Qərbi Azərbaycan İcması bu gün yeni layihəyə start verib. “Qərbi Azərbaycanın tarixi abidələri: məktəblilərin gözü ilə” adlı layihə Azərbaycanın bütün regionlarını və ümumtəhsil məktəblərini əhatə edəcək.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli səsləndirib.
O bildirib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqına məxsus tarixi, dini və hərbi abidələrin öyrənilməsi, onların dünya ictimaiyyətinə çatdırılmasıdır.
“Bildiyiniz kimi, son 200 ildə həmin tarixi torpaqlara ermənilər köçürüldükdən sonra Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib. Bu abidələrin bir hissəsi tamamilə dağıdılaraq yer üzündən silinib. Xüsusilə müsəlman abidələri məqsədli şəkildə məhv edilib”.
Deputat qeyd edib ki, İslamaqədərki dövrə aid tarixi abidələrin mühüm hissəsi isə saxtalaşdırılaraq erməni mədəni irsi nümunələri kimi təqdim olunmağa çalışılır.
“Halbuki, ermənilərin həmin ərazilərə köçürülməsinin konkret tarixi var. Tarixi mənbələr, sənədlər, xəritələr, eləcə də orta əsr və Avropa səyyahlarının qeydləri həmin abidələrin Azərbaycan xalqına məxsus olduğunu açıq şəkildə sübut edir. Nə qədər saxtalaşdırmağa çalışsalar da, faktlar dəyişmir. Layihənin məqsədi yalnız tarixi abidələri öyrənmək deyil, həm də həmin irsə sahib çıxmaq və onun əsl tarixini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Abidələr həmin coğrafiyada tarix boyu hansı xalqın yaşadığını sübut edən ən mühüm faktorlardan biridir. Bu abidələr bir daha göstərir ki, həmin ərazilərdə əsrlər boyu Azərbaycan türkləri yaşayıblar. Ermənilərin bu abidələri dağıtmaq və ya saxtalaşdırmaqda əsas məqsədi isə həmin torpaqlarda guya qədimdən yaşadıqları barədə saxta təsəvvür formalaşdırmaq olub”, – deyə Ə.Ələkbərli bildirib.