10 May 2024 10:40
250
İQTİSADİYYAT
A- A+

COP29 Azərbaycanın nailiyyətlərini dünyaya nümayiş etdirmək üçün növbəti fürsət olacaq

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi dünyada ölkəmizin ətraf mühitin qorunmasına və müxtəlif səviyyələrdə iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin mühüm göstəricisi kimi dəyərləndirilir.
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ilk addımlarından birini hələ 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə atıb. 2021-ci ildə isə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillik üçün hədəf kimi ölkənin sosial-iqtisadi inkişafının 5 əsas prioritetindən biri məhz "təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi" adlanır. 
Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını baza ili (1990-cı il) ilə müqayisədə 35, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı hədəfləyib. "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24, 2030-cu ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan edilib. İşğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərində ətraf mühitin mühafizəsi məsələsinə xüsusi önəm verilir. Belə ki, həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
"Yaşıl enerji" layihələrimiz uğurla gerçəkləşməkdədir. Ötən ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən "Qaradağ" Günəş-Elektrik Stansiyası müvəffəqiyyətlə istismara daxil oldu. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə birgə tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası da xüsusi əhəmiyyət daşıyır. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində qoyulub. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. 
Cəbrayıl rayonunda BP ilə tikiləcək "Şəfəq" Günəş-Elektrik Stansiyası isə təməlqoyma ərəfəsindədir. Bir neçə ay əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında təsis edilməsinə qərar verilən "SOCAR Green" MMC şirkətinin yaxın gələcəkdə bir sıra önəmli layihələr həyata keçirməsi də nəzərdə tutulur. "Masdar" şirkəti ilə birgə "Meqa" layihənin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi layihələrinin icrası planlaşdırılıb. Həmçinin "ACWA Power", "Masdar" və "Energy China" şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələri reallaşdırılacaq.
Qeyd edək ki, il yarım il əvvəl Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş" imzalanıb. Bu saziş Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu, o deməkdir ki, Azərbaycan gələcəkdə "yaşıl enerji"sinin bir hissəsini ixrac edəcək.
Ölkəmizin ekologiya, "yaşıl enerji" sahəsindəki bu və digər uğurları, eləcə də hədəfləri dünyanın diqqət mərkəzindədir. Bu baxımdan, müxtəlif ölkələrin vəzifəli şəxslərinin, görkəmli mütəxəssislərinin, media nümayəndələrinin Azərbaycanda keçiriləcək COP29-a marağı daha da artır. Məsələn, Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, "The Guardian" qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvi deyib ki, "Azərbaycan bu il daha bir mühüm tədbirə - COP29-a evsahibliyi edəcək. Biz hamımız artıq bu mühüm tədbirə hazırlaşırıq".
Rusiyalı iqtisadi ekspert, Arktika İctimai Elmlər Akademiyasının prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, texniki elmlər namizədi Arseni Mitko Azərbaycanın böyük "yaşıl enerji" potensialı olduğunu vurğulayır: "Günəş enerjisini demək olar ki, bütün ölkə ərazisində əldə etmək olar və külək enerjisindən istifadə baxımından ən perspektivli sahələr Xızı, Xəzər, Abşeron, Qobustan rayonları, eləcə də Bakı sayılır. Xəzər dənizində dəniz və külək stansiyalarının yaradılması ehtimalı var. Külək və günəş elektrik stansiyaları, emissiyaların azaldılması, meşələrin bərpası, elektrik və hidrogen nəqliyyatının inkişafı - bütün bunlar böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu məsələdə elektrik enerjisi istehsalının ənənəvi üsullarından ekoloji cəhətdən təmiz üsullara sürətli keçid mümkün deyil. Hesab edirəm ki, enerji mənbəyi kimi neft, qaz və kömür dərhal silinməyəcək. Onlar hələ də qalacaqlar, onlara ehtiyac davam edəcək. Ona görə də Azərbaycan ağlabatan proporsiya və real tempi saxlamaqla ənənəvi üsullardan yeni üsullara rəvan keçid strategiyasını qəbul edib". 
"BTP Advisers" şirkətinin icraçı direktoru Mark Pursey COP29-un Bakıda keçirilməsini Azərbaycanın "yaşıl enerji" sahəsində imkanlarını dünyaya nümayiş etdirməsi baxımından əla fürsət olduğunu deyib.
 NATO Baş katibinin İctimai diplomatiya məsələləri üzrə köməkçisinin müavini Karmen Romero "X" sosial şəbəkəsindəki hesabında fikirlərini belə bölüşüb: "Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm". 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video