Cəlilabad rayonunun Göytəpə şəhərində 13 Vətən müharibəsi şəhidindən biri - Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentyabrın 14-də rayonun Prişib (indiki Göytəpə) şəhərində tanınmış bir ailədə dünyaya göz açıb.
Balaca Rəşad həyət-bacada uşaqlarla oynayarkən babası - II Dünya müharibəsi döyüşçüsü Məmmədağa kişinin orden-medallarını sinəsinə taxa-taxa nə vaxt hərbçi olmaq arzusuna düşüb, özü də bilməyib. Üç bacının yeganə qardaşı və gözlərinin nuru, müəllimlərinin, valideynlərinin, qohum-əqrəbanın sevimlisi, babasının "aslanım" adlandırdığı gənc oğlan bir də baxıb ki, hərbi iş onun boyuna biçilib. 2006-cı ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi leytenant rütbəsi ilə motoatıcı ixtisası üzrə uğurla bitirib. Ardınca Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursunda təhsil alıb. "N" saylı hərbi hissədə motoatıcı taborun tank əleyhinə tağım komandiri (2010-2011) olub, sonra XTQ kursu keçmək üçün müvafiq təlim kursunu bitirib. 2012-ci ilin yayından XTQ komandirinin müavini vəzifəsinə irəli çəkilib.
Aprel döyüşlərində böyük rəşadət göstərib və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2014-cü, 2015-ci, 2017-ci, 2019-cu illərdə müxtəlif təlimlərdə, o cümlədən qardaş ölkə Türkiyədə keçirilən "TurAz Qartalı" paraşüt təlimlərində iştirak edib, kursu fərqlənmə diplomu ilə bitirib. Rütbəsini 2 pillə də artırmaq istəyiblər, razı olmayıb.
Kapitan Rəşad Abdullayev Vətən müharibəsi başlayanda qərərgah rəisi, tabor komandiri kimi döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüşlərin ön cəbhəsində olub. Murovdağa ilk ayaq basan da onun taboru idi. 34 erməni postunu az bir vaxtda darmadağın edən də onun - dostlarının zarafatla "Canavar" ləqəbi verdikləri igid Rəşadın döyüşçüləri idi. Müharibənin 3-cü günü yaralanan Rəşad Abdullayev hərbi hissəni başsız qoymaq istəmir və hospitala getmək əvəzinə döyüşə rəhbərliyi davam etdirir. İgid komandir elə həmin gün, yəni sentyabrın 29-da şəhid olub, oktyabrın 2-də Göytəpə qəbiristanlığında torpağa tapşırılıb.
Hərbi təhsil və dinc hərbi xidmət zamanı, o cümlədən müharibədəki igidliyinə görə bir çox medalla təltif edilib. Ölümündən sonra isə "Kəlbəcərin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Vətən uğrunda" medallarına və "Vətən Müharibəsi Qəhrəmanı" kimi şərəfli ada layiq görülüb.
Rəşad Abdullayevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qaradağ rayonunda adına küçə var. Cəlilabad 2 saylı tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində büstü qoyulub.
Cəmi 32 il ömür sürüb. 2013-cü il sentyabrın 8-də ata ocağında çal-çağırlı bir toyla ailə həyatına qədəm qoyan Rəşad Gülnar adlı gənc bir qızla evlənmişdi. İndi qədirbilən xalqımızın ziyarətgaha çevirdiyi bu müqəddəs ocaqda qəhrəman döyüşçünün həyat yoldaşı Gülnar xanımla birlikdə iki övladı - 12 yaşlı qızı Rüqəyya və 10 yaşlı oğlu Məmmədağa boy atır. Bu günlərdə isə Gülnar xanım universitetə qəbul olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayevi, həyat yoldaşı Gülnar Abdullayevanı və qəhrəmanın komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Xizri Nuriyevi qəbul edib.
Rafiq Cəlilov Gülnarə Abdullayevanı ali məktəbə qəbul olunması münasibətilə təbrik edərək ona təhsil həyatında uğurlar arzulayıb.
Görüşdə Rəşad Abdullayevin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və şərəfli döyüş yolundan bəhs olunub.
Qəbulda iştirak edənlər müharibə iştirakçılarına, qazilərə, şəhid və qəhrəman ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Seyran CAVADOV,
"Azərbaycan"