26 İyun – Azərbaycan Respublikasının Silahlı
Qüvvələri Günü xalqımızın qürur və iftixar mənbəyi olan Milli Ordumuzun keçdiyi
şərəfli inkişaf yoluna, qəhrəman əsgər və zabitlərimizin fədakarlığına, dövlətimizin
gücünü və qüdrətini təcəssüm etdirən Azərbaycan Ordusuna sonsuz ehtiramın ifadəsidir.
Müasir Azərbaycan Ordusunun formalaşması və
inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. Ulu
Öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra hərbi kadrların
hazırlanmasına xüsusi diqqət yetirilməsi, Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə
göndərilməsi gələcək müstəqil Azərbaycan Ordusunun təməlini təşkil etdi.
Təəssüf ki, 1992–1993-cü illərdə hakimiyyətdə
olmuş AXC-Müsavat iqtidarının yarıtmaz idarəçiliyi, dövlət maraqlarından daha
çox hakimiyyət və vəzifə çəkişmələrinə aludə olması ölkəni dərin siyasi və hərbi
böhranla üz-üzə qoymuşdu. Həmin dövrdə vahid komandanlığa əsaslanan nizami
ordunun yaradılmaması, müxtəlif silahlı dəstələrin ayrı-ayrı qüvvələrin nəzarəti
altında fəaliyyət göstərməsi Ermənistanın təcavüzünün daha da genişlənməsinə şərait
yaratmış, nəticədə torpaqlarımızın bir hissəsi erməni silahlı qüvvələri tərəfindən
işğal olunmuşdu.
Belə bir ağır və taleyüklü məqamda xalqın tələbi
ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri
ləğv edərək vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə start
verdi, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi istiqamətində
fundamental islahatlar həyata keçirdi və müasir, peşəkar Milli Ordumuzun möhkəm
təməllərini formalaşdırdı.
Bu gün iftixarla qeyd edirik ki, Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu inkişafının ən qüdrətli mərhələsini yaşayır. Son illər ərzində həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində Ordumuz ən müasir silah və texnika ilə
təchiz olunmuş, peşəkar kadr hazırlığı yeni mərhələyə qədəm qoymuş, hərbi sənaye
kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımlar atılmışdır.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin
Günnüt əməliyyatı və nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş
qabiliyyətini, peşəkarlığını və sarsılmaz vətənpərvərlik ruhunu bütün dünyaya
nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli
antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması isə
Ordumuzun gücünün və xalq-iqtidar birliyinin növbəti parlaq təcəssümü oldu.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü
ordularından biri olmaqla yanaşı, müasir çağırışlara uyğun inkişaf edən, beynəlxalq
standartlara cavab verən, yüksək peşəkarlığa malik bir hərbi qüvvədir. Komando
birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətinin genişləndirilməsi,
Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında həyata keçirilən islahatlar və
beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi Ordumuzun gələcək inkişafına
xidmət edən mühüm istiqamətlərdir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə
Azərbaycan Ordusunun bütün şəxsi heyətini, qəhrəman veteranlarımızı və hərbi
qulluqçularımızı ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin
ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayıram.
Müzəffər Ali Baş Komandanımız cənab İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin,
xalqımızın əmin-amanlığının və müstəqilliyimizin etibarlı təminatçısı olaraq
yeni zəfərlərə imza atacaq!
Fatma Yıldırım,
Milli Məclisin deputatı