28 Aprel 2021 04:01
1301
SİYASƏT
A- A+

Tarixin ən qanlı soyqırımlarını erməni faşizmi törədib

 

Adamın ürəyindən orta statistik bir azərbaycanlı ilə ABŞ Prezidenti Co Baydeni bir masa arxasında oturtmaq keçir.  Heç bir siyasi savadı olmayan bir azərbaycanlı ermənilərin zaman-zaman yalnız türksoylu olduqları üçün azərbaycanlıların başına gətirdiklərindən bəhs etsin. Əvvəlcə ona xatırlatsın ki, Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, həmçinin İraqda 1 milyon, Əfqanıstanda 1,5 milyon insanı qıran bir ölkənin prezidenti gərək “soyqırımı” ifadəsini işlətməyə ehtiyat etsin.  Hiroşimo və Naqasakini atomla vurub 450 min insanı məhv edən, 15 milyon qara dərilini milli kimliyinə görə qətlə yetirən bir dövlətin başçısı bu sözü işlətməli deyil, buna mənəvi haqqı da çatmır.

Ona desin ki, xəbərin var, ermənilər türksoylu olduqları üçün azərbaycanlıların yüz illərdir başına hansı oyunları açır? Bu, indinin, dünənin, heç guya türklərin erməniləri “soyqırımına” məruz qoyduqlarını dediyin 1915-ci ilin söhbəti də deyil. Bunun kökü çox uzaqlara gedir.

 

“Böyük Ermənistan” xəstəliyi

 

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan əraziləri, xalqı parçalandı iki hissəyə. Bununla da torpaqlarımızın  bölünməsinin əsası qoyuldu. Soyqırımı taleyimizə çevrildi.  1905-1906-cı illərdə Rusiya imperiyasının yuxarıda qeyd etdiyim vaxtdan etibarən torpaqlarımızda yerləşdirdiyi ermənilər azərbaycanlıların soyqırımına başladılar. 

Ərazilərimizdə “erməni vilayəti” yaradılması ilə qane olmayıb “Böyük Ermənistan” xülyasına düşdülər. 1905-1906-cı illər erməni-müsəlman davası nəticəsində İrəvan və Gəncə quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi ermənilər tərəfindən viran edilib, sakinləri soyqırımına məruz qoyulub.

Milliyyətcə erməni olan müəllif S.Zavaryan “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” əsərində Qarabağ və Zəngəzurda müsəlmanların ermənilərdən çox böyük torpaq mülkiyyətçiləri olduqlarını yazır. Kitabda verdiyi məlumata görə, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılıb. S.Zavaryan yazır ki, qırğınların qarşısını almaqda çar Rusiyası nəinki etinasızlıq göstərib, hətta təxribatçı hərəkətlər törədib.

1905-1906-cı illərdə baş verən qırğınlar barədə biz yalnız sovet quruluşu dağılandan sonra müəyyən məlumatlar əldə edə bilmişik.

 

Soyqırımı ilə bağlı sənədlər itirilib və ya saxtalaşdırılıb

 

AMEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa 1905-1906-cı illər azərbaycanlıların soyqırımı ilə bağlı araşdırma apararkən Yelizavetpol dairə məhkəməsinin prokurorunun dəftərxanasına aid siyahıda 1906-cı il yanvarın 2-də ermənilərin Haqqıxlı (Qazax qəzasının kəndi olub, indi İcevan rayonunun ərazisindədir, ermənilər adını dəyişib Hovk qoyublar) kəndinə hücumları haqqında 12 vərəqlik işin olduğunu görüb: “Həmin sənədi sifariş etdim, lakin cavab gəldi ki, həmin sənəd 25 dekabr 1959-cu ildə arxivin məsul işçisi Portnovanın imzası ilə maklatura kimi çıxdaş edilib”.

Təəssüf ki, o hadisələr barədə tarixi sənədlərin bəziləri sovet dönəmində arxivlərdə erməni millətçilərin əli ilə ya məhv edilib, ya da saxtalaşdırılıb.

Buna baxmayaraq, bizim əlimizdə tarixi sənədlər, o dövrün şahidi olan yazıçıların əsərlərindən məlumatlar var, bir də ermənilərin özlərinin yazdıqları kitablar. Təbii ki, onlar hadisələri öz xeyirlərinə şərh ediblər, amma hər bir halda xronoloji ardıcıllığı o kitablardan götürməklə tarixi həqiqətləri öz yerinə qoymaq olar.

Məmməd Səid Ordubadinin “Qanlı illər” və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərləri dövrü və hadisələri analiz edib nəticə çıxartmaq üçün tutarlı mənbədir. Həm də bu əsərlərdə tarixi xronologiya ilə birgə faktların zənginliyi var.

1905-1906-cı illər qırğınlarından əvvəl İrəvan quberniyasındakı 1301 kəndin 959-da, Zəngəzurdakı 406 kəndin isə 314-də azərbaycanlılar yaşayıblar. O dövrdə təkcə İrəvan quberniyası və Zəngəzurda olan 1273 azərbaycanlı kəndindən bu gün, Naxçıvan qəzası istisna olmaqla, bütün kəndlər azərbaycanlılardan təmizlənib. Bu soyqırımı deyil, bəs nədir?  Deməli, həmin ərazilərdə 1905-1906-cı illərdə zor gücünə, silahla etnik təmizləmə siyasəti aparılıb ki, bu elə soyqırımı deməkdir.

 

Qan donduran cinayətlər

 

1915-1917-ci illərdə Cənubi Azərbaycanın Urmiya gölü ətrafında ermənilər himayədarlarının ilhamverici fəaliyyəti ilə 150 minə yaxın soydaşımızı soyqırımına məruz qoyublar.

Bu soyqırımı 1918-ci ilin martında Bakı və onun ətrafındakı rayonlarda təkrar edilmişdir. Bolşevik Şaumyanın rəhbərliyi altında 10 minlərlə müsəlman vəhşicəsinə qətlə yetirilmişdir. Uşaq, qadın, qoca demədən Bakıda, Qubada, Gəncədə, Şamaxıda, Lənkəranda  qırğınlar törədilmişdir.

Bu qırğınlar zamanı 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Kütləvi qətilləri həyata keçirən erməni cəlladları bəzi yerlərdə onları qazılmış xəndəklərə yığıb üstünü örtüblər. Bakıda insanları qırıb dənizə töküblər. Bəzilərini diri-diri od vurub yandırıblar. Qubada kütləvi məzarlığın aşkar edilməsi həmin cinayətlərin əyani sübutudur.

O günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1918-ci il Bakı hadisələri barədə yazır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib,  3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10 min 68 nəfər azərbaycanlı öldürülüb.

50 000 azərbaycanlı qaçqın düşüb.

Bu cinayətkar hadisələr illərlə, qısa fasilələrlə zaman-zaman davam etdirilib, bəzən aşkar, bəzən gizli, başqa-başqa adlar altında...… 

 

Azərbaycanlıların deportasiyası, Xocalıda baş verənlər soyqırımı deyilmi?

 

1948-1949-cu illərdə xaricdən ermənilərin köçürülməsi bəhanəsilə 150 mindən artıq qərbi azərbaycanlı öz dogma ata-baba yurdundan çıxarıldı. Bu soyqırımı deyil, bəs nədir?  Ya qırıb, qətlə yetirib soyqırımı törədir, ya da dogma yurdlarından qovmaqla. Hər iki halda mahiyyətcə soyqırımı siyasətidir.

Bu gün indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycanda isə minlərlə erməni yaşayır.

1988-1994-cü illərdə dogma Qarabağ torpaqlarından azərbaycanlıları çıxartmaqla soyqırımı siyasətini yenilədilər.

1988-1993-cü illər ərzində Şuşanı, Laçını, Xankəndini, Xocalını, Əsgəranı, Xocavəndi, Ağdərəni, Hadrutu... işğal etdilər. Bütün bu işğallar insan qırğını ilə həyata keçirildi.

Baydendən soruşaq - bəs bu soyqırımı deyil, nədir?

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130-ü valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı eyni soyqırımı həyata keçirildi. Başlıbel faciəsi soyqırımı deyilmi?

44 günlük Vətən müharibəsində Qarabağdan uzaq Gəncəni, Naftalanı, Tərtəri, Mingəçeviri hədəf alan ermənilər yüzlərlə dinc əhalini qətlə yetirdilər.

Bütün bu faciələri, soyqırımını törədən bir millətə havadarlıq etmək adını demokratik qoyan dövlətə xeyir gətirməyəcək, cənab Bayden.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video