02 May 2024 16:41
161
SİYASƏT
A- A+

Bakıda mədəni irsin mühafizəsində qanunvericiliyin rolu ilə bağlı parlamentlərarası konfrans keçirilib  

 

Mayın 2-də Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarası konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən tədbirin rəsmi açılış hissəsinə Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova sədrlik edib.

Konfransda parlamentlərarası əlaqələrin mədəniyyətlərarası dialoq istiqamətində mühüm rol oynadığı diqqətə çatdırılıb. Natiqlər sülh, dinc yanaşı yaşama, qarşılıqlı dialoq istiqamətində güclərin, imkanların birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Sahibə Qafarova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan və BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Azərbaycanın bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazandığını vurğulayan Milli Məclisin sədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biri olan Azərbaycanda təşkil edilən Forum çərçivəsində parlamentlərarası konfransın əhəmiyyəti böyükdür.

“Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Mədəni irs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb olunmasını tələb edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühüm rol oynayır”, - deyə Sahibə Qafarova vurğulayıb.

Mədəni irsin qorunmasında münaqişə və müharibələrin əsas təhlükə rolunu oynadığını diqqətə çatdıran Sahibə Qafarova bildirib ki, işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır.

Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir.

“Bakı Prosesi”nin beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verdiyini vurğulayan Əlcəzair Milli Şurasının sədri Ali Talibi Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək qiymətləndirb. O deyib: “Tədbirimiz çox mürəkkəb bir dövrdə keçirilir. Bakıya toplaşmaqda məqsədimiz sülhün və əmin-amanlığın təşviq olunmasıdır. Müxtəlif dinlərdən olan insanların qarşılıqlı anlaşma şəraitində yaşaması nəcib dəyərləri təcəssüm etdirir”.

Bakı konfransının mədəni irsin mühafizəsində qanunvericiliyin rolu istiqamətində töhfə verəcəyindən əminliyini ifadə edən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er parlament diplomatiyasının imkanlarından danışıb. Vurğulayıb ki, türk dövlətləri türk mədəniyyətinin varisləridir və əcdadlarımızın bizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur.

Beynəlxalq Parlamentlərarası Konqresin (IPC) Baş katibi Sitara Ayaz bildirib ki, Azərbaycan zəngin mədəni irsə malikdir. Cənubi Qafqazın gözəl diyarı olan bu ölkə qədim, həmçinin müasir Bakısı, Qız qalası, maraqlı landşaftı və ən əsası, xeyirxah insanları ilə diqqət çəkir.

Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsinin kifayət etmədiyini deyən IPC-nin Baş katibi vurğulayıb ki, bu məsələdə yerli icmalar, vətəndaş cəmiyyəti fəal olmalıdır.

Dünyada müxtəlif millətlər və ya xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunan Sitara Ayaz bildirib ki, Bakı platformasından çıxış edərək məqsədlərimizə doğru müəyyən mənada irəliləyə bilərik.

Sonra çıxış edən İraq parlamentinin Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi, Malayziya Parlamentinin sədri Muntanq Taqai, İtaliya parlamentinin vitse-prezidenti Corc More, Pakistanın parlament sədrinin müavini Seyid Qulam Mustafa Şah, Ukrayna Ali Radasının sədr müavini Olena Kondraiuk, Özbəkistan Milli Məclisinin sədr müavini Zohra İbrahimova, Asiya Parlamentlərarası Parlament Konqresinin (AİPA) Baş katibi Siti Rozaimeriyanty Dato Haji Abdul Rahman konfransın təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək, öz ölkələrinin təcrübələrini bölüşüblər, təkliflərini səsləndiriblər.

Parlamentlərarası konfrans öz işini plenar iclasla davam etdirib. İkinci hissəyə sədrliyi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa edib.

O, Azərbaycanın regionda və dünyada sülh təşəbbüsləri ilə çıxış etdiyini, hazırda Ermənistanla normallaşma istiqamətində yürütdüyü siyasətdən, atdığı addımlardan danışıb. Bildirib ki, Azərbaycan sivilizasiyaların Qərb və Şərq, İslam-xristian, İslam-yəhudi bölgüsünün əleyhinədir. Ölkəmizin tolerant ölkə olduğunu vurğulayan Komitə sədri Bakının mərkəzində erməni Qriqoryan kilsəsinin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Lakin Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə yüzlərlə məscid və mədəni irs nümunələri tamamilə məhv edilib”.

Azərbaycanı çox sevdiyini dilə gətirən İspaniya Senatının sabiq üzvü, Ramon Llull Universitetinin professoru Cordi Xusia Kosta deyib: “Azərbaycan qədim mədəni irsə malik, tarixi abidələrlə zəngin, xalçaları ilə məşhur olan bir ölkədir. Azərbaycan cəmiyyəti mədəni irsi təşviq etməklə və dəyərlərə hörmət bəsləməklə diqqət çəkir”.

Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı ötən dövrə nəzər salan italiyalı professor Azərbaycanın 2020-ci ildə Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etməsinin qürurverici olduğunu bildirib.

O, Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərində ötən il gördüklərindən məmnun qaldığını da qeyd edib.

Daha sonra Argetina, Belarus, Bosniya və Herseqovina, Rusiya, Moldova, Filippin, Mərakeş, Monteneqro, Serbiya, ABŞ, Tacikistan və Qətərdən olan parlamentarilər mədəni irsin mühafizəsində qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər, ölkələrinin təcrübələrinə diqqət çəkiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video