26 Noyabr 2025 08:05
943
PARLAMENT
A- A+
Zabitlərin həqiqi hərbi xidmətkeçmə qaydaları təkmilləşdirilir

Zabitlərin həqiqi hərbi xidmətkeçmə qaydaları təkmilləşdirilir


Noyabrın 25-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda 14 məsələ müzakirə olunub.  Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova ilk 8 məsələnin hökumətlərarası sazişlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu bildirib. Spiker qeyd edib ki, "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun tələbinə uyğun olaraq həmin qanun layihələri bir oxunuşda baxılaraq qəbul ediləcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Sazişə əsasən, hər bir tərəfin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və giriş tarixindən etibarən 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Göstərilən müddətdən daha çox qalmaq, yaxud işləmək, təhsil müəssisəsində təhsil almaq və ya işgüzar fəaliyyətlə məşğul olmaq istəyən etibarlı ümumvətəndaş pasportlarına malik olan hər bir tərəfin vətəndaşları isə digər tərəfin ərazisinə daxil olmazdan öncə həmin tərəfin dövlətinin milli qanunvericiliyi ilə tələb olunan viza əldə etmək öhdəliyini daşıyırlar. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd edilib ki, Sazişin məqsədi hər iki dövlətin diplomatik və xidməti pasport sahibləri olan vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmaqdan ibarətdir. Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbləri ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququna malikdirlər. 

Bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək, parlament nümayəndə heyətinin ABŞ-yə səfəri barədə məlumat verib. O, səfər çərçivəsində ABŞ Konqresinin üzvləri ilə bir sıra görüşlərin keçirildiyini söyləyib. Qeyd edib ki, görüşlərdə cari il avqustun 8-də Vaşinqtonda baş tutan danışıqların tarixi əhəmiyyəti vurğulanıb, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbətlər zamanı ABŞ-də müxtəlif səviyyələrdə Azərbaycan Prezidentinin dövlətçiliyin və müstəqilliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, milli maraqların müdafiəsi məsələlərində yürütdüyü siyasətin müsbət dəyərləndirildiyini bildirib.

Səməd Seyidov bu səfərin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. 

Sonra komitə sədri "Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Sazişə görə, etibarlı diplomatik pasporta malik Azərbaycan Respublikasının və Bəhreyn Krallığının vətəndaşları digər tərəfin ərazisinə onların ilk giriş günündən hər 180  gün ərzində 90 gündən çox olmayan müddətə viza tələbləri olmadan daxil ola, oradan çıxa, tranzit keçə və orada qala bilərlər. Sazişdə göstərilən müddətdən artıq qalmaq istəyən diplomatik nümayəndəliyin və ya konsulluğun işçiləri kimi təyin edilmiş etibarlı diplomatik pasportlara malik olan hər bir tərəfin vətəndaşları, o cümlədən onların ailə üzvləri, digər tərəfin ərazisinə daxil olmamışdan əvvəl həmin tərəfin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq viza alırlar. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva  "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, Sazişin məqsədi hər iki dövlətin etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaqdır. 

Qanun layihəsi qəbil edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülşən Paşayeva isə "Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, Sazişdə qeyd edilən etibarlı pasportlara sahib olan şəxslərin razılığa gələn dövlətin ərazisinə girmək, çıxmaq və ya tranzit keçmək və hər 180 gün ərzində 90 gündən çox olmayan müddət ərzində orada qalmaq üçün vətəndaşların viza tələbindən azad edilməsinə dair əsas müddəalar nəzərdə tutulur. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, sənədin qarşılıqlı rəsmi səfərlərin sadələşdirilməsi, dövlətlərarası münasibətlərin gücləndirilməsi, diplomatik və işgüzar fəaliyyətin asanlaşdırılması baxımından əhəmiyyətini qeyd edib. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən deputat Qaya Məmmədov bu yaxınlarda ATƏT Parlament Assambleyasının İstanbulda keçirilmiş 23-cü payız sessiyası çərçivəsində Azərbaycan və Ermənistan  parlament nümayəndə heyətləri arasında keçirilmiş ikitərəfli görüş barədə danışıb. Bu görüşün hər iki ölkənin parlament sədrlərinin cari ilin oktyabrında Cenevrə şəhərində keçirilmiş görüşündə əldə olunmuş razılaşma əsasında baş tutduğunu, söhbətdə parlamentlərin sülh prosesinə dəstəyi ilə bağlı fikir mübadiləsinin aparıldığını bildirib. 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Deputat diqqətə çatdırıb ki, bu addım rəsmi nümayəndə heyətlərinin səfərlərini asanlaşdırır, iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə, diplomatik əlaqələrin və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Müzakirələr zamanı çıxış edən deputatlar Aydın Hüseynov, Sahib Alıyev məsələyə münasibət bildirərək Azərbaycanın dünyada nüfuzunun daha da artdığını, etibarlı tərəfdaş kimi tanındığını, bu prosesdə parlamentin fəaliyyətinin əhəmiyyətli rol oynadığını vurğulayıblar. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsindən bəhs edib. Bildirib ki, Sazişdə əsas anlayışlar, səlahiyyətli orqanlar, məxfilik dərəcələri, buraxılışların verilməsi və ötürülməsi, məxfi müqavilələrin imzalanması,  qarşılıqlı səfərlər, xərclər və mübahisələrin həlli ilə bağlı müddəalar öz əksini tapıb. Sənəd iki dövlət arasında informasiya təhlükəsizliyi, kibermühafizə və müdafiə sahəsində əməkdaşlığın daha sistemli və etibarlı əsasda inkişafına xidmət edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev məsələ barədə bu komitənin müsbət rəyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Nəqliyyat haqqında" və "Avtomobil nəqliyyatı haqqında"  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda qəbul edilib. 

İclasda son olaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı məlumat verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Silahlı Qüvvələrin hazırda yüksək tələbat duyulan bəzi ixtisaslara  malik kadrlarla təmin olunması və səfərbərlik ehtiyatlarının zabit heyəti ilə gücləndirilməsi üçün mövcud qanunvericilikdə dəyişikliklərə ehtiyac yaranıb.

Qeyd olunub ki, hazırkı qanunvericiliyə görə, ali təhsilli çağırışçılar 1 il müddətli hərbi xidmət keçdikdən sonra zabit hazırlığı kursunu bitirməklə daha 1 il 6 ay müqavilə ilə zabit kimi xidmət edə bilərlər. Bu isə, ümumilikdə 2 il 6 ay xidmət deməkdir və nəticədə gənclərin zabit kimi xidmətə marağının azalmasına səbəb olur.

Müzakirəyə təqdim edilən qanun layihəsi məhz zabitlərin  həqiqi hərbi xidmətkeçmə qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, layihədə ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılaraq 1 il müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət qulluqçularına leytenant rütbəsinin verilməsi təklif olunur. Bundan başqa, sənəddə qanunvericiliyə və normayaratma texnikasının tələblərinə uyğun olaraq bir sıra normaların uyğunlaşdırılması, ifadələrin dəqiqləşdirilməsi və texniki xarakterli dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

Arzu Nağıyev vurğulayıb ki, qanun layihəsinin qəbul edilməsi Silahlı Qüvvələrin peşəkar zabit heyəti ilə, xüsusilə də yüksək tələbat olan ixtisaslara malik olan hərbi qulluqçularla komplektləşdirilməsinə əhəmiyyətli töhfə verməklə yanaşı, zabit kimi 1 il hərbi xidmət keçmiş daha hazırlıqlı şəxslərin hesabına səfərbərlik ehtiyatının təkmilləşdirilməsinə xidmət edəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!