Uranın zənginləşdirilməsi üzrə yeni zavodun tikintisi sayəsində Şimali Koreyanın nüvə silahlarının hazırlanmasında “çox əhəmiyyətli” irəliləyiş əldə etdiyi ehtimal olunur. Ölkə əsas müəssisədə fəaliyyətini gücləndirib.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü ABEA-nın baş direktoru Rafael Qrossi bildirib.
“Reuters” agentliyinin məlumatına görə, uranın zənginləşdirilməsi alternativ və mütəxəssislərin fikrincə, nüvə reaktorundan çıxarılan sərf olunmuş plutoniumun təkrar emalı ilə yanaşı, silah kateqoriyalı materialların istehsalının daha təsirli bir yolu ola bilər.
Seulda çıxış edən Rafael Qrossi, həmçinin 5 meqavatlıq reaktorda nüvə yanacağının təkrar emalı zavodunda, yüngül su reaktorunda və Şimali Koreyanın Yonbyon nüvə kompleksindəki digər obyektlərdə aktivliyin kəskin artdığını təsdiqləyib.
O əlavə edib ki, Şimali Koreyanın nüvə proqramında onlarla döyüş başlığının olduğu təxmin edilir. Baş direktor bu barədə mətbuat konfransında yüngül su reaktorunun işləməsi və Yonbyondan başqa digər obyektlərin istifadəyə verilməsi kimi aktivlik əlamətlərinə istinad edərək bildirib.
“Bütün bunlar Şimali Koreyanın nüvə silahı istehsalı imkanlarının çox əhəmiyyətli dərəcədə artdığını göstərir”, -deyə Qrossi qeyd edib.
Nəzarət orqanının nümayəndəsinin sözlərinə görə, Yonbyondakı uranın zənginləşdirilməsi obyektlərinə bənzər yeni bir obyektin tikintisi müşahidə edilib və zahiri xüsusiyyətlərin təhlili bu potensialın əhəmiyyətli dərəcədə artdığını göstərib.
Qrossi vurğulayıb: “Nüvə silahlarına keçid heç bir ölkənin təhlükəsizliyini yaxşılaşdırmayacaq, əksinə, onların daha çox yayılmasına səbəb ola bilər”.