dan etibarən həftədə bir dəfə şənbə və müsəlman bayramlarının sabahı günləri “Həqiqəti-əfkar” qəzetəsi nəşr olunacaqdır. Elm və ədəbdən bəhs edən məqalələr üçün qəzetəmizin səhifələri açıqdır”.

Mirzə Cəlal Yusifzadə qəzetin məram və məqsədini ilk nömrənin baş yazısında belə bəyan etmişdir: “H.Ə” (Həqiqəti-əfkar) intişarından əsl məqsədimiz Qafqaz türk həmvətənlərimizə məlumat verməkdir. Siyasi, iqtisadi, ictimai, əxlaqi, ədəbi... hər qism məqalələrə vərəqələrimizdə yer vardır. Şəxsi qərəzdən xali, ədəb dairəsindən xaric olmaqdan ari hər günə məqalələr və əxbar dərc olunacaqdır.

Möhtərəm ədib, mühərrir və alimlərdən rica olunur ki, bizim bu müxtəsər vərəqparəmizin islahına məxsus bəzli-itaət buyursunlar. Bir mətləbdə səhvlərimiz və xətamız olursa göstərmək ilə bizi xoşhal eyləsinlər”.

Bu bir neçə cümlə qəzetin və onun redaktorunun demokratik dəyərlərə sadiqliyini, cəmiyyətin maariflənməsi yolunda çətinliklərə dözümlülüyünü, həqiqətin, doğrunun söylənilməsində inadcıllığını təcəssüm etdirən, dil və dinin fərqliliyinin birmənalı vurğulandığı açıq və cəsarətli məramnamədir. Burada xalqına xidmət etmək istəyən jurnalistin, mühərririn yüksək “əfkarı”ı və əxlaqi dəyərləri ön plana çəkilir, şəxsi qərəzlər üçün vərəqparələrdə yer tapılmayacağı bildirilir. “Həqiqəti-əfkar”ın birinci səhifəsində “C” imzası ilə yer alan bu yazı qəzetin tutacağı haqq, həqiqət yolunu dəqiq nişan vermişdir.

Qəzetin ilk sayının birinci səhifəsində redaktorun “Cəlal” imzası ilə yazdığı digər məqalə “Məlumat gərəkdir” adlanır. Fikrimizcə, Mirzə Cəlal bu yazısı ilə qəzetin hansı zərurətdən yarandığını oxucuların diqqətinə çatdırmaqla əhəmiyyətini xüsusi vurğulamışdır. Məqalədə yazılır: “Bizə, əlbəttə, məlumat gərəkdir!  Min illərlə qəflət və ətalətə giriftar olmuş bir millət eyş və işrətlə məşğul olub, özünün, ətrafının və həm millətinin dərdindən xəbərsiz qalan bir taifəyə, əlbəttə, məlumat gərəkdir.

Cəhldən bədtər dünyada bir dərd olmadığı ümum-elm sahiblərinin müslimi olan bir mətləbidir. Lakin zənnimizcə, bu mətləbi bir qədər daha diqqətlə mülahizə eyləsək, cəmi dərdlərin əsası cəhl olduğunu aşikarə görərik. Yəni dərdlər cümləsindən birisi və ümdəsi cəhldir... Hər bir dərdin xüsusi dərmanı varsa da, ümumi dərdlərin ümdə dərmanı həman elmdir.

Müxtəsər edək: ...İbtidai elmlərin təhsil yolu birincisi məktəblər olduğu kimi, ikincisi də mətbuat, ruznamələr və məcmuələrdir” (Cəlal. Məlumat gərəkdir. Bakı, “Həqiqəti-əfkar” qəz., 1911, 29 oktyabr, № 1, s.1). 

Mirzə Cəlal cəmiyyətin cəhalətdən xilasının ümdə yolunu məktəbdə və mətbuatda axtarmaqda haqlı idi. Bununla da o, xalqın elmlərə yiyələnməsində, dünyagörüşünün inkişafında mətbuatın rolunu yüksək qiymətləndirmişdir.

“Həqiqəti-əfkar” qəzetinin müdiri və sahibi-imtiyazı Mirzə Cəlal Yusifzadənin babası, soyadının qaynaqlandığı Mirzə Ağa Yusif Qarabağda - İbrahim xanın sarayında müdrik şəxsiyyət, alim və şair kimi rəğbət qazanmışdır. Atası Axund Hacı Mirzə Ələkbər Ağa Yusif oğlu Şuşada milli ruhlu maarifpərvər, yüksək təhsilə malik, ərəb, fars və türk dillərini mükəmməl bilən xeyirxah ziyalı və nüfuzli şəxsiyyət kimi tanınırdı. Qarabağın əsil-nəcabətli soylarından olan Mirzə Cəlal haqqında ilk dəfə yığcam və səhih məlumata Azərbaycan ədəbiyyatında və mədəniyyətində şair, təzkirəçi və musiqişünas-alim kimi yer alan Mir Mövsüm Nəvvabın 1892-ci ildə (hicri 1310) hazırladığı “Təzkireyi Nəvvab” kitabında rast gəlirik.  Onun doğum tarixi, məşğuliyyəti və xarakteri haqqında M.M.Nəvvab yazırdı: “Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir. 1277-ci ildə anadan olmuş, hal-hazırda 33 yaşı var. Xoşqamət, xoşxasiyyət və xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır. Kermanda cənab Hacı Məhəmməd Xan bin Hacı Kərim Xan bin Zəhir əd-dövlət İbrahim Xan Qacarın hüzurunda on il elmləri təhsil etmişdir. Bəzən türkcə və farsca şeirlər yazır. Şeirləri pərakəndədir, divanı yoxdur. Aşağıda yazılmış şeirlər o cənabın təbindəndir. 1310-cu ilin rəbbi-ül-əvvəl ayında öz dəst-xəti ilə yazmışdır” (M.M.Nəvvab. “Təzkireyi Nəvvab”, Azərbaycan nəş., 1998, s.367).

Bu yığcam məlumatda Mir Mövsüm Nəvvab bir neçə məqama aydınlıq gətirib. Bəzi müəlliflər (F.Rəhmanzadə, F.Şuşinski, N.Qəhrəmanlı, tacik tarixçisi Numoncan Qafarov, tacik jurnalisti Əlfiyyə Bəşirova və b.) Mirzə Cəlal Yusifzadənin doğum tarixinin 1861 və ya 1862-ci il olduğunu qeyd etsələr də, M.M.Nəvvab təzkirəsində birmənalı olaraq hicri 1277-ci il göstərib və bu tarix miladi təqvimi ilə 1859-cu ilə bərabərdir. Başqa sözlə, Mirzə Cəlalın 1892-ci ildə 33 yaşı olduğu təzkirədə qeyd edilmişdir. Bu qaynaq bizə məlum olan mənbələrdən birincisi və ən mötəbəridir.

İbtidai təhsilini Şuşada atası Axund Hacı Mirzə Ələkbərdən alan və onun sayəsində də ərəb və fars dillərini mükəmməl mənimsəyən Mirzə Cəlal Kermandan  qayıtdıqdan sonra, 1880-ci ildə İranın Tiflisdə açdığı məktəbdə ərəb, fars və türk dillərini tədris etməyə, pedaqoji fəaliyyətlə, məktəbdarlıq işləri ilə məşğul olmağa başlamışdır. O, dini elmlərə dərindən yiyələnsə də, daha çox dünyəvi elmləri təbliğ edirdi. Anadilli dərsliklərin olmadığı bir dönəmdə bu boşluğu doldurmaq üçün səy göstərirdi. Qori Müəllimlər Seminariyasının müfəttişi, görkəmli pedaqoq, maarifçi Aleksey Osipoviç Çernyayevskinin Tiflisdə, 1881-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində nəşr etdirdiyi “Vətən dili” istisna olunmaqla  Mirzə Cəlal Yusifzadənin iki il sonra (Qafqaz Canişinliyinin Senzura idarəsi “Hesab”ın nəşrinə 14 yanvar 1884-cü ildə icazə vermişdir-A.R) eyni ünvanda çap etdirdiyi “Hesab” (Axund Cəlal. “Hesab”, Tiflis, “Kəşkül” idarəxanası, 1884, I hissə, 28 s.) adlı kitabı ilk milli dərsliyimiz sayıla bilər. Kitabın üz qabığında yazılmışdır: “Hesab. Əsəri Axund Cəlal. Qisme-əvvəl. Bu risalə qəvaidi-ərbəəi-hesabiyyəyə (hesabın dörd qaydasına – A.R.) şamil olub mübtədi (ibtidai) müsəlman şagirdlərinə məxsusdur. “Kəşkül” idarəxanəsi təb və nəşr etmişdir. Tiflis, Mətbəeyi-Karamarenko,  1301”.

M.C.Yusifzadənin digər “Nəhy əz münkər” (Tiflis, “Qeyrət”, 1905), “Rəşəhati-Nəbəviyyə” (Bakı, Orucov qardaşları, 1910), “Fərhad və Şirin” (Bakı, Orucov qardaşları, 1911) və “Ata-baba nəsihətləri” (Bakı, “Cəlali”, 1912) kitabları dövrün elmi-mədəni problemlərinə, təhsil, təlim, tərbiyə məsələlərinə, cəmiyyətin əxlaqi-etik və estetik dəyərlərinə həsr olunmuşdur. Bu kitablardan uzun onilliklər dərslik və dərs vəsaiti kimi sistemli istifadə edilmiş, gənclərin mənəvi cəhətdən sağlam böyüməsində, milli şüurun oyanışında müstəsna rol oynamışdır.

Mirzə Cəlalın ədəbi-ictimai fəaliyyətinin və yaradıcılığının mühüm bir istiqaməti onun jurnalistlik fəaliyyəti, mətbuat sahəsindəki müstəsna xidmətləridir. Onun “Həyat”, “İrşad”, “Tazə həyat”, “İttifaq”, “Hilal”, “Asari-həqiqət”, “Sədayi-həqq”, “Kavkaz” və b. qəzetlərdə “Mirzə Cəlal Yusifzadə”, “Mirzə Cəlal”, “Axund Cəlal”, “Cəlal Yusifi”, “Cəlal Qarabaği”, “Cəlal”, “M.Cəlal”, “M.C.”, “C.Y”, “C”, “M.Kavkazi” və digər imzalarla çıxış etmişdir. “Həqiqət”, “Günəş”, “Yeni həqiqət” qəzetlərində Üzeyir bəy Hacıbəyli ilə bərabər çalışmışdır. “Asari-həqiqət” qəzetinə (1911) redaktorluq etmişdir.

M.Ə.Rəsulzadə “Fərhad və Şirin” operası haqqında “İqbal” qəzetində çap etdirdiyi resenziyasında (1914, 20 yanvar) Mirzə Cəlal Yusifzadəni “münəvvər bir alim və vaseh məlumata sahib bir şərqşünas” adlandırırdı.

“Həqiqəti-əfkar”ın ilk sayının növbəti səhifələrində Seyid Hüseynin “Ehtiyacımız çoxdur” məqaləsi, Əliabbas Müznibin “Mənzumə”si, Ağababa Yusifzadənin “Bəndərcəz faciəsinin təfsilatı”, Qədir Heydərovun “İranda ixtişaş zühuru”, “Türkiyə - İtaliya müharibəsi”, teleqraf xəbərləri, “Hekayə, roman və hər cür oxumaq kitabları”nın siyahısı və digər yazılar verilmişdir. Axund Yusif Talıbzadə qəzetə təbrik məktubu, Məhəmməd Hənifə Zeynalov “İzhari-təşəkkür” göndərmiş, Gəncədən, Ağdamdan, Qaryagindən redaksiyaya informasiyalar ünvanlamışlar.

Azərbaycan pomantizminin görkəmli nümayəndəsi, şair, mütərcim Abbas Səhhətin “Həqiqəti-əfkar”da dörd nəzm nümunəsi işıq üzü görüb. Onlardan “Təcəddüd və tərəqqi” (1911, 24 dekabr, № 11) şeiri sonralar müəllifin kitablarına “Tərəqqi və təbiətin qanunu” adı ilə daxil edilmiş, digər üç əsəri - “Əndişeyi-rindanə”, “Rəddiye-rindanə” və “Cümlə qayğu” adlı şeirləri bu sətirlərin müəllifi tərəfindən ilk dəfə olaraq üzə çıxarılmış və çağdaş oxucu auditoriyasına təqdim edilmişdir. 

A.Səhhətin  şeirlərdən “Əndişeyi-rindanə” və “Rəddiye-rindanə”  hər biri dörd misradan ibarət olmaqla şairin ad və təxəllüsünün abreviaturası ilə – “A.S.” (ərəb qrafikası ilə “.ص .ع”) yarımgizli imzası, “Cümlə qayğu” isə “A.Səhhət” adı ilə dərc olunmuşdur. İlk iki şeir “Həqiqəti-əfkar” qəzetinin 3-cü və 5-ci saylarında işıq üzü görsə də, mövzu etibarilə bir-birinin davamıdır. Şair azadlıq uğrunda Rindin (Qorxmazın –A.R.) çarpışmalarını hər iki nəzm parçasında böyük ustalıqla, qabarıq vermişdir.


Əndişeyi-Rindanə


Qanımın hər qətrəsi səngi-cidal dəryasıdır,

Bən səhərdən şamədək bir bəhri pürqovğadəyəm.

Qəhri xilqət pəncəsində çırpınır ruh, iştə bən,

Bəndəyəm, bin kərə hər gün, bində istefadəyəm. 

* * * 

Rəddiye-Rindanə


Əhrimən qandan yaradılmaz, yaradır “sən” kibi,

Bəndeyi binlərlə bən də iştə bu dəvadəyəm.

Əhriman babında bağlı bəndələrdir qəhrkar,

Qəhrkarla çarpışırkən bən nasıl azadəyəm?

“Rəddiye-rindanə”nin son beyti şər qüvvələrlə mübarizənin, çarpışmanın amansız şiddətindən və geniş miqyasından xəbər verir. “Qəhrkarla çarpışırkən bən nasıl azadəyəm?” – bədii sualı müəllifin oxucusunu azadlıq haqqında dərindən, ciddi düşünməyə hesablanmış ədəbi ifadə tərzidir.

Abbas Səhhətin “Cümlə qayğu” əsəri isə əvvəlki iki şeirindən məzmun, ideya və həcm etibarilə fərqlənir. Bu mənzumə ruhu və üslubu etibarilə şairin “Təcəddüd və tərəqqi” şeirinə daha çox yaxındır.


Cümlə qayğu


Sakit nə sayaq durum? Mühitim,

Bir səneyi yas və matəm olmuş.

Xəlvət ki, bəzmi-vəsli-yarə,

Əğyar girib də məhrəm olmuş.

Yatmış, sürüylə çoban da yatmış,

Qurdlarla köpək də həmdəm olmuş. 


(“Həqiqəti-əfkar” qəz., 1911, 17 dekabr, № 10).

Şübhəsiz ki, A.Səhhətin bu şeirində də pomantizmə məxsus rəmzlər zamanın və mühitin ziddiyyətli məqamlarını qabardır, şairin şəxsi əhvali-ruhiyyəsini, düşdüyü çarəsiz durumu əks etdirir. Ədib yasa, matəmə, qaranlığa qərq olmuş mühitdən çıxış yolu arayır: “Sakit nə sayaq durum? Mühitim, / Bir səneyi yas və matəm olmuş” – deyə fəğan qoparır, qan-yaş tökür. Bu beytdə Abbas Səhhətin yaxın dostu, Azərbaycanın qüdrətli satirik şairi Mirzə Ələkbər Sabirin vəfatı ilə bağlı kədərli, müdhiş duruma da işarə etməsi ehtimalı güclüdür...

M.C.Yusifzadənin “Həqiqəti-əfkar” qəzetindən üzə çıxarılan yeni tapıntılarla sevimli şairimiz Abbas Səhhətin yığcam ədəbi-bədii irsinə daha üç əsər əlavə edilir. Ədibin indiyədək nəşr olunan kitablarına daxil edilməyən “Əndişeyi-rindanə”, “Rəddiye-rindanə” və “Cümlə qayğu” adlı naməlum şeirləri Abbas Səhhət yaradıcılığı üçün layiqli töhfə sayılacağı şübhə doğurmur. 

Dövrünün tanınmış şair, ədib və mühərrirlərindən Seyid Hüseyn, Əli Abbas Müznib, Məhəmməd Əli Manafzadə, Mirzə Rəhim Fəna, Cabbar Əsgərzadə Aciz, Nemət Bəsir, Səməd Mənsur, Hacı İbrahim Qasımov, Cəfər Cabbarzadə, Əli Yusifzadə və b. “Həqiqəti-əfkar” qəzeti ilə yaxından əməkdaşlıq etmiş, şeirləri, tərcümələri, publisistik əsərləri bu mətbuat orqanında dərc olunmuşdur. 

Mirzə Cəlalın bu qəzetdə yazıları “C”, “Cəlal”, “Həman”, “Özü”, “O özü”, “Bu özü”  imzaları ilə çap olunmuşdur. Qəzetin bir neçə sayında davam edən silsilə elmi-publisistik məqalələri “Əql ayinəsi”, “Şeiri-Mənsur”, “Bədaeyi əl-Ədəb”, “İnqilabi-elm” və s. sərlövhələr ilə çap edilmişdir. Qəzetdə “Bu özü” imzası ilə “Mənbəyi fəsad” hekayəsi çıxmış, “Zavallı madər”, “İntiqad”, “Yaxşı adamlar”, Biçarə madər”, “Gözəl iqdamat” felyetonları nəşr olunmuşdur.

Bundan əlavə, “Həftəlik xülasə”lər, xarici və daxili xəbərlər də Mirzə Cəlalın qələminə məxsusdur. Onun “C” imzası ilə təbiətə, qışın gəlişinə həsr etdiyi “Bərdəyə” adlı şeiri qəzetin 1911-ci il 28 noyabr tarixli sayında dərc edilmişdir. Realist düşüncəli şair qış fəslindən bir mənzərəni kədərli notlar üstündə təsvir etmişdir:

Qış zamanı yetişib, soldu çəmən,

Düşdü təfərrühi (fərəhli) səfadan gülşən,

Bülbül avarə düşüb gülşəndən,

Tutmaq istər yerini zağü-zəğən.

(1911, №7)

Əlbəttə, şairi qübarlandıran, kövrək fikirlərə qərq edən fəsil dəyişməsi, qışın gəlişi deyil, gözəllik, səfa mənbəyi olan çəmənin, gülşənin solması, bülbülün gülüstandan ayrı düşməsi, onun yerini qara qarğaların tutmaq həvəsində, arzusunda olmasıdır. Onun “Həqiqəti-əfkar”ın 10 dekabr tarixli 9-cu sayında Məhəmməd Füzuliyə həsr etdiyi “Təzmin” (Füzuli) adlı, “Ləblərində hökmü-həqq şiddətlə məcradır sənin” misrası ilə başlayan müxəmməsi deməyə əsas verir ki, müəllif klassik ədəbiyyatın, əruzun bütün bəhrlərinin sirlərinə mükəmməl yiyələnmiş, bu çətin biçimlərdə, janrlarda bədii düşüncələrini azad və sərbəst  ifadə etməyi ustalıqla bacarmışdır. Mirzə Cəlal bədii yaradıcılığının sonrakı mərhələlərində də Füzulidən iqtibaslar edərək dəyərli əsərlər yaratmışdır.

“Həqiqəti-əfkar”ın fəal iştirak edən ədib və mühərrirlərindən biri də görkəmli yazıçı və ədəbi tənqidçi Seyid Hüseyn Kazımoğludur. Qəzetin ilk sayında onun təhsilin, məktəbin ağır durumundan bəhs edən “Ehtiyacımız çoxdur” adlı məqaləsi verilmiş, fasilələrlə 7 nömrədə “Nəticələr” adlı felyetonu dərc olunmuşdur. İrihəcmli əsər mövzusunu Birinci Pun müharibəsindən (e.ə.264-241) Karfagenlə Qədim Roma arasında Sicilya uğrunda 23 illik mübarizədən almışdır. Müəllif “Troya” hadisələrinə də istinad edərək müharibə fəlakətlərinin və faciələrinin insan həyatına, sivilzasiyaya gətirdiyi ağır və eyni zamanda ibrətamiz nəticələrə diqqəti yönəltmişdir.

Əli Abbas Müznib satira jurnallarından “Molla Nəsrəddin”in “Dəyənək”, “Qamçı”, “Şallaq”, “Babyi-Əmir”in “Yumruq”, “Zənbur”un “Şapalaq” birbəndlik satirik dördlüklər ənənəsini “Həqiqəti-əfkar”a da gətirmişdir. O, sələflərinin yaradıcılıq metoduna uyğun olaraq qəzetin 1911-ci il 5 noyabr tarixli sayında “Yanğın” adlı satirasında yazırdı:


Əcnəbi ciddiyyət ilə milləti əsadına (xoşbəxtliyinə),

Qüvvəti elmü-fənnilə səy edib eylər təlaş.

Milləti-İslam isə şəxsi qərəzlə hər zaman,

Məslək icad eylüyüb izhar edər min ixtişaş.


Sabirin “əcnəbi”ləri ilə Müznibin “əcnəbi”ləri arasında təbii oxşarlıqla yanaşı, sadə bir fərq də mövcuddur; Sabirdə “Əcnəbilər seyrə balonlarla çıxır”sa, Müznibdə “Əcnəbi ciddiyyət ilə milləti əsadına”, xoşbəxtliyinə doğru elmin gücü, qüvvəti ilə səy edir. “Milləti-İslam” isə şəxsi qərəzlə, təriqət, firqə icad etməklə münaqişələr, ixtişaşlar törədir. Bu birbəndlik satirik şeir insanları, “milləti-islam”ı təhsilə, tərəqqiyə çağırır.

Mirzə Cəlal Yusifzadənin rəhbərliyi ilə “Həqiqəti-əfkar” qəzetinin 1911-ci ildə 11, 1912-ci ildə 8 sayı işıq üzü görmüşdür.  1912-ci il 25 fevral tarixli 8-ci  (cəmi 19) sayı qəzetin sonuncu nömrəsidir. Bu mətbuat orqanının nəşrini qəfil dayandırmasına səbəb Orta Asiyadan gələn nüfuzlu tacik ziyalılarının milli qəzet yaratmaq üçün Mirzə Cəlalı təkidli xahiş ilə Buxaraya dəvət etmələri olub.

Mirzə Cəlal Yusifzadə dəvəti məmnunluqla qəbul edir və onun Orta Asiyada tacik milli mətbuatının bünövrəsini qoyması, “Buxarayi-şərif” qəzetinin qurucusuna, baş redaktoruna çevrilməsi qürur hissi doğurur. 

Mirzə Cəlal Yusifzadə “Buxarayi-Şərif” qəzeti ilə tacik milli mətbuatının əsasını qoydu. “Buxarayi-Şərif”in ilk sayının işıq üzü gördüyü gün – 11 mart Tacikistan Prezidentinin sərəncamı ilə 1994-cü ildən Tacik Mətbuat Günü kimi qeyd edilir. 

Mirzə Cəlal Yusifzadənin həm Azərbaycan milli mətbuatı tarixində, həm də tacik milli jurnalistikasında göstərdiyi misilsiz xidmətlər unudulmazdır.


Asif RÜSTƏMLİ,

filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!