13 Mart 2014 07:03
251
SİYASƏT
A- A+

Beynəlxalq hüququn prinsiplərinin icrasına yenidən baxılmasına ehtiyac varmı?

Son günlər nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət başçılarının, dünyanın aparıcı siyasi təsisatlarının gündəmindəki başlıca məsələ Ukraynadakı böhranın həlli yollarının axtarışı istiqamətində çağırışlardır. Qərbin müxtəlif səviyyəli məmurlarının bəyanatlarında əsas mövzu beynəlxalq hüquq prinsiplərinin, xüsusilə dövlətin ərazi bütövlüyünün qorunmasıdır.

Bu mənada, beynəlxalq siyasətdə hazırkı prinsipin prioritet kimi qəbul edilməsi söz yox ki, alqışlanmalıdır. Bununla belə, son vaxtlar dünya ictimaiyyətinin beynəlxalq standartlara yanaşmasında ayrı-seçkiliyə yol verməsinə də rast gəlirik. Əlbəttə, gec verilmiş olsa da, bu qərar dünya ictimaiyyətinin beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını göstərir.
Beynəlxalq hüququn və onun prinsiplərinin qorunması dünya siyasətində sabitliyin təmin olunması nöqteyi-nəzərindən çox vacibdir. Bunu nəzərə alsaq, son bəyanatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin mövqeyinə təsiri də gözləniləndir. Çünki sərhədlərin toxunulmazlığı beynəlxalq sabitliyin qorunmasının baza prinsiplərindəndir və tərəflər arasında konstruktiv dialoqun mümkünlüyünü təmin edir.
İyirmi beş ildən çoxdur sürən münaqişə dövründə biz dəfələrlə beynəlxalq təşkilatları siyasi iradə nümayiş etdirməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə cəhd göstərməyə çağırmışıq. Bəli, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra sənədlər qəbul ediblər. Lakin biz bununla yanaşı, həqiqəti nəzərə almayanların susaraq baş yırğalamaları, riyakar münasibətləri, “dünya siyasəti ağır işdir” deyərək çiyinlərini çəkmələri ilə də qarşılaşmışıq. Eyni zamanda, ərazi bütövlüyü prinsiplərini insan haqları ilə bağlı hazırladıqları illik hesabatlarında indi xatırlayan bəzi Avratlantik strukturların “Azərbaycan torpaqlarının işğalı” və “işğalçı” kimi terminləri “hamarladıqlarının” da az şahidi olmamışıq. Bu, dəfələrlə baş verib, baxmayaraq ki, belə yanaşma həm dünya ictimaiyyətinin, həm də həmin təşkilatların təmsil etdiyi dövlətlərin rəsmi mövqeyinə zidd olub.
Bir halda beynəlxalq hüququn hətta bir neçə prinsipinin pozulmasını qəbul edib susmağı, digər halda isə bu prinsiplərin aliliyinin müdafiəsinə qalxmağı necə başa düşək? Göründüyü kimi, ortaya təəccüb doğuran yanaşma fərqi çıxır – əgər birinci halda beynəlxalq hüququn prinsipləri heç yazıldığı vərəqlərə də dəymirsə, ikincidə tamam başqa mənzərədir.
Heç kim üçün sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi humanitar fəlakət kimi bu gün kifayət qədər ciddi təhlükədir. Bu, çoxlu sayda qaçqın və məcburi köçkünün, zərər çəkmiş dinc əhalinin təhlükəsizliyinə, həmçinin regional və beynəlxalq təhlükəsizliyə də böyük təhdiddir. Buna baxmayaraq, danışıqlar prosesinin bütün tarixi boyunca Azərbaycan dəfələrlə onu tutduğu ədalətli mövqedən çəkinməyə vadar etməyə çalışan bir sıra beynəlxalq strukturların təzyiq cəhdləri ilə üzləşib.
Zamanında belə cəhdlərin qarşısını müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev alıb. Çoxsaylı nümunələrdən biri kimi 1996-cı ilin dekabrında Lissabonda ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının görüşündəki cəhdləri göstərmək olar. Milli maraqların önə çəkilməsi və qorunması prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, dövlət başçısının dünya arenasının geosiyasi və geoiqtisadi “tektonik” aktivliyi şəraitində gündəlik fəaliyyətinin bir hissəsidir.
ATƏT-in vasitəçilik missiyasının 20 ildən çoxdur davam edən fəaliyyətinin nəticə verməməsinə baxmayaraq, Azərbaycan bu gün də münaqişənin sülh yolu ilə konstruktiv həllinin tərəfdarıdır və Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilməsi istiqamətində danışıqları davam etdirmək niyyətindədir. Lakin bu da həqiqətdir ki, bir halda ərazi bütövlüyünə əsaslanaraq yekdil mövqe nümayiş etdirən, digər halda isə illərlə susan nüfuzlu beynəlxalq təşkilatların açıq-aşkar ayrı-seçkiliyi, ikili standartı Azərbaycanın beynəlxalq qurumlara ümidini və inamını zədələyir.
Ermənistanın təcavüzündən əziyyət çəkən ölkə kimi biz yaxşı başa düşürük ki, “nə sülh, nə müharibə” vəziyyətinin, mövcud status-kvonun saxlanması Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi, müstəqilliyi, həmçinin inkişafına birbaşa təhlükədir. İnanmaq istərdik ki, dünya ictimaiyyəti bu narahatedici faktı da başa düşür.
Gözlərini nədənsə ancaq bu gün açıb beynəlxalq hüququn prinsiplərini görən şəxslərə və təşkilatlara xatırlatmaq yerinə düşər ki, beynəlxalq hüquq universal xarakter daşıyır və beynəlxalq münasibətlərin əsas meyarıdır. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi açıq-aşkar göstərir ki, bir prinsipin pozulması digərinin də yerinə yetirilməməsinə, təcavüzkar Ermənistanın cəzalandırılmaması fikrinin yaranmasına səbəb olur və bununla da “Pandora mücrüsü”nün açılmasına gətirib çıxarır.
O zaman sual yaranır: Bəlkə, beynəlxalq münasibətlər sisteminin dəyərlərinin yenidən qiymətləndirilməsinə ehtiyac var?

Elnur Aslanov
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video