30 Aprel 2024 09:40
1474
Səhiyyə
A- A+

Ağrıkəsicilərin xeyrindən çox, ziyanı var

 

Həkim məsləhəti olmadan belə dərmanların istifadəsi orqanizmdə böyük fəsadlara yol aça bilər

 

Müəyyən ağrılar zamanı ağrıkəsici içməkdən başqa çarə tapmırıq. Bədənin hər hansı bir yerində hüceyrələrdə problem olduğu zaman ağrı reseptorları sayəsində vəziyyətdən xəbərdar oluruq. 
Qəbul edilən ağrıkəsicilər isə ağrı siqnallarının beyinə ötürülməsinə mane olur. Sakitləşdirici təsir göstərərək, ağrını müvəqqəti unutduran həmin preparatların qəbulunun yan təsirlərinin də olduğunun çox zaman fərqində olmuruq.
Elə buna görə də həkim tövsiyəsi olmadan ağrıkəsicilərin yerli-yersiz qəbul edilməsi məsləhət görülmür. Unutmamalıyıq ki, bu dərmanlar səbəbi deyil, yalnız nəticəni aradan qaldırır.

 

Ağrıkəsicidən həddindən artıq istifadə müxtəlif xəstəliklər yaradır

 

Həkim-terapevt Araz Hüseynovun sözlərinə görə, orqanizmdə olan ağrını  aradan qaldırmaq üçün istifadə olunan ağrıkəsicilər narkotik tərkibli və qeyri-steroid iltihab əleyhinə dərman maddələri olmaqla iki qrupa bölünür: "Bu preparatlardan orqanizmdə yaranan xroniki ağrıların simptomatik olaraq aradan qaldırılmasında, cərrahi əməliyyatlardan, böyük və kiçik travmatik zədələnmələrdən sonra istifadə edilir. Gündəlik həyatda insanlar daha çox başağrısı şikayətləri zamanı ağrıkəsicilərdən yararlanırlar. Başağrısı üçün dərmanların həddindən artıq istifadəsi sonradan onların da təsirini azaldır. Ona görə də baş ağrılarından əziyyət çəkənlər əvvəlcə ağrının səbəbini müəyyənləşdirməlidirlər".
A.Hüseynov deyir ki, bütün dərmanlar kimi, ağrıkəsicilərin də yan təsirləri var: "Böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir. Mədə qanamaları, mədə yaraları, böyrək və qaraciyər çatışmazlığı kimi xəstəliklərin çoxunun altındakı səbəb ağrıkəsicilərdir. Həddindən artıq ağrıkəsici istifadəçilərində diareya, qəbizlik, allergiya, ürəkbulanma, qanda laxtalanma və ya durulma, qulaqda küy, hətta karlıq kimi hallar müşahidə edilə bilər".

 

Uşaqlar və yaşlılar həssas kateqoriyaya daxildirlər

 

Həkim-terapevt bildirib ki, narkotik analgetiklər daha çox asılılıq yaradır: "Qeyri-steroid iltihab əleyhinə maddələr sinfindən olan ağrıkəsicilərdə isə bu dərman maddələrinə qarşı orqanizmdə tolerantlıq yaranır, əvvəlki təsir effektini göstərə bilmir. Məcbur olub dozanı artırdıqlarında isə müxtəlif mənfi təsirlərlə  üzləşirlər. Dərman asılılığını, yəni ağrıkəsici qəbulunu aradan qaldırmaq üçün ilk növbədə bədəndə gedən prosesə təsir göstərib həmin ağrını aradan qaldırmaq lazımdır". 
A.Hüseynov qeyd edir ki, bəzi həssas yaş qruplarında ağrıkəsicinin hansı dozada qəbul edilməsinə ehtiyatla yanaşılmalıdır: "İki yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı insanlar bu həssas kateqoriyaya daxildirlər. Ağırkəsicilər təyin edilən zaman orqanizmin vəziyyəti dəyərləndirilməli, preparat individual təyin edilməlidir. Doza protokol üzrə təyin edilsə də, bəzi orqanizmlər bu dozalara adekvat cavab vermirlər, təsiri zəif və ya əksinə güclü olur. Ağrıkəsici qəbul etməzdən öncə bunun səbəbi araşdırılmalı, mütəxəssis tövsiyəsi olmadan kortəbii qəbul edilməməlidir".

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video