Babək hünərli igid
Düşmənin yerləşdiyi strateji məkan - Xocavəndin Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlər gedir...
Döyüşçü yoldaşları kimi, Babək də var gücü ilə düşmənlə savaşaraq, snayper silahı ilə onları bir-bir “dənləyirdi”. Çox keçmədən qəhrəman oğullar bu qədim Azərbaycan yurdunu da işğaldan azad edərək üçrəngli bayrağımızı Hadrutda dalğalandırıb Zəfər sevincinə daha bir fəxarətli səhifə əlavə edirlər...
İşğal altında qalan torpaqlarımızın hər bir qarışı azad edildikcə Babək evlərinə zəng edir, ata-anasına xoş xəbərlər çatdırırdı. Cəbrayıl da, Zəngilan da, Qubadlı da işğaldan qurtulanda yerə-göyə sığmayan sevincini onlarla bölüşürdü.
Bu dəfə də ənənəni pozmamış, Xocavənddə düşmən üzərində qazandıqları qəti qələbədən sonra atasına zəng edərək onu muştuluqlamışdı. Daha sonra düşmən duyuq düşməsin deyə üstüörtülü də olsa, şadlıqla söyləmişdi ki, indi də Şuşanı azad etməyə gedirik. Lakin birdən Süleyman kişi telefonun digər ucunda ani səssizlik hiss etmiş, qısa aradan sonra isə oğlu Babəkin toxtaq səslə və aramla söylədiyi bu son sözlərini eşitmişdi...
- “Ata, oğlunla fəxr elə. Bir də söz ver ki, şəhid olsam, ağlamayacaqsan...”
89 düşmən əsgərini “İstiqlal”ı ilə məhv edən cəngavər
1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olan Babək Süleyman oğlu Mahmudlu ailənin yeganə oğul övladı idi. Hələ kiçik yaşlarından Babəkdə döyüşçü olmaq arzusu oyanmışdı. O, hər zaman Birinci Qarabağ müharibəsində iştirak etmiş qazi atasının şəkillərinə baxır, onun döyüş söhbətlərinə qulaq asır və böyüyəndə özünün də mütləq döyüşçü olacağıni söyləyirdi. Bir də hər zaman deyərdi ki, “ata, söz verirəm, bir gün mütləq torpaqlarımızı azad edib, bayrağımızı Şuşada dalğalandıracağıq”.
O, 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinfini başa vuraraq, Sumqayıt Texniki Kollecinə yol hərəkətinin təşkili ixtisası üzrə daxil olur və oranı bitirdikdən sonra hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə keçir. Hərbi xidməti bitirdikdən bir il sonra Babək döyüşçü olmaq arzusunun arxasınca gedərək yenidən hərbi sahəyə üz tutur.
O, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirir. Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik qazanır.
27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribat zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Naxçıvandan döyüş meydanına könüllü yollanan qəhrəman oğullarımızdan biri də Babək olur.
Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşçü əfsanəvi polkovnik Tehran Mənsimovun komandanlığı altında həyata keçirilən çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgər və zabitini “İstiqlal”ı ilə məhv edir. Ən böyük arzusu Şuşada bayrağımızı dalğalandırmaq olan peşəkar snayperçi Qarabağın taclı qalası uğrunda çətin döyüşlərə də böyük ruh yüksəkliyi, düşmənə qəzəb hissi ilə qatılır.
Babək Mahmudlu 31 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın igid övladı “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.
Babəkə söz vermişəm, ağlamayacam...
Babək şərəfli döyüş yolu keçir. O və döyüşçü yoldaşları Şuşanı azad etmək üçün kilometrlərlə dağlardan, dərələrdən, meşələrdən keçən çətin yolları qət edirlər. Ağır yüklə sıldırım qayalara dırmaşırlar, addımbaşı düşmən təhlükəsi ilə qarşılaşırlar, amma bütün maneələri dəf edərək qətiyyətlə irəliləyirlər. Hətta onlar Şuşa ətrafında 5 gün mühasirədə qalsalar da, düşmənə sinə gərib bu mühasirəni də uğurla yarıb çıxırlar. Lakin oktyabrın 31-də zirehli maşına oturub irəliləyərkən düşmən raketi ilə vurulurlar və Babək də orada şəhidlik zirvəsinə ucalır.
O, şəhid olanda polkovnik Tehran Mənsimov deyir ki, “mən sağ qolumu itirdim...”
Atası Süleyman kişi oğluna verdiyi sözünü tutur: “Babəklə son dəfə danışdıqdan sonra 6 gün ona zəng çatmadı. Qulağım səsdə idi, televizorun qarşısından çəkilmirdim. Bir gün rayona şəhid gəlmişdi, onu dəfn edirdik, bayrağımızı məzarın üzərinə sərmək istəyəndə gördüm ki, ürəyim möhkəm sancdı. Oradan çıxıb birbaşa evə gəldim. Bu vaxt bir neçə tanışım dalbadal zəng vurub məndən Babəki soruşdular. Ürəyimə nəsə damdı, həyətə çıxdım ki, bütün el-oba qapıya yığılıb...
Demə, oğlumun şəhidliyindən hamının xəbəri var imiş, təkcə mən bilmirmişəm...
Dağ boyda oğul itirən ata bu dərdə necə dözə bilər? Heç cür təsəllim yoxdur. Babək öz yoxluğu ilə sinəmə çalın-çarpaz dağ çəkib, qəlbimi yandırıb, amma ağlamıram, göz yaşlarımı ürəyimə axıdıram, axı balama söz vermişəm...”
“Ana, haqqını halal et, birdən şəhid olsam, qoy haqqın boynumda qalmasın...”
“1983-cü ildə və 1986-cı ildə Şuşaya sanatoriyaya getmişdim. Şuşanı qarış-qarış gəzmişdim, Cıdır düzündə olmuşdum, Vaqifin məqbərəsinə, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə baş çəkmişdim. Amma illər əvvəl xoş əhvalla gəzdiyim o torpaqda Babəkin şəhid olması məni yandırıb-tökür”, - qəhrəman şəhidimiz Babəkin anası Dürdanə xanım deyir bu sözləri və əlavə edir:
- Babək, döyüş meydanından mənə zəng vuranda deyirdi ki, “ana, haqqını halal et, birdən şəhid olsam, qoy haqqın boynumda qalmasın”. Bir də hər zaman deyirdi ki, “ana, söz verirəm, gəlib səni Kərbəla ziyarətinə aparacam...”
O, ömrünün bahar çağında cəbhəyə yollandı. Gənc ürəyindəki bütün istəklərini, niyyətlərini, ana-ata qarşısındakı övlad borclunu, könül yarı ilə bağlı arzularını ertələyərək döyüşlərə atıldı...
O, gələcək bütün arzularını yalnız müharibə bitəndən, torpaqlarımız azadlığına qovuşandan sonra gerçəkləşdirməyi düşünürdü...
Çünki Babək üçün öncə Vətən gəlirdi...
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!