1918-ci il may ayının 28-də Tiflisdə türk-müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi azərbaycanlıların ilk növbədə yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. Dünyəvi dövlət modelinə əsaslanan və milli dövlətçilik istiqamətində çoxsaylı işlər həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşmış, dövlət-din münasibətlərinin formalaşmasında, cəmiyyətin sosial-mədəni həyatında müsbət tendensiyaların bərqərar olmasında ciddi addımlar atmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman ruhaniliyinə dair siyasəti hələ istiqlal hərəkatı dövründə formalaşmağa başlamışdır. Milli hərəkatın liderlərinin islama münasibəti, müstəqil dövlətçiliyin ideoloji-mənəvi əsaslarından biri kimi islam dininə xüsusi önəm vermələri istiqlaliyyət elan olunandan sonrakı dövr üçün tutarlı zəmin yaratmışdı.
Cümhuriyyət dövründə ölkədə mövcud olan dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qəbul olunmuş və dövlət bayrağında rəmzləşdirilmişdir. Həmçinin modern islamın banisi Cəmaləddin Əfqaninin irəli sürdüyü ittihadçılıq ancaq islam dini konsepsiyası kimi qalmamış, Azərbaycanda yeni və fərqli motivlərlə zənginləşmiş və milli dünyagörüşlə çulğalaşmışdı. Üstəlik, bu ideyanın tərəfdarlarından olan Əli bəy Hüseynzadənin timsalında "Türkləşmək, islamlaşmaq və avropalaşmaq" ideyası Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında öz əksini tapmışdır.
Dünyəvi idarəçilik sistemi əsasında formalaşan Azərbaycan Cümhuriyyətinin xarici siyasətində həm islam, həm də xristian dövlətlərlə sülh, dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına önəm verilirdi. Məhəmməd Əmin Rəsulzadə yeni parlamentin çağırılması ilə bağlı 1918-ci il noyabr ayının 29-da "Bütün Azərbaycan əhalisinə" adlı "Müraciətnamə"sində bəyan etmişdir: "Bütün Azərbaycan vətəndaşları bilafərq millət və məzhəb bir vətənin övladlarıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər. Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə bittəbii Azərbaycanın türklərinə və müsəlman cəmaətinə düşəcəkdir. Onlar bu torpaq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar".
Müstəqilliyin ilk günlərindən etibarən hökumətin dini siyasətini həyata keçirmək məqsədilə müəyyən işlər görüldü. 1918-ci il iyun ayının 17-də Gəncədə təşkil olunan II hökumət kabinetində Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı. 1918-ci il sentyabrın 17-də hökumət Gəncədən Bakıya köçdükdən sonra - oktyabrın 6-da hökumət kabinetində dəyişiklik edilərək həmin nazirlik Sosial Təminat (Himayədarlıq) və Dini Etiqad Nazirliyi adlandırıldı. Musa bəy Rəfiyev isə nazir təyin olundu.
1918-ci il dekabr ayının 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinetini təşkil edərkən Himayədarlıq Nazirliyi müstəqil nazirlik kimi təsis olunmuş, dini etiqad məsələləri yenidən Xalq Maarifi Nazirliyinə həvalə olunaraq Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradılmış, Nəsib bəy Yusifbəyli nazir təyin edilmişdir. Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 22-də təşkil etdiyi dördüncü və beşinci hökumət kabinetlərində də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, nazir vəzifəsini dördüncü hökumət kabinetində Rəşid bəy Qaplanov, beşinci hökumət kabinetində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdir.
Ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşan Azərbaycan Cümhuriyyəti dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Dövlət idarəçiləri hesab edirdi ki, cəmiyyətdə siyasi və dini birliyin bərqərar olması üçün bu amilin əhəmiyyəti böyükdür.
İki ilə yaxın yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılmışdır. Doğrudur, bu qısa vaxt ərzində milli hökumət və parlament vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun tutduğu mövqe aydın idi. Belə ki, dövlətçilik tariximizdə ilk Ana Yasa aktı olan İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradır. Azərbaycan Xalq Cümhuriyyəti digər məsələlərdə olduğu kimi, vicdan azadlığı problemi sahəsində də demokratik mövqedə dayanaraq dinə biganə yanaşan, yaxud dini qəbul etməyənlərin cəzalandırılması və ya hüquqlarının məhdudlaşdırılması üçün tədbirlər görməmiş, əksinə, dindarlarla dinə inanmayan ateist vətəndaşların dinc, yanaşı yaşaması üçün şərait yaratmışdır. Hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürmüşdür. Dinindən və millətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarına eyni gözlə baxan M.Ə.Rəsulzadə qeyd edirdi: "Əgər Azərbaycanda milli hökumət möhkəmlənərsə, ölkədə istənilən müsbət ideyalar həyata keçəcəkdir".
Azərbaycan Cümhuriyyətinin dini sahədə həyata keçirdiyi ən önəmli tədbirlərindən biri də Tiflisdə fəaliyyət göstərən Güney Qafqaz ruhani idarələrinin Azərbaycana köçürülməsi oldu. Bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alan hökumət Güney Qafqaz ruhani idarələrinin müvəqqəti paytaxtı olan Gəncəyə köçürülməsini məqsədəuyğun hesab etdi. Hər iki ruhani idarəsinin rəhbəri Məhəmməd Pişnamazzadə və Müfti Mustafa Əfəndizadənin rəhbərlik etdiyi ruhani idarələri Xalq Maarifi və Dini Etiqad Nazirliyinin şeyxülislam və müftiyə ünvanlanmış 10 avqust 1918-ci il tarixli 13-14 saylı rəyinə əsasən, Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncəyə köçürüldülər.
Ruhani idarələri Gəncəyə köçürüldükdən sonra vahid dini idarənin yaradılması ideyası gündəliyə çıxarıldı. Vahid dini idarənin yaradılması təşəbbüsü ilə çıxış edən məhz ruhani idarələrin rəhbərləri idi. Azərbaycanın din xadimləri hökumətin mövqeyini gözləmədən hər iki ruhani idarəsinin birləşdirilməsi təşəbbüsü ilə çıxış etdilər. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki dini qurum "Məşixət-i İslamiyyə" ("Müsəlman Şeyxləri") adı altında vahid bir idarədə birləşdirildi. "Məşixət-i İslamiyyə"nin - vahid dini idarənin yaradılması Azərbaycanda dini məzhəb bölücülüyünə son qoymuş, rus siyasəti nəticəsində ayrı-ayrılıqda yaradılan, lazımi məqamda bir-birlərinə qarşı istifadə üçün nəzərdə tutulan bu məzhəb xarakterli idarələrin vahid islam prinsipləri əsasında fəaliyyəti istiqamətində addımlar atılmağa başlanmışdır.
1918-ci ilin oktyabrında Məhəmməd Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni məzhəb başçılarının yığıncağı çağırıldı. Müfti Hüseyn Qayıbzadənin 1917-ci ildə vəfatı həm də çar Rusiyasının dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il oktyabrın 30-da Şeyxülislamım imzası ilə hökumətə 367 nömrəli təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölümdən ibarət idi:
1. Azərbaycan Cümhuriyyəti hüdudları daxilində "Məşixət-i İslamiyyə" adı altında ruhani idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;
2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədilə birinə Şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;
3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;
4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədilə bizim də iştirakımızla fövqəladə yığıncaq çağırılsın.
Bu təkliflər içərisində bütün Qafqazı deyil, yalnız Azərbaycan Cümhuriyyəti ərazisini əhatə edən vahid dini idarənin təsis edilməsi və bu idarəyə bir nəfərin rəhbərlik etməsi təkliflərinin irəli sürülməsi dini-siyasi baxımdan olduqca əhəmiyyətli təşəbbüs idi. Çünki Azərbaycanın şimal bölgələri çar Rusiyası tərəfindən işğal olunduqdan (1828) sonrakı bütün dövrdə çar hakimiyyəti ruhaniliyin ərazi baxumından ümumqafqaz çərçivəsində təşkil olunmasına çalışmış və həmişə şiə və sünni məzhəblərinə başçılıq edənlərin statusu bərabər olaraq müsəlman dini idarəçiliyində ikili hakimiyyət mövcud olmuşdur. Bu idarəçilik sistemi də məzhəb təfriqələrinə yol açaraq çar Rusiyasının "parçala və hökm sür" müstəmləkə siyasətinə münbit zəmin yaratmışdır. Azərbaycan ruhani elitasının bu pozitiv təşəbbüsləri məzhəb ayrılıqlarından istifadə edərək, Qafqazda müsəlmanlar arasında düşmənçilik yaratmaq istəyən rus çarizminin siyasətinə son nöqtə qoymaq demək idi.
Ruhanilərin birinci təklifi cümhuriyyət hökuməti tərəfindən qəbul edilsə də, ölkədə olan mövcud dini vəziyyəti nəzərə alan hakimiyyət ruhani idarəyə bir nəfərin başçılıq etməsi təklifini məqbul hesab etmədi. Vahid idarəyə iki nəfərin - şiə şeyxülislam və sünni müftinin bərabər statusla həmsədriik etməsinə qərar verildi.
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra "Məşixət-i İslamiyyə"nin də Bakıya köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə əlaqədar 10 dekabr 1918-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri və şeyxülislamlıq vəzifəsindən istefa verdi. Sosial təminat və dini etiqad naziri Musa Rəfibəylinin sərəncamı ilə 48 yaşlı Axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə idarəsinin sədri və şeyxülislam təyin olundu. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu. Şeyxülislam Ağa Əlizadə bolşevik işğalından sonrakı dövrə qədər öz vəzifəsində qaldı. Müfti vəzifəsini isə onun müavini Mustafa Əfəndi Əfəndizadə apardı.
Göründüyü kimi, Azərbaycan Cümhuriyyətinin ölkə daxilində həyata keçirdiyi dini siyasəti bir tərəfdən dövlət-din münasibətlərinin tənzimlənməsində böyük rol oynamış, digər tərəfdən məzhəbçilik şüurunun aradan qalxmasında və cəmiyyətin sosial-mədəni həyatında istiqlalçılıq məfkurəsinin inkişafına şərait yaratmışdır.
Qeyd edək ki, əsrlər boyu Cənubi Qafqazda, o sıradan Azərbaycanda baş verən istiqlaliyyət savaşları və milli azadlıq hərəkatında islam dininin və müsəlman din xadimlərinin rolu böyük olmuşdur. Cümhuriyyət hökuməti bunu nəzərə alaraq, yarandığı ilk gündən Milli Ordu sıralarında əsgərlərin mənəvi-əxlaqi baxımdan ruhlandırılmasını təmin etmək məqsədilə orduda hərbi mollaların fəaliyyətini təmin etmişdir. Onlar həm dini mərasimlərin və ritualların icra edilməsinə rəhbərlik edir, həm də əldə silah əsgərlərlə çiyin-çiyinə döyüşürdülər. Hərbi mollalar hətta bolşevik işğalının ilk illərində də "qırmızı mollalar" adı altında fəaliyyət göstərmişdir.
Bu məsələyə xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti hərbi hissələrdə hərbi mollaların fəaliyyətini diqqətdə saxlayır, Hərbi Nazirlik və Məşixət İdarəsi daim hərbi mollalarla məşğul olurdular. Milli Orduda hərbi mollalara birbaşa rəhbərliyi Hərbi Nazirliyin Baş Hərbi Mollası həyata keçirirdi. Rəsmi sənədlərdə verilən məlumatlardan aydın olur ki, Cümhuriyyət dövründə Baş Hərbi Molla vəzifəsini Baratzadə adlı şəxs icra etmişdir.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Cümhuriyyət xadimləri öz mənəvi ideyalarına sadiq qalaraq milli və dünyəvi dəyərlərlə yanaşı, islam dininə də xüsusi önəm verirdilər. Cümhuriyyətin bayrağında milli və dünyəvi dəyərləri ifadə edən mavi və qırmızı rənglərlə yanaşı, islam dininin rəmzi olan yaşıl rəngin də əks olunması islam sivilizasiyasına verilən dəyərin bariz nümunəsi idi.
Cümhuriyyətin mövcud olduğu dövrdə islam dini, tolerant dəyərlər, vicdan azadlığı, qeyri-müsəlmanlara münasibətdə liberal münasibət dövlətin təməl dayaqlarından hesab olunsa da, dövlət sistemində din əqidə idi, lakin hakimiyyət deyildi. Dünyəvilik prinsipləri əsasında qurulan Cümhuriyyət idarəçiliyində dini qanunlar iştirak etməsə də, din dövlət tərəfindən himayə olunurdu. Bunun nəticəsi idi ki, Cümhuriyyət dövründə cəmiyyətin sosial-mədəni həyatında dini qarşıdurmalara və məzhəb ziddiyyətlərinə rast gəlinmirdi. Həmin dövr həmçinin cəmiyyətdə milli şüurun formalaşmasında, dövlət və din münasibətlərinin qurulmasında milli-demokratik ziyalıların elmi-nəzəri və ideoloji baxışlarının rolu böyük olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin ölkə daxilində həyata keçirdiyi dini siyasət bir tərəfdən dövlət-din münasibətlərinin tənzimlənməsində böyük rol oynamış, digər tərəfdən məzhəbçilik şüurunun aradan qalxmasında və cəmiyyətin sosial-mədəni həyatında istiqlalçılıq məfkurəsinin inkişafına şərait yaratmışdır.
Mübariz AÜALARLI,
AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent