Cəmiyyətimizin əsas vəzifələrindən biri də Azərbaycan gənclərini vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırmaqdır. Ümummilli Lider Heydər Əliyevin "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır" kimi fikirlərinin təsdiqini gənclərimiz ictimai-siyasi həyatın bir çox sahələrində, ən əsası ölkəmizin suverenliyinin bərpasında, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində nümayiş etdirdilər.
44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri əsl vətənpərvərlik nümunəsi ortaya qoydular. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsindən gənclərimiz şərəflə çıxdılar, Vətənin etimadını layiqincə doğrultdular, bütün dünya Azərbaycan gəncinin şücaətinə heyran qaldı.
Dövlətimizin başçısının rəhbərliyi ilə daha geniş coğrafiyada reallaşan vətənpərvərlik və azərbaycançılıq müasir dövrün tələblərinə cavab verən gənclər formalaşdırmışdır. Hər iki amil Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyev gənclərin inkişaf yönümünü mövcud ənənələr, tələblər əsasında daha da təkmilləşdirilməsilə əlaqədar fərman və sərəncamlar imzalamış, Azərbaycan gənclərinin vətənpərvərlik və azərbaycançılıq ruhunu daha da gücləndirmək üçün zamanın çağırışları ilə ayaqlaşan dövlət proqramlarını təsdiq etmişdir. 2007-ci ilin "Gənclər ili" elan olunması, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis olunması, ən nəhayət, Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiqlənməsi buna bariz nümunələrdir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə başda gənclərimiz olmaqla "Böyük qayıdış" proqramı uğurla icra edilir. Artıq 70 minə yaxın insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən nümunəvi şərait yaradılmışdır.
Əminliklə deyə bilərik ki, bu günün gəncliyi azərbaycançılıq ideyası ilə yaşayan qurucu, sağlam ruhlu, özünə inamlı, mübariz vətənpərvərlərdir. Onlar mütləq şəkildə Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu dəstəkləyirlər. Eyni zamanda gənclərimiz milli-mənəvi dəyərləri əxz edərək formalaşırlar. Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz ziyanlı xarici təsirlərdən müdafiə olunur, azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı olurlar.
Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu gündən-günə artır. Respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatları fəaliyyətlərini dövlətin yaratdığı şərait sayəsində daha da genişləndirirlər. Dövlətin gənclərə dəstək və diqqəti sayəsində Azərbaycan gəncliyində özünə, istedadına inam hissi artıb. Gənclər öz üzərlərində dövlət qayğısını daim hiss etdiklərindən nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gücləri səfərbər edir, Vətənin inkişafı üçün əllərindən gələni edirlər. Yeri gəlmişkən qeyd edək ki, bu gün gənclərimizin böyük bir qismi ordu sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirir. Onlar təlim və məşğələlərdə döyüş hazırlıqlarını artırır, mənəvi-psixoloji cəhətdən möhkəmlənirlər.
Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri daha güclü aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək üçün böyük işlər görülür. Dövlət başçısı gənclərə olan münasibətini çıxışlarından birində belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Vətənpərvər gənclər Azərbaycanın etibarlı sabahıdır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri düzgün təhlil edə bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik vətənpərvər gənclər ölkəmizi uğurlu gələcəyə aparan böyük qüvvədir.
Rəhman SALMANLI,
"Azərbaycan"