23 Aprel 2024 09:05
292
Mədəniyyət
A- A+

Bütün dövrlərin mötəbər və zəngin qaynağı

 

23aprel dünya mədəniyyəti üçün çox mühüm bir gündür. Məlum olduğu kimi, UNESCO-nun 15 noyabr 1995-ci il tarixində keçirilmiş 28-ci sessiyasının qərarı ilə hər il aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi müəyyən edilib. O vaxtdan başlayaraq dünyanın ayrı-ayrı ölkələrində bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, simpoziumlar, seminarlar, "dəyirmi masa"lar keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar müasir dünyamızda kitaba və hər bir insanın əsas hüquqlarından olan müəlliflik hüququnun əhəmiyyətinə diqqət yönəltmək, maarifləndirmə səviyyəsini artırmaq üçündür.
Ölkəmizdə artıq 27-cı ildir ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən bu sahənin tanınmış beynəlxalq ekspertlərinin iştirakı ilə milli, regional və beynəlxalq konfranslar keçirilir. Əlamətdar gündə yaradıcılıq geniş təşviq olunur, mədəni ənənələrin inkişafı, dərk edilməsi və biliklərin yayılmasında kitabın ən böyük vasitə olduğu və müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd edilir. Görülən işlər geniş təhlil olunur, qarşıda duran yeni hədəflər müəyyənləşdirilir, bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və digər müvafiq beynəlxalq təşkilatlara məlumatlar göndərilir.
2009-cu ildən başlayaraq Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən təşkil olunan milli və beynəlxalq konfranslar erməni saxtakarlıqlarının ifşasına həsr olunur. 2016-cı ildən isə bu tədbirlər "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" devizi altında silsilə mövzular üzrə keçirilir.
Görkəmli alimlərin, tədqiqatçıların və tanınmış ictimai xadimlərin qatıldığı belə tədbirlərdə klassik mənbələr, tarixi sənədlər və faktlar əsasında ermənilərin maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə, eləcə də torpaqlarımıza olan iddialarının əsassızlığı göstərilir və erməni uydurmaları ifşa olunur.

 

Ümumdünya əqli mülkiyyət ailəsinin üzvü

 

Kitaba, yaradıcı insanların əqli mülkiyyət haqlarına böyük dəyər verən, bu sistemin yaranmasında və inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ötən illər ərzində respublikamızda kitab və müəlliflik hüququnun qorunması ilə bağlı fəaliyyətin effektiv təşkilati-hüquqi sistemi qurulmuş, beynəlxalq təcrübəyə əsasən qanunvericilik bazası təkmilləşdirilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyət həyatının digər mühüm sahələri kimi, bu sahəyə də diqqət və qayğısını əsirgəmir. Dövlət rəhbərimizin yaratdığı inkişaf mühiti, bu mühitdən gələn təşəbbüslər sayəsində yaradıcılıq geniş təşviq olunur. Mədəniyyət ənənələri möhkəmləndirilərək daha da inkişaf etdirilir. Biliklər müxtəlif formatlarda yazıya alınaraq sənədləşdirilir, nəsillərdən-nəsillərə ötürülür və bu prosesdə kitab yenə də ən mühüm mənbə kimi çıxış edir. Eyni zamanda Azərbaycanda yaradılmış çevik, işlək mexanizmlər, qurulmuş səmərəli beynəlxalq tərəfdaşlıqlar əsasında ölkəmizdə müəlliflik hüquqları ən yüksək səviyyədə qorunur.    
Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. Dünyanın, demək olar ki, bütün ölkələrinin bir araya gəldiyi bu təşkilat tərəfindən Azərbaycanın əqli mülkiyyət sahəsində əldə etdiyi uğurlar, onun "beynəlxalq əqli mülkiyyət ailəsi"nə verdiyi töhfələr, yenilikçiliyə dəstəyi, əqli mülkiyyətə müasir yanaşma metodologiyası və kreativliyi yüksək qiymətləndirilir. Agentliyin idarəetmə strukturlarının mobilliyi və çevikliyi, məsələlərin operativ icrası, qurumun yerli və beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun əqli mülkiyyət üzrə beynəlxalq ekspert kimi ÜƏMT-nin fəaliyyətinə cəlb olunması, qurumun assambleyalarının və komitələrinin işində fəal iştirakı da bu münasibətin göstəricisidir. 
Xatırladaq ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri əvvəllər, yəni 2019-2021-ci illərdə ÜƏMT-nin "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası Assambleyasının, 2022-ci ildə isə "ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi"nin Assambleyasının sədri seçilmişdi. 
2023-cü ilin 6-14 iyul tarixlərində Cenevrə şəhərində keçirilən ÜƏMT üzv-dövlətlərinin Assambleyalarının 64-cü sessiyasında ÜƏMT Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində K.İmanov yenidən 180-dək üzv dövləti birləşdirən ÜƏMT-in müəllif hüquqlarının qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası İttifaqı Assambleyasının sədri seçilib.
23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlər bütün digər cəhətləri ilə yanaşı, eyni zamanda Azərbaycanın müəllif-hüquq institutunun fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərin nəzərdən keçirilməsi, problemlərin həlli, qarşıdakı yeni strateji hədəflərin müəyyən edilməsi və bütün bunlar barədə beynəlxalq tərəfdaşların məlumatlandırılması baxımından da yaxşı bir imkandır.

 

Sosial-iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri

 

Müasir dünyamızda bir çox məsələlər kimi "əqli mülkiyyət" anlayışına da baxışlar dəyişməkdədir. Əgər uzun illər ərzində bu "fenomen" hüquq (yurisprudensiya) predmeti kimi nəzərdən keçirilirdisə, artıq müəlliflik hüququ məsələsi  iqtisadiyyat və sosiologiyanın vacib sahəsinə, ümumən sosial-iqtisadi inkişafın hərəkətverici qüvvələrindən birinə çevrilib. Tarixən də böyük yaradıcı yenilikləri, onların reallaşması və yayılması tendensiyalarını nəzərdən keçirsək görərik ki, yaradıcı adamlar daha çox ideyaları istehsal edirlər. Texnoloji məsələlərlə məşğul olanlar bu ideyaları məhsula çevirir, biznes isə onun istehlakçılara satılması ilə məşğul olur. Bu zəncirin hər bir həlqəsi sosial-iqtisadi nailiyyətlərdə müstəsna rol oynayır. Biri digərini irəli aparır, yaxud birinin zəifliyi ümumən bütün sistemin qırılmasına gətirib çıxarır. Belə bir şəraitdə əqli mülkiyyətin strukturu sadəcə xidməti sahə olmaqla məhdudlaşmamalı, bu sahə dəyər zəncirinin ən güclü bəndlərindən biri kimi daim özünü möhkəmləndirməlidir. Bu struktur yalnız qorunma sənədlərinin verilməsi ilə kifayətlənməməli və əqli mülkiyyətin qorunmasını təmin etməklə yanaşı, həm də analitik trendləri ölçən, bazarın rəqabət qabiliyyətinə təsir göstərən və qorunan obyektlərin sosial hissəsini təhlil edə bilən struktur olmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərindən irəli gələrək ölkəmizdə Əqli Mülkiyyət Agentliyinin yaradılması da bu sahənin müasir dünyanın çağırışlarına uyğun qurulması, daha mobil və çevik, məqsədyönlü struktur vasitəsilə idarə edilməsi, şəffaflığın, səmərəliliyin, hesabatlılığın təmin olunması niyyətindən irəli gəlir. 
Hazırda agentliyin tabeliyində üç mərkəz fəaliyyət göstərir. Bunlar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzidir. 
Respublika Elmi-Texniki Kitabxanası da agentliyin tabeliyində patent ədəbiyyatı, elm və texnika sahəsində ədəbiyyat, normativ-texniki sənədlər və digər sənədlərlə məlumat biblioqrafiya və kitabxana xidmətini həyata keçirən ixtisaslaşdırılmış qurum kimi fəaliyyət göstərir. Kitabxana elm sahəsinə və oxucu qruplarına görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisəsi olaraq  öz profili üzrə kitabxanalararası abonoment və metodik mərkəz funksiyasını yerinə yetirir. 
Bir neçə ildir ki, agentliyin nəzdində Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının filialı fəaliyyətə başlamışdır. Əqli mülkiyyət ixtisasına yiyələnmək istəyən tələbə və magistrlərin təhsili üçün agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar qurulmuşdur. 
Bundan başqa, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində ötən il daha bir uğurlu layihə həyata keçirilərək agentliyin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Əqli mülkiyyət" kafedrası yaradılmışdır. Hazırda universitetin müxtəlif fakültələrində 6 istiqamət üzrə agentliyin mütəxəssisləri tərəfindən əqli mülkiyyət fənni tədris olunur, o cümlədən 54 qrup üzrə 290 tələbəyə bakalavr və 517 tələbəyə magistr səviyyələrində 1613 saat dərs keçirilmişdir.
İnkişaf prosesləri təkcə struktur dəyişikliklərini, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini əhatə etmir, yeni yanaşmaların tətbiqi icra prosedurlarına da müsbət təsir göstərir. Müəllif hüquqları və əlaqəli hüquqların obyektlərinin qeydiyyatı prosedurları ilbəil daha da asanlaşdırılır. 
Keçən il 386 müəllifin (hüquq sahibinin) 713 əsəri qeydiyyatdan keçirilmiş (2022-ci illə müqayisədə 20 faiz çox) və əsərin qeydiyyatı haqqında 717 şəhadətnamə verilmişdir. Bu əsərlərin 626-sı "Elektron xidmət" bölməsi vasitəsilə qeydiyyatdan keçirilmişdir ki, bu da 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18 kompüter proqramı)  qeydiyyata alınmışdır.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2023-cü il 31 dekabr tarixinədək agentlikdə 15566 əsər və əlaqəli hüquqların obyektləri (bunlardan 1582 əsər "Elektron xidmət" bölməsi vasitəsilə) qeydiyyatdan keçirilmişdir.
2023-cü ildə dövlət reyestrində ixtiraya aid 103, faydalı modelə aid 36 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınmışdır. Hesabat dövründə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı 3862 olmuşdur. Əmtəə nişanına dair iddia sənədinin ekspertizasının bir ay müddətində, yəni sürətli aparılması üçün iddiaçılar tərəfindən 1474 vəsatət (2022-ci ildə 931) daxil olmuşdur. Sürətli ekspertizanın müddəti iddia sənədinin baxılmağa qəbul edildiyi tarixdən bir ay əvəzinə 15-20 günə endirilmişdir. 2023-cü ildə dövlət reyestrində 3145 əmtəə nişanı qeydiyyata alınmışdır (2022-ci ildə 2927). Onların 2541-i milli, 604-ü xarici fiziki və hüquqi şəxslərə məxsusdur. 
Coğrafi göstəricilərin dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınmışdır. Qarabağ bölgəsində işğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və genişmiqyaslı quruculuq işləri ilə bağlı bu ərazilərə aid coğrafi göstəricilərin qeydiyyata alınması istiqamətində işlər davam etdirilir. 
İxtiralar üzrə ekspertizanın müddəti ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda 2023-cü ildə də 8-9 ay müddətində aparılmış, MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu həyata keçirilmişdir.
Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin mahiyyət üzrə ekspertiza prosedurlarının müddəti də azaldılaraq orta hesabla 3 ay təşkil etmişdir (beynəlxalq təcrübədə 6-12 ay).

 

Azərbaycan beynəlxalq reytinqlərdə addım-addım irəliləyir

 

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə 2019-cu ildəki sonuncu Hesabatında (Hesabat həmin vaxtdan indiyədək qüvvədədir) Azərbaycan 141 ölkə arasında "əqli mülkiyyətin qorunması" göstəricisinə görə 30-cu yeri tutur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yerdədir, həmçinin bir çox Avropa ölkələrindən irəlidədir. Halbuki 2017-ci ildə ölkəmiz bu göstərici üzrə 71-ci, 2018-ci ildə isə 36-cı yerdə qərarlaşmışdı. 
Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü tədbirlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin davamlı olaraq möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, 132 ölkəni əhatə edən nüfuzlu "Qlobal İnnovasiya İndeksi (Qİİ) 2023 Hesabatı"nda Azərbaycan "İnnovativ resurslar" alt indeksi üzrə reytinqdə üç pillə irəliləyərək 76-cı yerdə qərarlaşmışdır. "Əqli fəaliyyət işçiləri" indikatoru üzrə 62-ci (ötən il 65-ci), innovasiya əlaqələri üzrə 48-ci yerdəyik (ötən il 56-cı); "biliklər və texnologiyaların nəticələri" blokunda ölkəmiz ixtiralar üzrə 63-cü (ötən il 71-ci), faydalı modellər üzrə 49-cu yerdədir. "Startapların dəyərləndirilməsi" indikatoruna görə Azərbaycan 48-ci yeri tutur. "Kreativ fəaliyyətin nəticələri" blokunun "qeyri-maddi aktivlər" istiqamətində "əmtəə nişanları" əqli mülkiyyət indikatoru üzrə 66-cı yeri tutaraq ötən illə müqayisədə tutduğu yeri 14 pillə yaxşılaşdırmışdır.  
2022-ci ilin yekunlarına görə müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı hazırda ölkənin ÜDM-nin 4,3 faizini təşkil edir və bu, inkişaf etmiş ölkələr səviyyəsində sayılır.  Payın miqdarı ölkənin ÜDM-nin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.
Kreativ sənaye dünya ölkələrinin, o cümlədən ölkəmizin ümumi iqtisadiyyatında mühüm rola malikdir. Hesabat dövründə müəllif hüququna əsaslanan (kreativ sənaye) 2023-cü ilin 1 yanvar tarixinə olan vəziyyətə görə milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəricilər təhlil edilmişdir. 2022-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 5730,3 mln. manat olmuşdur və 2021-ci illə müqayisədə dəyər baxımında mütləq artım 14,8 faiz təşkil edib. 
Məlumat üçün qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən ÜDM-də müəllif hüquqlarına əsaslanan sənayenin payının müəyyənləşdirilməsinə dair qəbul edilmiş metodiki tövsiyələrə müvafiq olaraq ölkənin kreativ sənaye sahələri  sahələr (bu sahə üzrə kreativ sənayenin payı 52,7 faiz təşkil edir), qarşılıqlı asılılıq münasibətlərində olan sahələr, müəllif hüququna qismən əsaslanan sahələr və köməkçi sahələr olmaqla dörd qrupda cəmləşir. 

 

Kitablar həqiqətə xidmət etməlidir, yaxud erməni yalanlarının ifşası

 

Əqli Mülkiyyət Agentliyinin mühüm fəaliyyət istiqamətlərindən biri də xalqımızın zəngin adət-ənənələrinin təbliği, nəsillərdən-nəsillərə qiymətli irs kimi ötürülmüş folklor nümunələrimizin və ənənəvi biliklərin hüquqi cəhətdən qorunması, mədəni irsimizin, xüsusən ermənilər  tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması, erməni saxtakarlığının beynəlxalq səviyyələrdə ifşasıdır. 2009-cu ildən başlayaraq hər il Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar təşkil olunan milli və beynəlxalq seminarlarda, konfranslarda bu məsələyə xüsusi diqqət ayrılır. 2016-cı ildən isə bu tədbirlər "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" adı altında silsilə mövzular üzrə keçirilməkdədir. Azərbaycandan və müxtəlif xarici ölkələrdən görkəmli alimlərin, tanınmış tədqiqatçıların iştirak etdiyi belə tədbirlər bir çox elmi həqiqətlərin üzə çıxarılmasına, ermənilərin maddi və qeyri-maddi mədəniyyət nümunələrimizlə, eləcə də tarixi torpaqlarımızla bağlı uydurmalarının ifşasına şərait yaradır. "Don bəzəyər də, ifşa edər də" seriyasından 7 adda kitab və broşür çapdan buraxılmışdır.  Ümumilikdə isə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə erməni saxtakarlığını və yalanlarını ifşa edən 20 addan çox kitab və broşüra nəşr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində çap olunmuş "Erməni yadelli nağılları", "Gəldim, gördüm, mənimsədim", "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı", "Erməni tarixi uydurmalarının tarixinə giriş", "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ", "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ", "Fövqəladə hallar, əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər və insan hüquqları", "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri", "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında", "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında",  "Qafqaz Albaniyası, onun sakinləri və işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlər" və s. kitablar, eləcə də digər yazılı vəsaitlər erməni mifologiyasının uydurmalığını sübuta yetirən müfəssəl mötəbər mənbələrdir.
 2022-ci ildə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında" vebinar keçirilmişdir. Müxtəlif formatlarda keçirilən konfranslarda hay-erməni saxtakarlıqları və uydurmaları, erməni mifomaniyası tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla beynəlxalq ekspertlər, tarixçi alimlər və tədqiqatçılar tərəfindən təkzib olunur. 
Bu silsilədən "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ötən il "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda keçirilmiş növbəti tədbirdə də  erməni saxtakarlıqları və uydurmaları bir daha tarixi mənbələr və sənədlər əsasında ifşa olundu. K.İmanovun müəllifi olduğu erməni yalanlarını, o cümlədən erməni ədəbi-mədəni oğurluqlarını (erməni plagiatçılığını) ifşa edən kitablar əsasında Azərbaycan Televiziyası 2022-ci ildə "Tarixin izi ilə" seriyasından "Zəngəzur tarixi faktlarla", "Toponimlər. Tarixi-mədəni irsimiz" və 2023-cü ildə "Keçmişin böyük yalanları. Armeniya və Hayastan" adlı televiziya filmləri   geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb. 
 Bu il aprelin 23-də "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" silsiləsindən növbəti tədbir Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbir "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" mövzusuna həsr olunur. 
Həyat yalan üzərində deyil, həqiqət üzərində qurulur. Bu, təkzibolunmaz bir gerçəklikdir. Yaşadığımız tarixi dövr isə miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür! Yalançı erməni miflərinin ifşası, eyni zamanda kitabın, müəllifliyin ali missiyasına xidmətdir. Çünki kitabın mahiyyətində həqiqət meyarı durur. Hər bir kitab doğruya xidmət etməlidir. Həqiqətə söykənməyən, gerçəkləri qələmə almayan müəllif bununla yalana çalışır, xalqlar və mədəniyyətlər arasında nifaq toxumu səpir, yeni münaqişələrin, insan faciələrinin əsasını qoyur. Bu isə yolverilməzdir və belə hallara qarşı mübarizə aparılmalıdır. 
Azərbaycanın amalı dünyaya sülhü, mədəniyyətlər arasında dialoqu, faydalı əməkdaşlığı, mənəvi idealları təbliğ etməkdir. Kitab isə bunun əsrlər boyu özünü doğrultmuş ən səmərəli vasitəsidir. Bu baxımdan Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün yaratdığı dəyərləndirmə imkanı ölkəmizdə məhz əqli mülkiyyət hüquqları ilə bağlı işlərin zamanın tələblərinə uyğun şəkildə yüksək səviyyədə qurulduğunu, davamlı şəkildə inkişaf etdirildiyini və başqaları üçün də nümunə yaratdığını göstərir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video