2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar hadisə olmaqla, hüquqi dövlət quruculuğunun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, yalnız hüquqi və ideoloji simvol deyil, həm də ölkənin dövlət idarəçiliyi sistemində yeni bir strateji mərhələnin başlanğıcını simvolizə edir.
Prezidentin bu barədə sərəncamı dövlətin müstəqil inkişaf yolunda keçdiyi tarixi mərhələlərin nəticəsi olmaqla yanaşı, eyni zamanda idarəetmədə modernləşmə və transformasiyanın gücləndirilməsi zərurətindən irəli gəlir. Bu addım habelə ölkəmizin müstəqil dövlətçilik ənənələrinin gücləndirilməsinə, hüquqi dövlət prinsiplərinin daha da möhkəmləndirilməsinə, milli suverenliyin təbliği və qorunmasına yönəlmiş strateji yanaşmanın bariz ifadəsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi müəyyənləşdirilməsi həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəetməsinin siyasi-hüquqi təməl prinsiplərinə dönüşü simvolizə edən, milli dövlətçilik fəlsəfəsinin yenidən konseptuallaşdırılmasına xidmət edən mühüm bir təşəbbüsüdür. Bu qərar həm simvolik, həm də institusional səviyyədə ciddi nəticələr vəd edən bir mərhələnin başlan-ğıcıdır. Konstitusiya və suverenlik anlayışları milli iden-tiklik, hüquqi mədəniyyət, siyasi legitimlik və idarəetmə modelinin dayanıqlılığı kimi anlayışlarla qarşılıqlı əlaqə içində nəzərdən keçirildikdə, bu ilin tarixi və nəzəri əhəmiyyəti daha da aydın görünür.
Azərbaycan Konstitusiyası dövlətin hüquqi əsasını, idarəetmə sisteminin strukturunu və vətəndaşların hüquqlarını təmin edən başlıca sənəddir. Ümumiyyətlə, Konstitusiya hər bir hüquqi dövlətin struktur əsasını və normativ arxitekturasını təşkil edən ali hüquqi sənəddir. Konstitusiyanın modern hüquq sistemində əsas funksiyası normativ sabitliklə ictimai dinamikanın balanslaşdırılmasıdır. Belə ki, cəmiyyət inkişaf etdikcə hüquqi çərçivənin ona adekvat şəkildə çevik və mütərəqqi formada yenilənməsi vacibdir. Bu baxımdan Konstitusiyada edilən dəyişikliklər dövlətin hüquqi sisteminin adaptasiya qabiliyyətini nümayiş etdirir. Azərbaycanda 1995-ci ildə qəbul olunmuş Konstitusiya yalnız bir hüquq məcəlləsi deyil, eyni zamanda milli suverenliyin siyasi və hüquqi deklarasiyası kimi çıxış etmişdir.
Ulu Öndər Heydər Əliyevin imzasını daşıyan və mütərəqqi yanaşmalarını özündə ehtiva edən Konstitusiya müstəqil Azərbaycanın hüquqi, siyasi və sosial həyatını müəyyənləşdirən strateji sənəddir. O, eyni zamanda dövlətin ərazi bütövlüyünü və suverenliyini konstitusion səviyyədə qoruyur. Dövlət suverenliyi hər bir xalqın öz taleyini müstəqil müəyyənetmə hüququnun təminatıdır. Azərbaycanın suverenliyi təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi, hüquqi, mədəni və informasiya sahələrində də özünü göstərən kompleks anlayışdır. Suverenlik anlayışı yalnız beynəlxalq hüquqda dövlətin müstəqil subyekt statusunu ifadə etmir, eyni zamanda daxili idarəetmədə normativ özünütənzimləmə, hüquqi müstəqillik, milli iqtisadi modelin formalaşdırılması və informasiya sahəsində də suveren qərarvermə imkanlarını özündə cəmləyir. Klassik beynəlxalq münasibətlər nəzəriyyəsində suverenlik “Westphalia sistemi”ndən bu yana dövlətçiliyin əsas atributu kimi qəbul edilir. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər yalnız ərazi bütövlüyünün deyil, həm də real suverenliyin bərpası aktı kimi qiymətləndirilə bilər. Bu hadisə konstitusion hüquqların faktiki təminatı və dövlətin suveren iradəsinin konkret geosiyasi nəticəyə çevrilməsi baxımından əlamətdardır.
Son illər regional və qlobal proseslər fonunda suverenliyin qorunması məsələsi daha da aktuallaşmışdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər ölkəmizin öz torpaqları üzərində tam suverenliyini bərpa etməsi ilə nəticələndi. Bu qələbə həm də konstitusion normaların real gücünü və dövlətin milli maraqlarını müdafiə etmək əzmini bir daha nümayiş etdirdi.
"Konstitusiya və Suverenlik İli" yalnız simvolik deyil, eyni zamanda praktik addımlarla müşayiət olunur. Dövlət idarəçiliyində aparılan islahatlar bu mərhələnin əsas mahiy-yətini təşkil edir. Hazırda ölkədə rəqəmsal idarəetməyə keçid, elektron xidmətlərin genişləndirilməsi, şəffaflıq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət orqanlarının fəaliyyətində vətəndaş məmnunluğunun əsas göstərici kimi qəbul olunması idarəetmədə humanist və vətəndaşyönümlü yanaşmanın formalaşmasına səbəb olmuşdur. Bununla yanaşı, dövlət qulluqçularının peşəkarlığının artırılması, gənc kadrların idarəetməyə cəlb olunması, regional idarəetmə strukturlarının təkmilləşdirilməsi də yeni mərhələnin əsas hədəflərindəndir. Dövlət idarəçiliyində “yeni mərhələ” dedikdə, yalnız texnoloji yenilənmələr yox, həm də idarəetmənin fəlsəfəsində və institutlararası münasibətlərdə keyfiyyət dəyişikliyi nəzərdə tutulur. Bu mərhələdə aşağıdakı aspektlər ön plana çıxır:
Əsas prioritetlərdən biri azad edilmiş torpaqlarda pilot idarəçilik modellərinin tətbiqi, reinteqrasiya proseslərinin gerşəkləşdirilməsi, lokal dövlət xidmətlərinin formalaşdırılması və yerli özünüidarə orqanlarının fəaliyyətinin tənzimlənməsidir. Eyni zamanda ölkədə rəqəmsal dövlət konsepsiyası çərçivəsində xidmətlərin elektronlaşdırılması, şəffaflıq və operativliyin təmin olunması üçün ciddi addımlar atılır. “MyGov” platforması və digər e-xidmət kanalları idarəçilikdə çevikliyi artırmaqla yanaşı, vətəndaş məmnuniyyətinin yüksəlməsinə səbəb olur. Son beş ildə rəqəmsallaşdırılmış xidmətlərin səviyyəsi 35 faizdən 90 faizə qədər artmışdır.
Dövlət xidmətlərinin rəqəmsallaşmasının illər üzrə göstəriciləri (faiz):

Dövlət qulluğu sahəsində də mühüm islahatlar həyata keçirilir. Yeni dövrün tələblərinə uyğun olaraq, dövlət qulluqçularının kompetensiyalarının inkişafı, peşəkar hazırlıq və təlim proqramları genişləndirilir, şəffaf seçim və qiymətləndirmə mexanizmləri tətbiq edilir. Dövlət qulluqçularının sosial təminatı və karyera inkişafı imkanları da genişləndirilir.
Konstitusional dəyərlərin sosial təzahürü də diqqət mərkəzindədir. İnsan hüquqları, gender bərabərliyi, hüquqi maarifləndirmə və ictimai iştirakçılıq kimi prinsiplər idarəçilikdə əsas dayaqlara çevrilmişdir. Bu həm cəmiyyətin hüquqi şüur səviyyəsinin yüksəlməsinə, həm də dövlət-vətəndaş münasibətlərinin daha sağlam əsaslar üzərində qurulmasına gətirib çıxarır. Xüsusilə aşağıdakı sahələrdə konstitusional prinsip və yanaşmaların aktuallığı diqqət çəkir:
• İnsan hüquq və azadlıqlarının təminatı;
• Gender bərabərliyi və sosial ədalət;
• Mədəniyyət və təhsil sahələrində milli kimliyin qorunması.
Hazırda qədəm qoyduğumuz yeni mərhələ dövlət idarəçiliyində strateji hədəflərin çərçivəsini də müəyyən edir. Yeni dövr idarəetmədə daha dinamik, sürətli qərarverici, cəmiyyətə açıq və şəffaf yanaşmalar tələb edir. Bu kontekstdə bir neçə istiqamət ön plana çıxır:
• Strategiya əsaslı idarəetmə – 2022–2026-cı illər üzrə milli inkişaf strategiyasında idarəetmənin məqsəd və nəticə yönümlülüyü vurğulanır.
• İnsan kapitalının önə çəkilməsi – dövlət qulluqçularının motivasiya sistemi yenilənir, təlim və tədris proqramları müasirləşdirilir.
• Süni intellekt və böyük verilər əsasında qərarların qəbulu – vətəndaşyönümlü xidmətlərin daha səmərəli təşkili.
Çağırışlar və onların idarəçilikdə strateji hədəflərlə uyğunluğu:

Bir sözlə, göründüyü kimi, “Konstitusiya və Suverenlik İli” yalnız retrospektiv bir baxış deyil, həm də gələcəyə ünvanlanan strateji çağırışdır. Bu çağırış idarəetmədə sabitliyi, davamlılığı və milli dəyərlərə əsaslanan inkişafı hədəfləyir. Əminliklə demək olar ki, bu mərhələ Azərbaycanın hüquqi dövlət quruculuğunun yeni keyfiyyət mərhələsidir. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi-siyasi inkişafı ilə idarəçilik islahatlarının sinxronlaşması baxımından unikal bir mərhələdir. Bu prosesin effektivliyini təmin etmək üçün aşağıdakı təkliflər aktuallıq kəsb edir:
1. İdarəetmədə yeni modelin – çevik, texnoloji əsaslı, iştirakçılıqyönümlü – tam tətbiqi.
2. Konstitusiya ilə bağlı təhsil və maarifləndirmə kampaniyalarının genişləndirilməsi.
3. Yeni idarəetmə kadrlarının hazırlanması üzrə ixtisasartırma proqramlarının gücləndirilməsi.
4. Regionlarda və azad olunmuş ərazilərdə lokal idarəçilik mexanizmlərinin təşviqi və təkmilləşdirilməsi.
Yekun olaraq, “Konstitusiya və Suverenlik İli” Azərbaycan Respublikasında dövlət idarəçiliyinin milli maraqlara və müasir çağırışlara uyğun şəkildə yenidən formatlanması üçün real fürsət pəncərəsi yaratmışdır. Bu fürsəti effektiv və uzunmüddətli institusional nailiyyətə çevirmək bizim dövlətçilik məsuliyyətimizdir.
Ziyafət HƏBİBOVA,
siyasi elmlər doktoru, professor