13 İyul 2026 13:11
260
İQTİSADİYYAT
A- A+
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 20 il ötür

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 20 il ötür

İndiyədək BTC ilə 559 milyon tonadək azərbaycanmənşəli neft və kondensat ixrac olunub


Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan və Ulu Öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli, uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.

Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edən layihə - Bakı-Tbilisi-Ceyhan

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ulu Öndər bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

bp şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. Onun səhmdarları bp (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu Öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

BTC ilə nəql olunan xam neftin həcmi 4,7 milyard bareldən çoxdur

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. BTC ilə nəql olunan xam neftin ümumi həcmi 630 milyon tonu ötüb. Bütün bu həcmlər ümumilikdə 6271-dək tankerə yüklənərək Ceyhan terminalından təhlükəsiz şəkildə dünya bazarına yola salınıb.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barelə çatıb. 2017-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə təqribən 34 milyon ton, yəni 256 milyon barel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 333 tankerə yüklənib.

Cari ilin ilk 3 ayında BTC ilə təqribən 626 milyon ton və ya 4,7 milyon barel xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 6210 tankerə yüklənib.

Yanvar-may aylarında isə BTC ilə 8 milyon 107,3 min ton neft nəql olunub.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. 2013-cü ilin oktyabr ayından etibarən BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar sərf edilib.

Qeyd edək ki, cari il iyulun 1-dən BTC ixrac neft boru kəmərinin operatorluğu “bp Exploration (Caspian Sea) Limited” (bp) şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçib.

Hazırda “BTC Ko.”nun səhmdarları belədir: bp (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,9 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “TotalEnergies” (5 faiz), İTOÇU (3,4 faiz), ONGC Videş (3,1 faiz), “EksonMobil” (2,5 faiz) və İNPEKS (2,5 faiz) şirkətləridir.

Bakı-Tbilisi-Ceyhan boru kəməri region və Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir

Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yaranıb, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. BTC Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir. Kəmərin qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından bp, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə isə 34 düyümlüyədək azalır. Boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü kommunikasiya xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti sutkada 1 milyon bareldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün Ulu Öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!