04 May 2024 08:10
179
SİYASƏT
A- A+

Azərbaycan qibtə olunacaq inkişaf yolundadır

 

Bu, forum iştirakçılarının fikridir

 

Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa vurdu. Bakı Forumu mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və bu kimi digər məsələlərin müzakirəsi üçün geniş imkanlar yaratdı. Bu uğuru təmin edən Azərbaycan Prezidentinin siyasi iradə və dəstəyi, dünyada sülh və dialoq ideyasına sadiqliyidir. 
Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayaraq bu gün daha da inkişaf etdirir. Ölkəmizin uğurlu inkişafını şərtləndirən əsas səbəb də məhz Azərbaycan cəmiyyətinin sülhə, sabitliyə, həmrəyliyə, mədəni müxtəlifliyə və qarşılıqlı hörmətə hər zaman sadiq qalmasıdır. 
Dünyada baş verən gərgin proseslər fonunda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu parçalanmış keçmişdən ümumi ortaq gələcəyə aparan yol missiyasını çox uğurla həyata keçirməkdədir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq".
Forum iştirakçısı, Rusiya Xoreoqrafiya Akademiyasının rektoru Leonova Marina Konstantinovna bizimlə söhbətində dedi: "İllər öncə də Bakıda olmuşam. Bu, mənim Bakıya ikinci səfərimdir. İlk növbədə qeyd etmək istəyirəm ki, şəhəriniz öz gözəlliyi ilə məni heyran etdi. Ölkənizin qibtə olunacaq iqtisadi inkişafı bütün sahələrdə özünü göstərir. Etiraf edim ki, Bakının gözəlliyini görüb təəccüblənməmək mümkün deyil. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın siyasi həyatında baş verən çox mühüm hadisə hesab edirəm. Ümid edirəm ki, burada aparılan müzakirələr sülhə və parlaq gələcəyimizə çox böyük töhfə verəcək. Elə bu səbəbdən də hazırda daha çox parçalanmağa meyillənən dünyanı birləşdirməyə çalışan Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. İftixar duya bilərsiniz ki, dünyaya barış gətirmək istəyən və bunun üçün səylə çalışan bir lideriniz var. Ümid edirəm ki, burada aparılan müzakirələr dövlətlərarası qarşılıqlı anlaşma, mədəni münasibətlər, turizim, iqtisadi əməkdaşlıq sahələrinə də öz təsirini göstərəcək".
Belçikadan gəlmiş professor Riçard Ceyms söhbət zamanı dedi ki, bir neçə il bundan öncə məndən Azərbaycan haqqında soruşsaydılar, deməyə çox az sözüm olardı. Məsələn, bircə bunları deyə bilərdim ki, Azərbaycan Cənubi Qafqazda yerləşir. İllərdir ki, Ermənistanla aralarında müharibə gedir. Başqa heç nə. Amma indi Azərbaycan haqqında çox söz deyə bilərəm. İlk növbədə deyim ki, şəhəriniz, burada yaşayan insanlar çox gözəldirlər, mehribandırlar. Hamının üzü gülür. Belə gözəl insanlar haqqında uydurma məlumatlara inanmaq olmaz. Hesab edirəm ki, bu cür mehriban bir xalq başqa millətlərə pislik edə bilməz.
İlk növbədə Azərbaycanı mənə tanıtdırdığı üçün bu ölkənin Belçikadakı diplomatik korpusuna minnətdaram. Bir neçə il əvvəl məni səfirlikdə keçirilən şair İmadəddin Nəsimiyə həsr edilmiş tədbirə dəvət etmişdilər. Bu böyük söz adamının lirikası, fəlsəfi dünyası ilə tanışlıq mənim Azərbaycan xalqına olan diqqətimi artırdı. Sevinirəm ki, bu gün Bakıdayam. Silahların guruldadığı bir dünyaya sülh çağırışı edən bir ölkədə "Sülh və qlobal təhlükəsizlik" məsələsini müzakirə edən insanlarla bir aradayam. İnsanlar bir-birilə təmas qurmasalar, anlaşa bilməzlər. Dövlətinizin başçısı İlham Əliyev çox vacib bir missiya ilə məşğuldur. Xoşbəxtsiniz ki, ölkəniz dünyaya sülh, barış təklif edir. Müharibəyə deyil, dialoqa üstünlük verir. İndi anlayıram ki, niyə Azərbaycanın müharibədə qazandığı qələbə regiona sülh vəd edir. Çünkü lideriniz xaraktercə sülh, barış adamıdır". 
Pakistanın UNESCO-da səfiri Asim İftikhar Ahmad dedi ki, Azərbaycanla Pakistanın dostluq münasibətlərinin tarixi qədimdir: "Bu gün xalqlarımızı yalnız mədəni əlaqələr, adət-ənənələr, dostluq, tərəfdaşlıq münasibətləri birləşdirmir. Pakistanla Azərbaycan müttəfiq dövlətlərdir. Qürurvericidir ki, Azərbaycanın adı dünyada mövcud olan problemləri dialoq, qarşılıqlı anlaşma, sülh yolu ilə həll edən dövlət kimi tanınır. Beynəlxalq platformada biz bir neçə təşkilatda birlikdə iştirak edirik. Elə bu səbəbdən də bu gün Azərbaycanın beynəlxalq aləmdə qazandığı siyasi uğurları öz uğurumuz hesab edirik. 
Sevinə bilərsiniz ki, ölkəniz dünyada beynəlxalq tədbirlərin keçirilməsi üçün ən etibarlı məkan hesab edilir. Qazanılan uğurların çoxillik ardıcıl məntiqi siyasətin, gərgin əməyin nəticəsində əldə olunduğunu anlamaq o qədər də çətin deyil. Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ölkənizin məram və məqsədinin izahını verdi. Elə hesab edirəm ki, bu forumda müzakirə olunan məsələlər Azərbaycanın dünyaya təqdim etdiyi yeni sülh platformasıdır".
Türkiyə nümayəndə heyətinin üzvü Mehmet Ocal Oğuz deyir ki, dünyada qanlı müharibələrin getdiyi bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin müntəzəm surətdə dialoq, sülh, barış təklif edib yollar aramasını, 110 dövlətin nümayəndələrinin birgə iştirakı ilə müzakirələr aparmasını qardaş Azərbaycan dövlətinin uğuru hesab edir, Azərbaycanın beynəlxalq aləmdə öz mövqeyi, dəst-xəti ilə seçilən ölkə olduğu birmənalı qəbul olunur. Belə mötəbər məclislərə evsahibliyi ölkənizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycanın tutduğu mövqeyinə, qazandığı uğurlara çox sevinirik".
Avstraliyalı deputat, professor Riçard Ceyms Vilson bizimlə təəssüratlarını bölüşərkən xüsusi olaraq vurğuladı ki, yaxın günlərdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. "Ümid etmək olar ki, inkişaf etməkdə olan dostluq münasibətləri xalqlarımız və dövlətlərimiz arasında olan əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Dünyanın müxtəlif yerlərində insanların həyatına təhlükələr yarandığı, böyük şəhərlərin, insan məskənlərinin öldürücü silahlarla dağıdılıb viran edildiyi bir zamanda Azərbaycanın sülh və dialoq təklifini, bu mövzuda aparılan müzakirələri yalnız alqışlamaq olar. Bu, olduqca prinsipial, həm də cəsarətli mövqedir. 
Bu fakt özü deməyə əsas verir ki, Azərbaycan yalnız enerji daşıyıcılarını ixrac etdiyinə görə tanınmır. Həm də dünyada ardıcıl olaraq sülh ideyalarının təbliği və bu yöndə prinsipial mövqe sərgiləyən ölkə kimi qəbul edilir. Elə bu səbəbdəndir ki, dünyanın əksər dövlətləri ölkənizlə əməkdaşlığa can atır, ciddi əlaqələr qurmağa maraq göstərir.
Azərbaycanın 4 il müddətində 120 dövləti beynəlxalq platformada birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkənizin beynəlxalq miqyasda yüksək nüfuzunu təsdiq edir. Tərəddüd etmədən deyə bilərəm ki, ölkənizin təşəbbüsü ilə keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda müzakirələr dünyada sülhün bərpası üçün barışa doğru atılan çox ümidli bir addım olacaq". 
Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohammed Adil illərdir ki, Azərbaycanda fəaliyyət göstərdiyini və ölkəmizin inkişafına şahidlik etdiyini bildirdi: "Ölkənizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə artan nüfuzu dost olan bir ölkənin səfiri kimi məni çox sevindirir. Belə bir nüfuzlu tədbirin Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın artan nüfuzunun göstəricisi, eyni zamanda belə mötəbər beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübəsinin nəticəsidir. Ölkənizin İslam Oyunlarına evsahibliyi, 4 il müddətinə Qoşulmama Hərəkatına sədrlik etməsi, dost ölkələrə olan münasibəti göstərdi ki, Azərbaycan həm yaxşı təşkilatçı, həm də etibarlı tərəfdaşdır. Bu gün "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, noyabr ayında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsini dünya dövlətlərinin ölkənizin beynəlxalq aləmdə mövqeyinə verdikləri yüksək qiymət kimi də qəbul etmək lazımdır. Bu tədbirlərin belə yüksək səviyyədə təşkili sözsüz ki, bizi də məmnun edir".
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bizimlə söhbətində qeyd etdi ki, hazırda Mərakeşdə səfir olsam da, Mədəniyyət Nazirliyində çalışdığım illərdə forumun ilk təşkilatçılarından olub: "Bakı Prosesi"nin davamı olan bu forum Azərbaycanın dünya siyasi xəritəsində yerini müəyyən edir. Əgər birinci forumla bu gün keçirilən VI forumu müqayisə etsək, çox ciddi fərqin, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, söz sahibi olmasına şahidlik etmiş olarıq. Əlbəttə ki, bu, asanlıqla başa gəlməyib. Dövlətimizin apardığı ardıcıl siyasətin, Prezidentimizin ciddi səyi nəticəsində mümkün olub. Bu gün burada müzakirə olunan məsələ dünyanın daha çox ehtiyac duyduğu sülh və dialoqdur. Qürur duymalıyıq ki, bizim ölkəmiz dünyada sülhün, sabitliyin müzakirə olunduğu mərkəzə çevrilir". 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video