Hər canlı, hər ağac, hər kol təbiətin vuran nəbzidir
Bu gün ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması bəşəriyyətin qarşısında duran ən vacib məsələlərdəndir. Sürətli sənayeləşmə, urbanizasiya və təbii ehtiyatlardan səmərəsiz istifadə Azərbaycanda ekoloji problemlərin yaranmasına səbəb olub. Xüsusilə hava, su və torpaq çirklənməsi, biomüxtəlifliyin azalması, eləcə də iqlim dəyişikliklərinin təsirləri ölkənin ekoloji vəziyyətinə ciddi təsir göstərir.
Ona görə də mövcud ekoloji problemlərin araşdırılması, onların yaranma səbəblərinin müəyyənləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda sənaye müəssisələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sayının artması, məişət tullantılarının düzgün idarə olunmaması və təbii ehtiyatlardan səmərəsiz istifadə ekoloji tarazlığı pozan faktorlar sırasındadır. Sirr deyil ki, neft-qaz sənayesinin uzun illər ərzində ətraf mühitə göstərdiyi mənfi təsirlər bəzi regionlarda torpaq və su ehtiyatlarının çirklənməsinə gətirib çıxarıb.
Ekoloji vəziyyətin real mənzərəsini müəyyənləşdirmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq monitorinq və müayinələr həyata keçirilir. Bu işlər sənaye müəssisələrinin, istehsal sahələrinin və digər təsərrüfat obyektlərinin ətraf mühitə təsirini qiymətləndirməyə, mövcud nöqsanları aşkar etməyə və ekoloji qanunvericiliyin tətbiqini yoxlamağa xidmət edir. Aparılan araşdırmalar göstərir ki, bir sıra müəssisələrdə ekoloji normalara tam əməl olunmur və bu hal su hövzələrinin, atmosfer havasının və torpaq ehtiyatlarının çirklənməsi ilə nəticələnir. Bu mənada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan müayinələrin nəticələri ölkədə ekoloji problemlərin miqyasını daha aydın şəkildə ortaya qoyur. Araşdırmaların nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi halları tədqiq olunan müəssisələrin 54,3 faizində qeydə alınıb. Atmosfer havasının çirkləndirilməsi ilə bağlı pozuntular müayinəyə cəlb olunmuş müəssisələrin 53 faizində aşkar edilib. Torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə aparılan yoxlamalar zamanı isə müəssisələrin 26,3 faizində tullantıların normadan artıq olduğu müəyyənləşdirilib.
Bu rəqəmlər ölkədə ekoloji normaların bir sıra müəssisələr tərəfindən kifayət qədər ciddi şəkildə yerinə yetirilmədiyini sübut edir. Xüsusilə su hövzələri və atmosfer havasının çirklənməsi üzrə yüksək faizlərin qeydə alınması ətraf mühit və insan sağlamlığı üçün ciddi risklər yaradır. Torpaq ehtiyatlarının zibillənməsi isə kənd təsərrüfatının davamlı inkişafına və ekosistemlərin qorunmasına mənfi təsir göstərir. Bu səbəbdən ekoloji nəzarətin gücləndirilməsi, pozuntuya yol verən müəssisələrə qarşı daha sərt tədbirlərin görülməsi və qabaqlayıcı mexanizmlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Təbii mühafizə qanunvericiliyinin pozulması rəsmi statistikada belə göstərilib: ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1319 nəfər vəzifəli şəxs və sıravi vətəndaşa 1614 manat məbləğində inzibati cərimə sanksiyası tətbiq edilib.
Sadalanan faktlar təbii mühafizə qanunvericiliyinin pozulmasının hələ də aktual problem olaraq qaldığını açıq şəkildə göstərir. İnzibati məsuliyyətə alınan şəxslərin bu qədər çox olması ekoloji qaydalara əməl edilməsində ciddi nöqsanların mövcudluğunu nümayiş etdirir. Tətbiq edilən cərimələr bir tərəfdən hüquqi mexanizmlərin işə salındığını təsdiqləsə də, digər tərəfdən qabaqlayıcı tədbirlərin və ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinin gərəkli olduğunu ortaya qoyur.
Qeyd edək ki, ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və çirklənmənin qarşısının alınması flora və faunanın qorunmasına xidmət edir. Bu da təbii mühitin sağlamlığının təmin edilməsində və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bitki və heyvan növlərinin mühafizəsi, onların təbii yaşayış yerlərinin qorunması, nəsli kəsilməkdə olan növlərin mühafizəsi bioloji müxtəlifliyin saxlanmasına və insan həyatının davamlı inkişafına xidmət edir. Azərbaycanda bir çox nadir və qorunan heyvan növü mövcuddur ki, təbii yaşayış mühitinin pozulması həmin canlılar üçün ciddi təhlükə yaradır. Bu baxımdan milli parkların və mühafizə edilən təbiət ərazilərinin yaradılması, həmçinin mövcud olanların qorunması böyük əhəmiyyət kəsb edir. Vətəndaşların və müəssisələrin məsuliyyətli davranışı, qanunvericiliyin gücləndirilməsi və ekoloji maarifləndirmə işlərinin aparılması da flora və faunanın qorunmasında əsas amillərdəndir.
Ötən ilin rəsmi statistik göstəriciləri Azərbaycanda ekoloji vəziyyətin və flora-faunanın qorunması sahəsindəki vəziyyəti daha dəqiq ortaya qoyur. Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamına əsasən, Qax, Samux və Yevlax rayonları ərazisində yerləşən Axar-Baxar və İlisu milli parklarının yaradılması təbiətə göstərilən diqqətin bariz nümunəsidir. 2026-cı ilin əvvəlinə ölkədə flora və faunanın qorunub saxlanması, eləcə də təkrar istehsalı məqsədilə ümumi sahəsi 103,3 min hektar olan 9 dövlət təbiət qoruğu, sahəsi 459,2 min hektar olan 12 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,6 faizini təşkil edir.
Təbiət yalnız ətraf mühit deyil, həm də canlıların evi, həyat mənbəyidir. Hər bir bitki və heyvan növü ekosistemin tarazlığını qorumaqda mühüm rol oynayır. Azərbaycanda nadir və mühafizə edilən növlərin mövcudluğu, onların təbii yaşayış mühitlərinin qorunması və xüsusi ərazilərin yaradılması təbiətin həyatını davam etdirmək üçün atılan vacib addımlardır. Dövlət səviyyəsində görülən tədbirlər və ekoloji proqramlar göstərir ki, flora və faunanın qorunması yalnız qanunla yox, həm də gələcək nəsillərə sağlam bir dünyanı miras qoymaq məqsədilə prioritet sahəyə çevrilib.
Amma bir gerçəklik də var ki, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətini tələb edir. Ekoloji problemlərin həlli üçün hər bir vətəndaşın təbiətə qarşı məsuliyyətli münasibət göstərməsi və davamlı inkişaf prinsiplərinə əməl etməsi vacib şərtdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"