Coğrafi məsafənin uzaqlığına baxmayaraq, ortaq tarixi yaddaş, qarşılıqlı hörmət və səmimi rəğbət üzərində qurulan dövlətlərarası münasibətlər zamanın sınağından uğurla çıxaraq sarsılmaz tərəfdaşlıq nümunəsinə çevrilir. Ötən əsrin ortalarından etibarən formalaşmağa başlayan Azərbaycan-Vyetnam dostluğu da məhz belə nadir və nümunəvi əməkdaşlıq modellərindən biridir. Xalqlarımızın bir-birinə olan mənəvi yaxınlığı, sarsılmaz siyasi iradə və beynəlxalq münasibətlərdəki ortaq yanaşmalar bu əlaqələri ardıcıl şəkildə inkişaf etdirərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Dövlət başçımızın Vyetnama səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də məhz bu səfərin siyasi-diplomatik əhəmiyyətini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərin tarixi irsini, müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın prioritetlərini və gələcək perspektivlərini əhatə edən mühüm mesajlarla zəngindir.
Milli Məclisin deputatı Kamran Bayramov “Azərbaycan” qəzetinə açıqlamasında deyib ki, iki ölkə arasındakı dostluğun tarixi təməlləri mühüm siyasi səfərlərlə qoyulub: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlar arasında dostluq bağlarının formalaşmasına əhəmiyyətli töhfə verib. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və onun təşəbbüsü ilə səfər proqramının genişləndirilməsi isə bu münasibətlərin inkişafında xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib və Azərbaycanın hələ sovet dövründən etibarən beynəlxalq münasibətlər sistemində fəal rol oynadığını təsdiqləyib. Müasir mərhələdə ikitərəfli əlaqələrin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri siyasi əsasları möhkəmləndirib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldərək qarşılıqlı münasibətlərə daha geniş siyasi, iqtisadi və institusional məzmun qazandırıb. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik, sənaye və digər sahələri əhatə edən danışıqlar tərəflərin əməkdaşlığa kompleks yanaşdığını göstərir. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında təcrübə mübadiləsi və siyasi məsləhətləşmələr tərəfdaşlığın institusional dayaqlarını gücləndirir. Eyni zamanda, BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi beynəlxalq platformalarda sıx əməkdaşlıq qlobal məsələlərə dair ortaq dialoqun mühüm tərkib hissəsidir”.
Deputat diqqətə çatdırıb ki, iqtisadi-ticari və energetika sahələrində əməkdaşlıq münasibətlərin əsas hərəkətverici qüvvəsidir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi müsbət dinamikanın göstəricisi olsa da, mövcud sənaye, istehsal və ixrac potensialı bu rəqəmin daha da artırılmasına imkan verir. Tarixi və strateji əhəmiyyət daşıyan energetika sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətlərdə konkret layihələrin reallaşdırılmasına şərait yaradır. Bununla yanaşı, Azərbaycanın əlverişli investisiya mühiti və qeyri-neft sektorunun inkişafı Vyetnam biznes dairələrinin tikinti, infrastruktur və bərpa olunan enerji sahələrinə marağını artırıb. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə imzalanmış sənədlər bu marağın praktiki müstəviyə keçməsinin bariz nümunəsidir.
K.Bayramov vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi kimi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu tranzit daşımalarını ikitərəfli əməkdaşlığın perspektivli istiqamətinə çevirib: “2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədəki yüksək dinamikanı təsdiqləyir. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsi həm regional bağlantıları gücləndirir, həm də Cənub-Şərqi Asiyanın dinamik iqtisadiyyatı ilə Cənubi Qafqaz arasında qarşılıqlı tamamlayıcı iqtisadi dəyər yaradır”.
Deputat bildirib ki, Azərbaycan-Vyetnam əlaqələrinin mühüm sütunlarından biri də xalqlar arasındakı dərin mənəvi yaxınlıq və humanitar əməkdaşlıqdır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ilə formalaşan ənənə bu gün universitetlərarası əməkdaşlıq, akademik mübadilə və təhsil qrantları ilə davam etdirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu tarixi ehtiramın simvolik ifadəsidir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı və Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar bağları daha da möhkəmləndirib. Mədəniyyət sahəsində isə kökləri Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”na və Əjdər İbrahimovun 1959-1962-ci illərdə Vyetnamın milli kino sənətinin inkişafına verdiyi töhfələrə söykənən əlaqələr müasir dövrdə Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri və vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri ilə zənginləşir. Xalqlar arasında həmrəylik çətin sınaq dövrlərində də özünü göstərib: Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi qarşılıqlı etimadın və humanist dəyərlərin təzahürüdür.
K.Bayramov əlavə edib ki, bütün bu amillər, eləcə də qarşıdakı yüksəksəviyyəli səfərin siyasi-diplomatik əhəmiyyəti tarixi dostluq ənənələrinin müasir strateji tərəfdaşlıq gündəliyi ilə uzlaşdırılmasına, yeni iqtisadi imkanların müəyyənləşdirilməsinə və birgə layihələrin təşviqinə geniş yol açır: “Mövcud inkişaf dinamikası və siyasi dialoqun yüksək səviyyəsi Azərbaycan-Vyetnam əlaqələrinin gələcəkdə daha böyük nəticələr verəcəyinə, hər iki xalqın rifahına və beynəlxalq münasibətlərdə konstruktiv əməkdaşlığa töhfə verəcəyinə möhkəm zəmin yaradır.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”