ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və Milli Kəşfiyyat Direktorluğunun (DNI) istifadə etdiyi açıq mənbəli kəşfiyyat məlumatlarının təhlili sisteminə kiberhücum edildiyi və bəzi məlumatların sızdırıldığı bildirilir.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinə danışan mənbələr məxfi məlumatların təhlükə altına düşmədiyini qeyd ediblər.
CIA və DNI bəzi məxfi olmayan məlumatlarının sızmasına səbəb olan kibertəhlükəsizlik pozuntusu aşkar edildiyi iddia olunur. “The New York Times”a görə, ABŞ-də son dövrlər sistem nasazlıqları və kibertəhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda daha bir təhlükəsizlik insidenti qeydə alınıb.
Məlumata əsasən, insident CIA və DNI-nin ictimaiyyətə açıq, məxfilik dərəcəsi olmayan materiallar əsasında kəşfiyyat məlumatları əldə etmək üçün istifadə etdiyi açıq mənbəli kəşfiyyat sisteminə təsir göstərib.
Sızdırılan məlumatların məzmunu barədə ətraflı məlumat verilməsə də, mənbələr hücum nəticəsində məxfi məlumatların təhlükə altına düşmədiyini bildiriblər. Onların sözlərinə görə, digər kəşfiyyat qurumlarının sistemləri də hücumdan təsirlənmiş ola bilər.
Açıq mənbəli kəşfiyyat məlumatlarına kommersiya məqsədilə əldə edilə bilən informasiyalar, sosial şəbəkə paylaşımları, peyk görüntüləri və internetdə yayımlanan digər materiallar daxildir.
Qeyd edək ki, son dövrlərdə ABŞ-də iri bankların, Milli Təhlükəsizlik Agentliyinin (NSA) və Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) sistemlərində də fasilələr yaranıb. Prezident Donald Trampın administrasiyası bu hadisələrin bir-birindən ayrı insidentlər olduğunu bildirərək ictimaiyyəti narahatlığa əsas olmadığına inandırmağa çalışıb.