Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağının dalğalandırılmasından 3 il ötür
2023-cü ilin 23 aprel günü xalqımızın taleyinə tarixi dönüş nöqtəsi kimi yazıldı. Həmin gün Zəfər salnaməmizin haqq səsi kimi Həkəri çayının üzərində ucaldılan üçrəngli bayraq hər bir azərbaycanlının qəlbindəki "Vətən bütövləşdi" nidasının göylərdəki əks-sədası, dövlətçilik qürurumuzun əlçatmaz zirvəsi idi.
Sərhədlərimiz artıq toxunulmaz oldu, Laçın yolu Azərbaycanın polad iradəsinin keçilməz qalasına çevrildi. Bununla onilliklər boyu davam edən erməni quldurlarının qanunsuz hərəkətlərinə, ərazilərimizə uzanan əllərə və separatizmin qalıqlarına ən sarsıdıcı zərbə vuruldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin, prinsipial mövqeyin sayəsində tarixi qələbəyə imza atdıq. Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə dövlətimiz öz suveren hüquqlarını bərpa etdiyini bütün dünya qarşısında bir daha təsdiqlədi.
"23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik", - deyə qalib lider İlham Əliyev həmin gün atılan qətiyyətli addımın tarixi əhəmiyyətini və xalqımızın sarsılmaz mövqeyini birmənalı şəkildə dünyaya bəyan etmişdi.
Milli hədəfə gedən yol
Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin ərazilərimizi tərk etmələri ilə bağlı qəbul etdiyi 4 qətnaməsini öz gücü ilə icra etdi. Çünki onilliklər boyu aparılan danışıqlar heç bir səmərə vermirdi. Əksinə, iki ölkə arasında münaqişənin həlli dalana dirənmişdi. Vəziyyətin bu hala gəlməsində isə ATƏT-in keçmiş Minsk qrupunun xüsusi rolu olmuşdu. Yarıtmaz həmsədrlər, eləcə də dünya erməniliyinin rüşvətlə ələ aldığı digər qərəzli Qərb siyasətçiləri elə hesab edirdilər ki, münaqişəni olduğu kimi dondurmaqla Azərbaycanı işğal siyasəti ilə barışmağa məcbur edəcəklər. Eyni zamanda alternativ variant kimi müharibə versiyası da qətiyyən qəbul edilmirdi.
2020-ci il noyabrın 10-da İrəvanı təslimçilik aktına imza atmağa məcbur edən Bakı bununla həm torpaqlarının 30 illik işğalına son qoydu, həm də dünyada mövcud olan bu tip münaqişələrin necə həll olunması ilə bağlı unikal model təqdim etdi.
Vətən savaşının üzərindən ötən 3 illik müddət ərzində ölkəmiz milli maraqlarının təmini istiqamətində növbəti addımlarını atdı.
Böyük qələbədən sonra qarşıda duran mühüm vəzifələrdən biri sərhədlərimizə tam nəzarəti təmin etmək, Xankəndi-Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratmaq idi.
Ermənistanın humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan hərbi təxribatlar, mina daşınması və təbii sərvətlərimizin talanması üçün istifadə etməsi Bakının səbir kasasını daşıran son damla oldu.
İrəvan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Qarabağda fəaliyyət göstərən qanunsuz erməni hərbi birləşmələrini ərazilərimizdən çıxarmır, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan hərbi təyinatlı yüklər daşıyaraq onları silahlandırırdı.
44 günlük müharibədən sonra 2021-ci il istehsalı olan minaların bu yolla gətirilərək Azərbaycan ərazilərində basdırılması kimi faktlar da mövcud idi.
Digər tərəfdən, separatçılar Qarabağda təbii sərvətlərimizi istismar edir, talayır və Laçın yolu ilə daşıyırdılar. Eyni zamanda həmin ərazilərdə ekoloji terror törədirdilər. Buna görə də 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinədək ekofəallarımız Laçın yolunda dinc etiraz aksiyası həyata keçirmişdilər. Bunun sayəsində Laçın yolundan Ermənistan tərəfindən hərbi təyinatlı yüklərin daşınmasına son qoyulmuşdu. Lakin İrəvan yenə də qanunsuz əməllərindən əl çəkməyərək Laçın yoluna paralel olan torpaq yollarla Qarabağa gizli şəkildə silah-sursat, canlı qüvvə daşımağa davam edirdi. Həmin vaxt separatçıların bu qanunsuz əməllərinə Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi uğurlu əməliyyatla son qoyulmuşdu.
Ədalətin zəfəri
Beləliklə, 2023-cü il aprelin 23-də tarixi qərar verildi və Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması bəzi qərəzli Qərb dairələrini ciddi narahat etdi. Ancaq Bakıya qarşı yönəlmiş əsassız ittihamlar, "blokada" şousu və diplomatik təzyiqlər Azərbaycanın prinsipial mövqeyi qarşısında aciz qaldı.
2023-cü il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvi ilə bağlı tələbini rədd edərək Azərbaycanın öz ərazisindəki suveren hüquqlarını tanıdı. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə sözün əsl mənasında tarixin ədalət tərəzisi yenidən quruldu.
23 aprel həm də 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirlərinə gedən yolun təməli oldu. Sərhədin bağlanması ilə separatçıların "nəfəsliyi" kəsildi, onların qanunsuz silahlanma imkanları sıfıra endirildi. Apreldə Həkəri çayı üzərində ucaldılan bayraq, sentyabrda Xankəndidə, Xocalıda, Ağdərədə dalğalanan üçrəngli bayrağımızın müjdəçisi oldu.
Bir sözlə, ərazi bütövlüyümüz təkcə döyüş meydanında deyil, həm də sərhədlərimizə nəzarətin tam ələ alınması ilə siyasi və hüquqi müstəvidə tamamlandı.
Azərbaycan 23 apreldə sərgilədiyi qəti mövqeyi ilə dünyaya göstərdi ki, onun torpağında ikinci bir dövlət və ya nəzarətsiz bir qarış yer ola bilməz.
Bu gün xalqımız başıdik, alnıaçıq və qürurludur.
Çünki Vətən artıq bütöv, sərhədlərimiz keçilməz, bayrağımız isə uca və əbədidir!
Yasəmən MUSAYEVA,
"Azərbaycan"