Bu il Bakı Türkoloji Qurultayının 100 illiyi qeyd olunur. 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay təkcə elmi hadisə deyil, Türk dünyasının tarixi taleyinə istiqamət verən sivilizasiya dönüş nöqtəsi idi. Türk dövlətləri arasında ortaq əlifba məsələsinin gündəmin mərkəzində olduğu bir vaxtda Bakı Türkoloji Qurultayının 100 illiyinin keçirilməsi tarixi məsuliyyətlə strateji fürsətin kəsişdiyi nadir məqamlardandır. Çünki əlifba sadəcə yazı sistemi deyil, düşüncə tərzinin, mədəni yaddaşın və sivilizasiya kimliyinin daşıyıcısıdır. Ortaq əlifba ortaq dilin formalaşmasına, ortaq dil ortaq mədəni şüurun yaranmasına, ortaq mədəni şüur isə ortaq gələcəyin inşasına aparan əsas strateji xətdir. Bu baxımdan Bakı Türkoloji Qurultayı ortaq əlifba ideyasının tarixi və mənəvi legitimliyini möhkəmləndirən əsas platformaya çevrilir.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
O bildirib ki, ortaq əlifba, ortaq dil, ortaq tarix və ortaq sivilizasiya anlayışları 2026-cı ildə keçiriləcək Bakı Türkoloji Qurultayında yeni mərhələyə qədəm qoyacaq. Bu Qurultay mədəni və dil məsələlərinin nəzəri müzakirəsindən institusional qərarlara keçidin intellektual bazasını formalaşdıracaq.
“2026-cı il Bakı Türkoloji Qurultayı türk xalqları üçün ortaq gələcəyin inşasına xidmət edən tarixi platforma olacaq. Qurultaydan sonra ortaq təhsil proqramlarının, vahid elmi mərkəzlərin, akademik mübadilələrin və gənc nəsillər arasında mədəni inteqrasiyanın daha da güclənməsi üçün real zəmin yaranacaq. Zaman keçdikcə bu proses Türk dünyasında siyasi, iqtisadi və strateji davranış birliyini də dərinləşdirəcək. Çünki ortaq düşüncə formalaşmadan ortaq siyasi iradə mümkün deyil”, - deyə Səlçuk Karakılıç deyib.
Onun sözlərinə görə, gələcəkdə Türk dünyasının birliyinin dayanıqlı şəkildə möhkəmlənməsi üçün humanitar inteqrasiyanın dərinləşdirilməsi həlledici əhəmiyyət daşıyır. Dil, təhsil, elm və mədəniyyət sahələrində ortaq siyasət formalaşdırılmadan siyasi və iqtisadi inteqrasiya uzunömürlü ola bilməz. Bu baxımdan Bakı Türkoloji Qurultayı ortaq dərsliklərin hazırlanması, vahid terminoloji bazanın yaradılması, türk dillərinin rəqəmsal məkanda koordinasiyalı inkişafı üçün strateji qərarların qəbul olunduğu mərkəzə çevrilməlidir.
“Nəticə etibarilə, Bakı Türkoloji Qurultayı Türk dünyasının keçmişdən gələcəyə uzanan yolunda strateji mərhələdir. Bu Qurultaydan doğan ideyalar və qərarlar həyata keçdikcə, Türk dünyası parçalanmış coğrafiya olmaqdan çıxaraq ortaq iradə, ortaq maraq və ortaq gələcək ətrafında birləşmiş güclü sivilizasiya məkanına çevriləcək. Azərbaycan isə bu tarixi prosesdə birləşdirən mərkəz, strateji ağıl və ideoloji lider kimi mövqeyini daha da möhkəmləndirəcək”, - deyə o əlavə edib.