Hanoy Universitetində Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının qurulmasına həsr olunmuş “2025-ci ildə strateji tərəfdaşlığın qurulması və ümummilli liderlərin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamın dövlət və hökumət qurumlarının nümayəndələri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Hanoy Universitetinin tələbə-müəllim kollektivi, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri, Qazaxıstan və Türkiyənin Vyetnamdakı səfirləri iştirak edib.
Azərbaycan səfiri Şövqi Mehdizadə Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərləri ilə ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının qoyulduğunu bildirib. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın cari ilin mayında Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev ilə tarixi görüşləri nəticəsində bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, xalqlarımız arasında tarixi münasibətlərin qurulması və inkişafında Ümummilli Liderlərin rolu barədə ətraflı məlumat verilib və hazırda bu münasibətlərin iki ölkənin liderləri tərəfindən uğurla inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tomyuş xalqlarımız arasında sovetlər dövründən yaranan tarixi münasibətlər barədə danışıb, türk dövlətlərinin Vyetnamla əlaqəsinin günü-gündən gücləndiyini qeyd edib.
Sonra Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama, Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya və Alma-Ataya, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın cari ildə Azərbaycana səfərlərini əks etdirən videoçarx nümayiş olunub.
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama tarixi səfərinə həsr olunmuş "Vyetnam səfəri" filminin Vyetnam dilində ilk dəfə təqdimatı keçirilib.
Tədbir zamanı, həmçinin Ulu Öndər Heydər Əliyevin portretinin müəllifi, tanınmış rəssam xanım Van Duonq Thanha səfirliyin təşəkkür sertifikatı təqdim olunub.