02 May 2024 08:25
132
İQTİSADİYYAT
A- A+

Əsl dost həm də şad gündə tanınır

 

Qardaş türk dövlətlərinin Qarabağın və Şərqi Zəngəzurun gənc nəslinə etdiyi hədiyyələr tarixdə qalacaq

 

Erməni vandallarının, sözün əsl mənasında, xarabalığa çevirdiyi Ağdam rayonunda yeni bir məktəb binası da tikilir. Xıdırlı kəndində inşa olunan bu məktəb dost və qardaş Qırgızıstanın düşmən tapdağından azad etdiyimiz ərazilərin bərpasına hədiyyəsidir. 
Məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qırğız Respublikasının bu yaxınlarda ölkəmizdə dövlət səfərində olan Prezidenti Sadır Japarovun da iştirak etməsi təqdirəlayiq bir ənənənin yarandığını təsdiqlədi. Belə ki, bu məktəb türk dünyasının daha bir ölkəsinin Qarabağda və Şərqi Zəngəzurda yaşayacaq gənc nəslin təlim-tərbiyəsinə, inkişafına xidmət edəcək obyektlərin tikintisinə dəstəyidir. Bundan əvvəl qardaş Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa edib. Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb isə qardaş Özbəkistanın töhfəsidir.
Maraqlı bir nüans diqqəti cəlb edir. Qazax, özbək və qırğız dostlarımız burada digər təyinatlı obyektlər də tikə bilərdilər. Məsələn, sənaye müəssisəsi, hotel, emalatxana və s. Ancaq onlar fəaliyyəti məhz sabaha yönələn təhsil müəssisəsi, inkişaf mərkəzi inşa etməyə üstünlük veriblər. Deməli, dostlarımız da əmindirlər ki, biz bu torpaqlarda əbədiyik. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizi buradan heç bir qüvvə tərpədə bilməz. Elə keçmiş məcburi köçkünlər də doğma yurd yerlərinə həmin ovqatla dönürlər: "Bundan belə buralarda bizə heç gözün üstündə qaşın var deyən də olmayacaq!" 
Təbii ki, bədxahlarımızın gözü bunları götürmür. Dostlarımız isə bizimlədir! Azərbaycan və Qırgızıstan prezidentlərinin Ağdam və Füzuli rayonlarına səfərləri ərəfəsində dövlətimizin başçısının dediyi kimi: "Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir".
Ağdamda tikiləcək məktəb haqqında məlumatdan əvvəl dostlarımızın digər iki hədiyyəsini də yada salaq.
Keçən ilin avqustunda Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi oldu. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə keçirildi. Özbəkistanın dövlət başçısı tərəfindən özbək xalqı adından hədiyyə olan bu məktəb 960 şagird yerlikdir. Məktəb üç hektar ərazini əhatə edir, binası iki mərtəbə və zirzəmidən ibarətdir. Burada 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Qarabağ torpağında ucalan bu məktəb indi Azərbaycan və Özbəkistan xalqları arasında həmrəyliyin, dostluğun, qardaşlığın daha bir nümunəsinə çevrilərək uğurla fəaliyyət göstərir. 
Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə iki ay əvvəl açılıb. Lakin doğma yurda dönən keçmiş məcburi köçkünlər tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin hələ də təəssüratı altındadırlar. Eləcə də uşaqlara hədiyyə edilmiş, üzərində "Balalar" yazılmış avtobus hamıya xoş təsir bağışlayıb. 
Qazaxıstan Prezidenti demişdir: "Bu mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən, "BI Group" özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq. Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir".
Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha bir rəmzinə çevrilən bu mərkəz gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına dəstək verməkdədir.
Qırğızıstanın töhfəsi - Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin tikintisinin isə ilin sonunda tamamlanması planlaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun məktəbin təməlini qoymaları əsl bayram təəssüratı bağışladı. Tədbirin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirildi.
Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Bir sözlə, bu da Azərbaycan və qırğız xalqları arasında dostluq və qardaşlığın daha bir nümunəsi olacaq.
Əbəs yerə deməyiblər ki, dost, qardaş hədiyyəsi həmişə əziz, dəyərli olar. Dostlarımızın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura hədiyyələrinin önəmi isə daha böyükdür. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video