İqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan nümunəsi getdikcə daha aktual olur
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrindən sonra qlobal iqlim səylərinin davamlı irəliləməsi və qəbul edilən qərarların həyata keçirilməsi üçün növbəti mühüm mərhələ olaraq Bonn İyun İqlim Sammiti ön plana çıxıb.
Sammit iqlim dəyişmələri ilə mübarizədə il ərzində görülən işlərin qiymətləndirilməsi, yeni tədbirlərin planlaşdırılması və BMT səviyyəsində siyasi iradənin artırılması üçün mühüm platforma olmaqla yanaşı, həm də COP kimi böyük konfranslara hazırlıq mərhələsi kimi də əhəmiyyət daşıyır.
Bu günlər Bonn İyun İqlim Sammiti - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Yardımçı Orqanlarının 62-ci Sessiyası (SB62) çərçivəsində Şarm-əl-Şeyx Dialoqunu əhatə edən 2025-ci ilin 1-ci vork-şopunun açılışı olub. Qeyd edək ki, "vork-şop" ingiliscədən tərcümədə müəyyən mövzuda insanları bir araya gətirən, təlim, müzakirə və praktik işlərin aparıldığı tədbir deməkdir. Haqqında bəhs etdiyimiz iqlim dəyişmələri üzrə keçirilən sessiya da bu qəbildəndir. Tədbirin əsas məqsədi inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə mübarizədə üzləşdikləri maliyyə çatışmazlıqlarının aradan qaldırılması yollarını müzakirə etmək olub. Dialoq çərçivəsində keçirilən vork-şop iştirakçılar arasında fikir mübadiləsi təşviq edilib, müxtəlif ölkələrin təcrübələri və uğurlu maliyyə mexanizmləri təqdim olunub.
Məlumat üçün bildirək ki, Şarm-əl-Şeyx Dialoqu 2022-ci ildə Misirdə keçirilmiş COP27 zamanı Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin əhatə dairəsi və həmin maddənin Sazişin 9-cu maddəsinə uyğunluğu (tamamlayıcılığı) barədə müzakirələrin keçirilməsi məqsədilə yaradılıb. Qərara əsasən, 2023-cü il ərzində COP27 sədrliyinin rəhbərliyi ilə iki seminar keçirilib. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 zamanı Şarm-əl-Şeyx Dialoqunun ilkin məqsədlərinə Paris Sazişinin 2-ci maddəsinin 1(c) bəndinin tətbiqi ilə bağlı anlayışın genişləndirilməsi əlavə edilib. Bundan başqa, dialoqun 2024-cü və 2025-ci illəri əhatə etməsi və bu çərçivədə UNFCCC katibliyi tərəfindən ildə iki dəfə seminarların keçirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda iclasların koordinasiyasının həyata keçirilməsi üçün COP28-in prezidenti tərəfindən müvafiq olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri təmsil edən isveçrəli və misirli iki həmsədr təyin edilib. Dialoq çərçivəsində müzakirələrə Paris Sazişinə tərəf dövlətlərlə yanaşı, müvafiq təşkilatlar və digər maraqlı tərəflər də qatılırlar.
Bu baxımdan COP29-un nəticəsi olaraq qəbul edilən Bakı Maliyyə Hədəfi iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirilir. Bakı Maliyyə Hədəfi ilk dəfə illik iqlim maliyyəsi üçün konkret rəqəmə əsaslanan qlobal məqsəd müəyyən edib. Bu, iqlim sahəsində öhdəliklərin sadəcə siyasi bəyanatlarla deyil, praktik və ölçülə bilən mexanizmlərlə dəstəklənməsi yönümündən əhəmiyyətli yenilik kimi qeyd olunub. Əsas məqsəd inkişaf etməkdə olan və iqlim dəyişmələrinə daha həssas olan ölkələrin iqlim maliyyəsinə çıxış imkanlarını genişləndirmək idi. Bununla yanaşı, Bakı sənədi dövlətlərarası əməkdaşlığı gücləndirmək, iqlimə uyğun investisiyalar üçün institusional çərçivələri möhkəmləndirmək və özəl sektorun iqlim maliyyəsində iştirakını stimullaşdırmaq üçün yeni təşəbbüslər və mexanizmlər təklif edib.
Bütün bunların davamı olaraq, Şarm-əl-Şeyx Dialoqu çərçivəsində keçirilən tədbirin açılında çıxış edən nümayəndələr iqlim dəyişmələrinə qarşı qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar və 2025-ci ildən sonrakı dövr üçün maliyyə öhdəliklərinin daha konkret və şəffaf şəkildə müəyyən olunmasına çağırış ediblər. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev açılış sessiyasındakı çıxışında iqlim maliyyələşməsi istiqamətində əldə olunmuş mühüm irəliləyişlərə diqqət yönəldib: "Bu hədəflə inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər edilməsi nəzərdə tutulur. Təşəbbüsün davamı olaraq Azərbaycan və Braziliya tərəfinə "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlamaq həvalə olunub və məqsəd 1,3 trilyon dollarlıq illik iqlim maliyyəsinin təmin edilməsidir".
AIDA rəisi çıxışında karbon bazarlarına dair 6-cı maddə üzrə onillik danışıqların yekunlaşdığı və bu mexanizmlərin 2050-ci ilə qədər 1 trilyon dollarlıq maliyyə axını yarada biləcəyini qeyd edərək COP29 zamanı inkişaf etməkdə olan ölkələr üçün maliyyə əlçatanlığının artırılması, kapitalın yüksək dəyəri və digər struktur maneələrin aradan qaldırılması məsələlərinə də toxunub. Elməddin Mehdiyev iqlim maliyyəsinin təkcə rəqəmlərlə deyil, praktiki tədbirlərlə və yerli səviyyədə nəticələrlə müşayiət olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu istiqamətdə Şarm-əl-Şeyx Dialoqunun mühüm dialoq platforması rolunu oynadığını bildirib və Bakı Maliyyə Hədəfinin icrasında 2.1(c) maddəsinin əhəmiyyətini vurğulayıb.
Hələ ötən ilin noyabrında COP29 çərçivəsində Bakıda keçirilən iclaslarda iqlim maliyyəsinin funksionallığının artırılması, Paris Sazişinə uyğun maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və "yaşıl investisiya"ların təşviqi məsələləri ətrafında geniş və məqsədyönlü müzakirələr aparılmışdı. Əsas diqqət mövcud mexanizmlərin fəaliyyətinin təhlili, vəsaitlərin daha sürətli ötürülməsi, şəffaflığın artırılması və nəticələrin ölçülməsi sistemlərinin təkmilləşdirilməsi üzərində cəmlənmişdi. Bununla yanaşı, Paris Sazişinin 2.1(c) maddəsinə uyğun olaraq maliyyə axınlarının iqlimə davamlı inkişafla uyğunlaşdırılması üçün daha sistemli və uzunmüddətli yanaşmaların formalaşdırılması vacibliyi diqqətə çatdırılmışdı.
Bonn İyun İqlim Sammitində bəzi ölkələr əlavə maddələr irəli sürüblər ki, bu da fikir ayrılığına və razılığa gəlməkdə tərəddüdə səbəb olub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) katibliyinim üzvü Karin Simonson deyib ki, bu səbəblərdən dolayı bir çox diplomatik danışıq konkret izah, diplomatik təcrübə və səbir tələb edir. "Sessiyanın ilk günündə vaxt məhdudiyyətlərinə görə tərəflər arasında razılığın əldə olunması mümkün olmadı. Bu gün gecikməyə baxmayaraq, bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çoxtərəfli prosesin gücünü göstərdi. Konsensus yaratmaq vaxt aparır, amma bu proses həm güclü, həm də zəif tərəfləri ilə çoxtərəfliliyin əsasını təşkil edir. COP29-un sədrliyi Bonnda İyun İqlim Görüşlərində aparılan danışıqlarda körpü rolu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi", - deyə UNFCCC-nin nümayəndəsi bildirib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"