Bakıda Azərbaycan və Slovakiya arasında turizm əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar müzakirə olunub. Slovakiyanın mədəniyyəti, mətbəxi, şərabçılıq bölgələri və SPA turizmi Azərbaycanlı səyahətçilər üçün təqdim edilərkən, iki ölkəni birləşdirən yeni birbaşa hava marşrutunun bu əlaqələrə əlavə təkan verəcəyi vurğulanıb.
Bunlar Bakıda keçirilən Slovakiya-Azərbaycan Turizm və SPA Sektoru Forumu söylənilib. Tədbirdə hər iki ölkənin turizm sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, şirkət və biznes dairələrinin nümayəndələri iştirak ediblər. Forumun əsas gündəmində iki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı səfərlərin artırılması və biznes əlaqələrinin inkişaf etdirilməsi olub.
Slovakiya səfirliyinin birinci katibi Sona Krajcova bildirib ki, Azərbaycanla Slovakiya arasında yeni hava marşrutunun istifadəyə verilməsi münasibətlərdə yeni mərhələnin başlanğıcına çevrilə bilər. Onun sözlərinə görə, Slovakiyanın zəngin mədəniyyəti, qastronomiyası, slavyan mətbəxi, şərabçılıq bölgələri və qonaqpərvərliyi ölkəni turistlər üçün cəlbedici istiqamətlərdən birinə çevirir.
Yeni hava əlaqəsinin isə sadəcə iki şəhəri birləşdirməklə kifayətlənməyəcəyi, turizm səfərləri ilə yanaşı, mədəni mübadilə və humanitar əlaqələrin də genişlənməsinə imkan yaradacağı qeyd olunub. Forum çərçivəsində Slovakiyanın turizm imkanları təqdim edilib, həmçinin Azərbaycan və Slovakiya nümayəndələri arasında B2B görüşlər keçirilib. Görüşlərdə turizm şirkətləri arasında birbaşa əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirin diqqət çəkən mövzularından biri də Bakı-Bratislava birbaşa hava əlaqəsi olub. Qeyd edilib ki, oktyabrın 28-dən etibarən Bakı ilə Bratislava arasında başlayan uçuşlar üzrə turizm operatorları üçün xüsusi əməkdaşlıq imkanları yaradılıb. Belə ki, qrup biletlərinin alınması, eləcə də müntəzəm əməkdaşlıq çərçivəsində sabit qiymətlərlə bilet bronlaşdırılması imkanları təqdim olunur. Bu isə Slovakiyaya səyahəti planlaşdıran turistlər, eləcə də iki ölkə arasında turizm məhsulları formalaşdıran şirkətlər üçün yeni imkanlar deməkdir.
Forumun sonunda Azərbaycan və Slovakiya arasında turizm əməkdaşlığının daha da genişləndirilməsi, qarşılıqlı turist axınının artırılması və biznes əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bir sözlə, Bratislava ilə Bakı arasında məsafə artıq yalnız xəritədə ölçülməyəcək. Yeni hava xətti ilə bu iki şəhər turistlər üçün daha yaxın istiqamətə çevrilir.
“Azərbaycan"