Bu gün bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri ekoloji tarazlığın pozulması və bunun doğurduğu fəlakətlərdir. İqlim dəyişmələri, havanın çirklənməsi, təbii resursların tükənməsi kimi hallar artıq qlobal miqyasda özünü göstərir. Belə bir şəraitdə insanlığın bu təhlükələrdən xilas olmasının əsas yollarından biri yaşıllıqları artırmaq, meşələri genişləndirməkdən ibarətdir.
Eyni zamanda hər bir fərdin təbiətə qarşı məsuliyyətli davranması, ağacəkmə və təbii sərvətləri qorumağa diqqət yetirməsi də vacibdir. Bu kiçik, amma davamlı addımlar uzun müddətdə böyük ekoloji nəticələrə yol açır. Belə bir vəziyyətdə həm ekoloji tarazlığı qorumaq, həm də sağlam həyatımızı təmin etmək üçün meşələrə və yaşıllıqlara xüsusi diqqət yetirmək zərurəti daha da artır. Sənayeləşmənin sürətlə getdiyi indiki zamanda oksigen udmaq, nəfəs almaq çətinləşir. Bu səbəbdən "yaşıl ciyər"lərimiz hesab olunan meşələrin qorunması və artırılması hər birimizin üzərinə düşən ən vacib vəzifələrdəndir. Bizim də ağciyərlərimizin normal və sağlam fəaliyyəti xeyli dərəcədə bu "yaşıl çətir"dən asılıdır, rahat nəfəs almağımız üçün ona ehtiyacımız çoxdur. Bu neməti əldən vermək olmaz. İnsan təkcə təbiətə deyil, özünə də qənim kəsilməyə son qoymalıdır. Ağaclar oksigen mənbəyi olaraq iqlimin tənzimlənməsində, biomüxtəlifliyin qorunmasında mühüm rol oynayırlar.
Ağaclar, yaşıllıqlar təbiətin ayrılmaz və ən vacib hissələrindəndir. Yaşıllıq göz işığı, gümrahlıq mənbəyi olduğundan gündəlik həyatımızda əhvali-ruhiyyəmizin yüksək olması da xeyli dərəcədə bu amilə bağlıdır. Təəssüf ki, aramızda ağaclara laqeydlik nümayiş etdirənlər yox deyil. Hətta toplumda susuzluqdan yanan ağacı görəndə "mənə nə, qoy bu sahə ilə məşğul olanlar əncam çəksinlər" deyən adamlar da var. Bəziləri isə onlara, daha doğrusu, təbiətin "ağciyər"inə əl qaldırmaqdan sanki ləzzət alırlar. Amma dərk etmirlər ki, bununla yalnız ağaca deyil, özlərinin sabahına və təbiətin harmoniyasına balta çalırlar. Bəlkə də bu gün danışıq dilində işlətdiyimiz "oturduğu ağaca balta çalmaq" ifadəsi buradan qaynaqlanıb. Ulu Öndər Heydər Əliyev deyirdi: "Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir". Bu o deməkdir ki, ağaca vurulan zərər, sadəcə, təbiətə deyil, bütövlükdə insana, onun həyatına və gələcəyinə vurulan zərbə kimi qiymətləndirilməlidir, yəni bir ağac insanın bir parçası qədər qiymətlidir və qorunmağa layiqdir.
Nə yaxşı ki, ağaclara etinasız, laqeyd, soyuq yanaşanlar çox deyil. Qədim yunan əfsanəsində deyilir ki, hər bir cavan evlənməzdən əvvəl yeddi zeytun tingi basdırıb onu bar verənə qədər becərməli və sonra evlənməlidir. Azərbaycanda da bənzər ənənələr olub. Dünyaya gələn uşağın adına ağac əkiblər. Kimsə uzaq səfərə çıxanda ağac əkib və o, geriyə dönənə qədər həmin ağacı bəsləyiblər və s. Nə xoş ki, bu gün də ağacəkmə ənənələrini yaşadanlara - rəsmi dövlət qurumlarından tutmuş ayrı-ayrı fərdlərə qədər - şahidlik edirik. Və əlbəttə ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyildi. Ən maraqlısı odur ki, Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi dünyada bir ilk idi.
Bu və bənzər ideyaların təsiri nəticəsində cəmiyyətdə ağacəkmə və yaşıllığın qorunması istiqamətində daha fəal yanaşma formalaşdı, təşəbbüs kağız üzərində qalmadı. Ölkəmizdə yaşıllaşdırma işlərinə verilən önəm daha da artdı, ağacəkmə aksiyaları geniş vüsət aldı. Son illər müxtəlif bölgələrdə keçirilən ağacəkmə aksiyaları artıq təkcə bir kampaniya deyil, həm də gələcək nəsillərə sağlam mühit miras qoymaq istəyinin bariz nümunəsidir. Artıq insanlar anlayırlar ki, əkilən hər ağac sabahın təmiz havası, sağlam həyatı deməkdir. Ağacəkmə yalnız bir ting basdırmaqdan ibarət deyil. Bu həm də təbiətə sevginin, məsuliyyətin və gələcəyə inamın ifadəsini əks etdirir. Torpağa sancılan çubuq illər sonra böyüyərək həm kölgə, həm oksigen, həm də həyat mənbəyinə çevrilir. Xüsusilə gənc nəslin bu prosesə cəlb olunması onların ekoloji düşüncəsinin formalaşmasına müsbət təsir göstərir.
Bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü tədbirlərin davamı olaraq ölkəmizdə beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən ekoloji layihələr diqqət çəkir. Belə təşəbbüslər nəticəsində yaşıllaşdırma işlərinin miqyası daha da genişlənir və konkret aksiyalarla özünü göstərir. Növbəti mühüm addımlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ICESCO-nun Bakı Regional Ofisinin birgə əməkdaşlığı, eləcə də Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müşfiqabad qəsəbəsində iki gün öncə həyata keçirilən ağacəkmə aksiyasıdır. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış 300-dən çox Eldar şamı və zeytun tingi əkilib.
Qeyd edək ki, bu aksiya ICESCO-nun Bakı Regional Ofisinin fəaliyyət coğrafiyasına daxil olan Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanda ekologiya sahəsində fəaliyyət göstərən qurumlarla tərəfdaşlıq şəraitində həyata keçirilən "Yaşıl budaqlar" regional ağacəkmə kampaniyası çərçivəsində baş tutub. "Yaşıl budaqlar" təşəbbüsü yaşıllıq sahələrinin genişləndirilməsini, ekoloji tarazlığın qorunmasına töhfə verilməsini və ətraf mühitin mühafizəsi istiqamətində ictimai maarifləndirmənin gücləndirilməsini hədəfləyir.
Bu kimi təşəbbüslər göstərir ki, ekoloji məsuliyyət təkcə dövlət qurumlarının deyil, həm də ictimai birliklərin və gənclərin ortaq missiyasına çevrilib. Yaşıllaşdırma istiqamətində atılan hər bir addım gələcəyin daha sağlam və dayanıqlı mühitinə xidmət edir. Əkilən hər ağac isə həm təbiətə qayğı, həm də gələcək nəsillərə verilən dəyərli bir töhfə kimi yadda qalır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"