24 Aprel 2024 19:14
284
İQTİSADİYYAT
A- A+

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

 

Başqırdıstanın coğrafi şəraiti və təbiəti kənd təsərrüfatının inkişafı üçün olduqca münbit şərait yaradıb və biz də bu imkanlardan səmərəli istifadə edirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı Başqırdıstan hökumətinin baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib.

O bildirib ki, Rusiyanın iqtisadi cəhətdən inkişaf etmiş subyektlərindən biri olan Başqırdıstan son 3 ildə kənd təsərrüfatı məhsulları istehsalını rekord həddə artırıb.

“Bunun üçün də biz yeni tərəfdaşlar və bazarlar axtarırıq. Bu gün Azərbaycan öz inkişafının yüksək mərhələsinə qədəm qoyub və bu ölkənin idxal-ixrac potensialı böyükdür. Başqırdıstan ildə 1 milyon ton süd istehsal edir. Yeni texnologiyaların tətbiqi ilə 1 il saxlama müddəti olan 3 növdə pendir istehsal edirik. Daxili bazarla yanaşı, bu məhsulu Çin, Hindistan, Əlcəzair, Əfqanıstan və Orta Asiya respublikalarına ixrac edirik. Azərbaycana da keyfiyyətli süd və süd məhsulları ixrac etmək istiqamətində hazırda danışıqlar aparırıq. Bununla yanaşı, ət və ət məhsulları, quş əti ixracı imkanlarımız var. Bizim Azərbaycan ilə olan ticarət dövriyyəmiz iqtisadi potensialımıza uyğun deyil. Azərbaycan ilə Başqırdıstanın iqtisadi potensialı imkan verir ki, ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatları daha böyük həcmlərdə həyata keçirilsin”, - deyə İlşat Fazraxmanov vurğulayıb.

Nazir müavini əlavə edib ki, ötən 2023-cü ildə 400 min dollar həcmində məhsul ixrac olunub ki, bu da kifayət qədər deyil: “Cari ilin 1-ci kvartalında Başqırdıstandan Azərbaycana 8 ton buğda unu, 1 ton bal və 100 ton ət məhsulları ixrac olunub. Azərbaycandan Başqırdıstana isə 22 min ton şərab idxal olunub. Bundan başqa, meyvə-tərəvəz, meyvə şirəsi, tikinti materialları da çox az həcmdə idxal olunub”.

Nazir müavini onu da qeyd edib ki, Bakıda keçirilən biznes-forum çərçivəsində azərbaycanlı iş adamları ilə modern üsulla su quşlarının inkubasiya yolu ilə artırılması, kəsilib satışa çıxarılması üçün birgə müəssisənin yaradılması istiqamətində danışıqlar aparılır.

“Bu işdə ilk növbədə yumurta inkubasiyası həyata keçirilir. Aprel və may aylarında yumurtadan çıxan quşlar çöl şəraitində saxlanılır. Bunun üçün Azərbaycanın çox gözəl təbii şəraiti var. Bu layihə əsasən kənd yerləri üçün nəzərdə tutulub. Böyük biznes olmasa da kəndlilərin sosial vəziyyətini yaxşılaşdırır, alıcıları dadlı quş əti ilə təmin edir. İnkubasiyada yumurtadan asılı olaraq qaz, ördək, hind quşu da yetişdirilir”, - deyə İlşat Fazraxmanov bildirib.

Başqırdıstanın baş nazirinin müavini qeyd edib ki, Azərbaycan ilə tranzit sahəsində də əməkdaşlıq əlaqələri var və bu əlaqələr genişlənməkdədir: “Başqırdıstanda istehsal olunan bitki yağları, dənli-paxlalı bitkilər, buğda unu, ət məhsulları və digər mallar məhz Azərbaycan ərazisindən tranzit olaraq İrana ixrac olunur. Əks istiqamətdə isə yük avtomobilləri tikinti materialları, sitrus meyvələr, balıq və başqa mallar gətirirlər. Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib. Azərbaycan ilə gələcək əməkdaşlıq inkişaf istiqamətində davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video