30 İyun 2026 15:12
246
CƏMİYYƏT
A- A+
Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

İyunun 30-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransa Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluq edib.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general leytenant Şərafət Həsənov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında təmasların İkinci Qarabağ müharibəsindən əvvəlki illərə təsadüf etdiyini, sonradan bu təmasların inkişaf etdirilərək əməkdaşlıq mərhələsinə çatdırıldığını bildirib. Qeyd edib ki, 2022-ci ilin aprelində Katrin Bombergerin rəhbərliyi ilə qurumun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı aparılmış müzakirələrin yekunu olaraq Dövlət Komissiyası və ICMP arasında itkin düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi sahəsində əməkdaşlığa dair Protokol imzalanıb. Həmin vaxtdan bəri əməkdaşlıq intensiv xarakter alıb. “Azərbaycanın aidiyyəti dövlət qurumlarının razılığı ilə 2023-cü ilin iyun ayında ICMP-nin Qiymətləndirmə missiyası Azərbaycana səfər edib və müvafiq hesabat hazırlayıb. Bu hesabat 2025-ci ilin mart ayında Bakı şəhərində təşkil olunmuş konfrans çərçivəsində Dövlət Komissiyasına təqdim edilib. Həmin tədbirdə də nümayəndə heyətinə ICMP-nin baş direktoru Katrin Bomberger rəhbərlik edib. Aparılmış müzakirələr və keçirilmiş görüşlər zamanı ICMP-nin nümayəndə heyəti tərəfindən qurumun axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə sahəsindəki imkanları və uğurları, maddi-texniki bazası, kadr potensialı və işlədiyi yeni elmi metodikalar barədə ətraflı məlumat verilib, qurum tərəfindən hazırlanmış elektron məlumat bazasının Azərbaycana təqdim edilməsi və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat bazasının idarə edilməsi müvafiq rəy və protokolların beynəlxalq standartlara uyğun tərtibi sahəsində təlimlərin keçirilməsinə hazır olduqları bildirilib. Respublikamıza səfərin, keçirilmiş görüşlərin və aparılmış müzakirələrin nəticəsi olaraq ICMP-nin itkin düşmüş şəxslər probleminin həllində, yeni texnologiyaların və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək verəcəyi və əməkdaşlığın davam etdirilməsi razılaşdırılaraq 2025-ci il üzrə “İş planı təklifi” hazırlanıb və icra edilib”, - deyə Ş.Həsənov diqqətə çatdırıb.


Sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinə dair təqdimat edilib.

Daha sonra çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev son illərdə həyata keçirilən tədbirlər, xüsusən də itkin-şəhidlərin şəxsiyyətinin eyniləşdirilərək dəfn mərasimlərinin təşkilinin bütün Azərbaycan vətəndaşlarında, o cümlədən itkin ailələrində böyük ümid hissi yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bu işlər məsuliyyət hissi və vicdanlı yanaşma ilə bərabər, ciddi maliyyə, maddi-texniki baza, müasir texnoloji vasitələrin və dəqiq səlahiyyət bölgüsünün tətbiqini tələb edir. Bildirilib ki, mina və partlamamış sursatlarla həddindən artıq çirklənmiş, mürəkkəb və sərt relyefli ərazilərdə, ağır hava şəraitində axtarış-qazıntı işləri aparan, həmçinin insan qalıqları ilə birbaşa təmasda olan komanda üzvlərinin əməyinin qiymətləndirilməsi, xüsusilə də onların sağlamlıqlarının qorunması vacib əhəmiyyət daşıyır.

Xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov çıxışında silahlı münaqişələr zamanı insanların itkin düşməsini yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətlərin yaddaşında dərin iz buraxan faciə olduğunu vurğulayıb. Deyib ki, BMT Baş katibinin 2025-ci ilin mayında təqdim etdiyi "Silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi" hesabatında dünyada çoxsaylı münaqişələrdə müşahidə edilən böyük insan tələfatının əsas səbəblərindən biri kimi beynəlxalq humanitar hüquqa hörmətin olmaması göstərilib. Bu reallıq bir daha təsdiq edir ki, itkin düşmüş şəxslər məsələsi yalnız milli gündəmin deyil, qlobal humanitar gündəmin də prioritet mövzularından biridir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlarda hər bir zabitin və əsgərin taleyinin real vaxt rejimində izlənildiyini, nizami ordu birləşmələrinin dəqiq plan üzrə hərəkət etdiyini, kəşfiyyat məlumatlarının gizli kanallarla əməliyyat qərargahlarına ötürüldüyünü və müasir raket-artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından istifadə olunmasının məsafəli döyüşləri mümkün etdiyini xatırladıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin (HTBİ) rəisi, tibb xidməti general mayoru Rüfət Əliyev çıxışında Ermənistanla Azərbaycan arasındakı münaqişədən uzun müddət keçdiyini və aşkarlanmış məzarlıqlardan götürülmüş sümük nümunələrinin xüsusilə ətraf mühit amilləri nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qaldığını qeyd edib. Bildirib ki, DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub. Qeyd edib ki, hazırda Genetik Araşdırmalar Mərkəzində CLİMS kompleks iş və idarəetmə proqramından istifadə olunur. Proqram bioloji materialların qəbulundan yekun rəyin verilənədək olan iş prosesini beynəlxalq ISO 17025 standartlarına uyğun idarə edən, mürəkkəb DNT profillərini analiz edərək DNT Məlumat Bankı ilə inteqrasiya rejimində və yüksək kibertəhlükəsizlik arxitekturasında rəqəmsallaşdıran kompleks proqram təminatıdır.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger çıxışında təşkilat tərəfindən Azərbaycana göstərilən dəstəkdən danışıb. Bildirib ki, bununla bağlı ilk məsələ əməkdaşlıq, ikincisi isə itkin düşmüş şəxslər məsələsinin həlli üçün müasir mexanizmlərin inkişaf etdirilməsidir.

“Əməkdaşlıq məsələsinə gəldikdə, ilk növbədə, dövlət daxilində əməkdaşlığın olması son dərəcə vacibdir. Azərbaycan nümunəsində görürük ki, bu məsələ ilə məşğul olmaq üçün itkin düşmüş şəxslər üzrə Dövlət Komissiyası yaradılıb və burada bu istiqamətdə fəaliyyət göstərən çoxsaylı dövlət qurumları, nazirliklər təmsil olunur. Fikrimizcə, belə bir institutun mövcudluğu son dərəcə əhəmiyyətlidir və dövlətlərin itkin düşmüş şəxslər məsələsinə necə yanaşmalı olduqlarının mühüm göstəricisidir. Çünki bu məsələ çoxşaxəli xarakter daşıyır və müxtəlif qurumlar arasında sıx əməkdaşlıq tələb edir. Bu baxımdan belə bir əməkdaşlığın mövcudluğunu görmək sevindiricidir”, - deyə K.Bomberger əlavə edib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov çıxışında Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyə qədər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edildiyini, 327 şəxsin qalıqlarının eyniləşdirildiyini, 226 şəhidin meyitinin ailələrinə təhvil verildiyini deyib. Ədalət Həsənov, eyni zamanda, diqqətə çatdırıb ki, bu il iyulun 1-də 3, 3-də isə digər 3 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxışında fiziki antropologiyanın çox vacib sahə olduğunu qeyd edib. O, Dövlət Komissiyanın xətti ilə çalışmağın gənclərimizin müəyyən biliklərə yiyələnmələrinə şərait yaratdığını bildirərək deyib: “Ölkəmizdə Genetik Araşdırmalar Mərkəzinin çox möhtəşəm laboratoriyası fəaliyyət göstərir. Amma bizim institut da, eyni zamanda, fiziki antropologiya sahəsində yeni laboratoriya yaratmağı planlaşdırır. Bu, insan qalıqlarının ilkin mərhələdə, qazıntı sahəsində aşkar olunan dövrdə həmin mühitdə araşdırılması sahəsidir”.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında uzun illər ərzində Azərbaycanın vətəndaş cəmiyyəti, insan hüquqları müdafiəçiləri, mina qurbanları, etnik təmizləmədən sağ çıxmış şəxslər və itkin düşmüş insanların ailələri beynəlxalq ictimaiyyətə sülhsevər və hüquqi əsaslara söykənən çağırışlarla müraciət etdiklərini qeyd edib. Bildirib ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Ermənistanı itkin düşmüş şəxslərin axtarışını asanlaşdırmaq məqsədilə kütləvi məzarlıqların yerləşdiyi əraziləri göstərən xəritələri Azərbaycana təqdim etməyə çağırıb. Bu baxımdan Beynəlxalq İtkin Şəxslər üzrə Komissiya (ICMP) ilə əməkdaşlıq və onun dəyərli təcrübə və ekspertizasından faydalanmaq xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ilin avqust ayında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Məcburi İtkin Düşmələr üzrə Komitəsinin (CED) Katibliyi ilə görüş keçiriblər. Görüş zamanı Azərbaycan nümayəndələri ölkəmizə qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərdən heç birinin Ermənistanda məsuliyyətə cəlb olunmamasından narahatlıqlarını ifadə ediblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova çıxışında bir çox ölkələrdə itkin düşmüş şəxslərin axtarışı, itkindüşmə hallarının qarşısının alınması və bu sahədə beynəlxalq iddiaların qaldırılması işinin itkin ailələrinin təsis etdiyi ictimai birliklər tərəfindən aparılması təcrübəsinin geniş yayıldığını bildirib. Qeyd edib ki, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən BMT-nin müvafiq təsisatları da bu tipli qeyri-hökumət təşkilatları ilə daimi məsləhətləşmələr aparır, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin humanitar, sosial və ictimai aspektləri ilə bağlı onların rəyinə önəm verir.

Sonda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov beynəlxalq konfransda bağlanış nitqi ilə çıxış edərək deyib: “Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir və bu sahəyə davamlı investisiyalar ayırır. Texnologiyaların digər mühüm üstünlüyü onların xəritələşdirmə imkanlarıdır. Bir gün ərzində onlar 45 kvadratkilometrdən artıq ərazinin ətraflı xəritəsini hazırlaya bilirlər. Bu, praktik baxımdan Ağdam kimi geniş ərazinin 1 və ya 1 neçə ay ərzində sistemli şəkildə tədqiq olunması deməkdir. İnanırıq ki, bu müasir texnologiya gələcək humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu texnologiya mütəxəssislərimizin təcrübə və peşəkarlığını tamamlayacaq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

Virgil van Deyk Niderlandın uğursuzluğunu şərh edib  

17:12
30 İyun

Şəxsiyyətləri müəyyənləşdirilən daha 6 itkin şəhid dəfn olunacaq

17:09
30 İyun

Süni intellekt və rəqəmsallaşma: yeni dövrün inkişaf konsepsiyası

16:55
30 İyun

TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Şuşa ilə tanış olublar

16:51
30 İyun

İran ABŞ ilə yekun danışıqlar üçün şərtini açıqlayıb

16:46
30 İyun

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq genişləndirilir

16:19
30 İyun

Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursu başlayıb

16:17
30 İyun

Qobustan və Şamaxı rayonlarında məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

16:13
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib - YENİLƏNİB

16:07
30 İyun

Kepbanov: Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi  

16:02
30 İyun

Agentlik: Bu il 3455 vətəndaşa evdə sosial xidmət göstərilib

16:01
30 İyun

DSX-nin Sürücülük Mərkəzi xidməti istifadəyə verilib

15:57
30 İyun

Bu günədək taxıl sahələrindən yığılan məhsulun həcmi açıqlanıb

15:46
30 İyun

TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün nəticələrinə dair Kommünike imzalanıb  

15:45
30 İyun

Orta Dəhlizlə yükdaşımalarının həcmi son altı ildə beş dəfə artıb

15:44
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!