Prezident İlham Əliyevin prinsipial mövqeyi Cənubi Qafqazda sülh gündəliyini əsas prioritetə çevirib
Prezident İlham Əliyevin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində oynadığı mühüm rolun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi kimi dəyərləndirilməlidir. Təbriklərə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-müraciətində vurğulayıb ki, "biz sülh, təhlükəsizlik, rifah və sabitlik üçün atılan bütün təşəbbüsləri səmimi qəlbdən dəstəkləyirik". O, həmçinin Prezident İlham Əliyevin cəsarətli addımlarının sülhün təmin olunmasında mühüm rol oynadığını qeyd etmişdir.
Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif onlayn yayımlanan mesajında Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ilə bağlı demişdir: "Biz Prezident İlham Əliyevin müdrik və dinamik rəhbərliyi altında Azərbaycanın diqqətəlayiq nailiyyətlərini qürurla alqışlayırıq. Bu saziş yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcıdır".
"Zayed İnsan Qardaşlığı Mükafatı" yalnız humanizm və qardaşlıq ideyalarının təbliği ilə seçilən şəxslərə verilir. Azərbaycan Prezidentinin bu ali mükafata layiq görülməsi ölkəmizin postmünaqişə dövründə barışıq, dialoq və sabitlik xəttinə sadiqliyinin bariz göstəricisidir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, sülh gündəliyi əsas prioritetə çevrilib.
Azərbaycan hər zaman ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən sülh sazişinin imzalanmasının tərəfdarı olub. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüsləri ölkəmizin sülhə verdiyi praktiki töhfələrin göstəricisidir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mükafatlandırma mərasimində yayımlanan müraciətində sülh prosesini "tarixi əhəmiyyətli dönüş nöqtəsi" adlandıraraq, "sülhə doğru irəliləyiş göstərir ki, hətta uzunmüddətli münaqişələr də dialoq, məsuliyyət və təmkinlə həll oluna bilər" kimi yüksək dəyərləndirib.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın sülh sazişi kontekstində təqdim olunması onu göstərir ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi artıq regional çərçivədən çıxaraq qlobal miqyasda sülh modeli kimi qəbul edilir. Bu, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin humanitar diplomatiya və sülh təşəbbüslərinə verdiyi önəmin təzahürüdür.
Bu mükafat Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən uzaqgörən siyasətin, xalqlar arasında düşmənçilik deyil, əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin formalaşdırılmasına xidmət edən strategiyanın beynəlxalq səviyyədə təsdiqidir. Əminliklə demək olar ki, bu qiymətləndirmə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması yolunda əlavə stimul yaradacaq və regionun gələcək inkişafına mühüm töhfə verəcək.
Azərbaycan və Ermənistan siyasi liderlərinin son 6 ay ərzində ikinci dəfə BƏƏ-nin paytaxtı Əbu-Dabidə görüşməsi dövlətlərarası normallaşma prosesinin ardıcıl və davamlı xarakter aldığını göstərir. Bu görüşlər təkcə siyasi dialoqun davamı deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş konkret addımların atıldığını nümayiş etdirir.
2025-ci ilin iyununda baş tutan I Əbu-Dabi görüşü tarixi Vaşinqton razılaşmalarına gedən yolun həlledici mərhələsi kimi yadda qaldı. Bu il fevralın 4-də baş tutan II Əbu-Dabi görüşü isə tərəflərin sülh gündəliyinə və normallaşdırma prosesinə sadiqliyini bir daha ortaya qoydu. Liderlərin verdiyi mesajlar göstərir ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri üzrə irəliləyiş mövcuddur. Eyni zamanda iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi regional inteqrasiyanın əsas sütunlarından biri kimi özünü təsdiqləyir.
Dövlətlərarası normallaşma prosesinin yalnız diplomatik təmaslarla məhdudlaşmaması və real iqtisadi əlaqələr üzərində qurulması prosesin geridönməz olduğunu bir daha təsdiqləyir.
Bunu atılan praktik addımlar da sübut edir. Azərbaycan yanacağının Ermənistana göndərilməsi, eləcə də ölkəmiz üzərindən tranzit yolu ilə Qazaxıstan və Rusiyadan taxıl məhsullarının Ermənistana çatdırılması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu, regionda qarşılıqlı asılılığın formalaşmasına və iqtisadi maraqların sülhün qorunmasına xidmət etməsinə zəmin yaradır. Bundan əlavə, vətəndaş cəmiyyətləri arasında dialoqun təşviqi də etimad quruculuğunun mühüm elementi kimi dəyərləndirilir.
Əldə olunan razılaşmalar göstərir ki, Bakı və İrəvan münasibətlərin normallaşdırılmasını üçüncü tərəfin vasitəçiliyi olmadan davam etdirmək iqtidarındadırlar. Ən önəmli mesajlardan biri prosesin birbaşa dialoq əsasında aparılmasının mümkünlüyüdür. Hər iki ölkə postmünaqişə mərhələsində öz resurslarına və siyasi iradəsinə güvənərək prinsipial siyasət yürüdür.
Ermənistanın konstitusiyasında müvafiq dəyişiklik etməklə sülh müqaviləsinə mane olan son hüquqi əngəli aradan qaldıracağına ümidlər getdikcə artır. Bu addım nə qədər tez atılarsa, yaxın perspektivdə sülh sazişinin imzalanması da bir o qədər tez reallaşar.
Əbu-Dabi görüşləri regional kommunikasiya layihələrinin, o cümlədən yeni nəqliyyat marşrutlarının reallaşdırılması üçün də mühüm impuls yaradır. Bu isə ümumilikdə Cənubi Qafqazın iqtisadi xəritəsini köklü şəkildə dəyişmək potensialını özündə ehtiva edir.
Rizvan NƏBİYEV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru