Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr siyasi, iqtisadi və geostrateji əməkdaşlığın vacib nümunəsi kimi inkişaf edir. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan intensiv təmasları, müntəzəm səfərləri və qəbul olunan mühüm qərarlar bu münasibətləri türk dünyasında dinamik inkişaf edən tərəfdaşlıqlardan birinə çevirib.
Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin doğum günü münasibətilə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə ünvanladığı təbrikdə də ölkələrimiz arasında formalaşmış yüksək siyasi etimad və strateji tərəfdaşlıq xüsusi qeyd olunub. Telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. "Son illər qarşılıqlı dövlət səfərləri, beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər və Ali Dövlətlərarası Şuranın fəaliyyəti münasibətlərin institusional əsaslarını daha da gücləndirib. Nəticədə, iki ölkə arasında əməkdaşlıq geniş sahələri əhatə edir. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması isə əlaqələrin inkişafında tarixi mərhələ hesab olunur. Bu sənəd göstərir ki, Bakı və Daşkənd uzunmüddətli strateji maraqlarını uzlaşdıraraq regional və beynəlxalq məsələlərdə daha sıx koordinasiya etməyə hazırdır. Belə yanaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsinə də mühüm töhfə verir. Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanır. Bizim əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək", - deyə Nigar Məmmədova əlavə edib.
Deputat qeyd edib ki, Özbəkistan Azərbaycanı özünə ən yaxın ölkələrdən biri hesab edir. Bu, Özbəkistanın dövlət başçısı Ş.Mirziyoyev tərəfindən də dəfələrlə bəyan edilib. Ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı investisiyaların artırılması, birgə sənaye layihələrinin həyata keçirilməsi, Orta dəhliz və Trans-Xəzər nəqliyyat marşrutlarının inkişafı iki ölkənin iqtisadi maraqlarını daha da yaxınlaşdırır.
N.Məmmədova vurğulayıb ki, Azərbaycanın logistika imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi potensialının vəhdəti regionun yeni geoiqtisadi xəritəsində mühüm rol oynayır: "Yeri gəlmişkən, qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək də yüksəksəviyyəli münasibətlərin əyani ifadəsidir. Füzulidə məktəbin tikintisi, Xankəndidə fəaliyyət göstərən tikiş fabriki kimi birgə təşəbbüslər dostluğun konkret layihələrdə öz əksini tapdığını göstərir. Azərbaycan-Özbəkistan münasibətləri həm də türk dünyasının birliyinin və həmrəyliyinin nümunələrindən biridir. Bakı ilə Daşkənd arasında artan təmaslar, yeni iqtisadi layihələr və siyasi koordinasiya bütövlükdə türk dünyasının inkişafına, regional sabitliyə və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"