23 Aprel 2024 08:35
226
SİYASƏT
A- A+

Azərbaycan diplomatiyasının daha bir uğuru

 

Hər qaranlıq gecənin bir işıqlı sabahı var, deyirlər. Otuz il Qarabağın, Şərqi Zəngəzurun gündüzləri də gecə tək keçdi. 1990-cı illərdə təcavüzkar, vandal ermənilərin hücumlarına məruz qalan, işğal olunan həmin ərazilərdəki yurdlarımız yerlə yeksan edildi. Ölkəmizin təbii sərvətləri talandı, təbii gözəllikləri məhv edildi. Qədimliyinin nişanəsi olan tarixi abidələri uçurulub dağıdıldı. Və bu vandalizmi görən "demokratik" ölkələrin rəhbərləri susdular...
Ermənistan qəsb etdiyi Azərbaycan ərazilərində tikinti, quruculuq işləri yerinə, silahlı qüvvələrini yad torpaqlarda möhkəmləndirmək üçün istehkamlar yaratmaqla məşğul oldu. Və həmin istekamlara mütəmadi olaraq xarici havadarlarından aldığı hərbi texnikaları, silah-sursatı daşıdı. 1994-cü ilin mayında imzaladığı atəşkəs rejimi haqqında sazişə əməl etməyən işğalçı ölkənin silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini, dinc azərbaycanlıların yaşayış məntəqələrini imtensiz atəşə tutdular. Dinc sakinlərimizi, əsgər və zabitlərimizi şəhid etdilər.
İşğalçılığının, namərdliyinin, məkrinin sonunun gəlməyəcəyini düşünən düşmən yanıldı. Ermənistan sılahlı qüvvələrinin növbəti təxribatı nəticəsində 2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Ötən ilin sentyabrında lokal xarakterli hərbi əməliyyatlar isə o zamana qədər Qarabağdan ayağını kəsməmiş Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin və separatçıların sonu oldu. Haylar Azərbaycan Ordusunun qarşısında təslim bayrağını qaldırdılar. Ölkəmizin suverenliyi tam bərpa edildi. İllərdir Ermənistanın uzatdığı Qarabağ münaqişəsi tarixə qovuşdu.
 Otuz il ərzində beynəlxalq təşkilatların həllinə nail olmadıqları münaqişəyə Azərbaycan dövləti uğurlu daxili və xarici siyasəti, öz gücü ilə son qoydu. 44 günlük İkinci Qarabaq müharibəsində ərazilərimiz Ermənistanın işğalından azad edildi, lokal xarakerli antiterror tədbirləri nəticəsində isə bölgədə qalaraq hərbi cinayət, terror əməllərini davam etdirən işğalçı ölkənin silahlı qüvvələrinin bölmələrinin, separatçıların izi-tozu da qalmadı.
Azərbaycan diplomatiyasının daha bir uğuru isə Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməsidir. 
2020-ci ilin 10 noyabrında üçtərəfli Bəyanatda Rusiya sülhməramlılarının 2025-ci ilə qədər müvəqqəti olaraq Qarabağda yerləşdirilməsi nəzərdə tutulmuşdu. Bölgəyə sülhməramlıların müvəqqəti yerləşdirilməsi bəndinin bəyanata salınmasını Prezident İlham Əliyev israr etmişdi. 
İkinci Qarabağ müharibəsindən sonra baş verən tarixi hadisələr, Müzəffər Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri həyata keçirərək 24 saata yaxın davam edən uğurlu əməliyyatı nəticəsində Qarabağı uzun illər məskən salmış separatçılardan təmizləməsi vəziyyəti dəyişdi. Rusiya sülhməramlı kontingentinin bölgədə 2025-ci ilə qədər qalması zərurəti aradan qalxdı.
Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kontingentin Qarabağı tərk etməsi ilə bağlı bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi səviyyəsində qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, Rusiya sülhməramlılarının bölgədəki missiyasının başa çatmasına paralel olaraq, 2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırır. Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontradmiral Zeki Aktürk keçirdiyi brifinqdə bu haqda məlumat verib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu dedi: "Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır".
Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA" İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç mətbuata açıqlamasında diqqətə çatdırdı ki, prezidentlər İlham Əliyev və Vladimir Putin bu tarixi qərarı olduqca düzgün, rasional və bölgədə yaranmış reallıqları nəzərə alaraq qəbul ediblər. "Fikrimcə, hər iki dövlət başçısı obyektiv reallıqları düzgün qiymətləndirməklə yanaşı, həm də Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna çəkmək üçün cızdıqları planları alt-üst ediblər", - deyə Hulusi Kılıç əlavə edib.
Bununla belə, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə yanaşmalar müxtəlif oldu. Demokratiyadan dəm vuran ABŞ, Fransa kimi dövlətlər yenə də ikili standarlarını, riyakar mövqelərini nümayiş etdirdilər.
Azərbaycan isə yenə də qətiyyətlə öz mövqeyindədir. Cənubi Qafqazın lider dövləti olaraq bölgəmizdə sülhün, sabitliyin bərqərar olunmasına səy göstərməkdə davam edir. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video