04 Avqust 2017 01:08
359
Mədəniyyət
A- A+
Şərəfli alim ömrü

Şərəfli alim ömrü

 

Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Vahab oğlu Əzizov şərəfli ömür sürən ziyalılarımızdandır. O, həyatının 50 ilə yaxın bir dövrünü Azərbaycanda biologiya elminin inkişafına sərf etmişdir. 

İ.Əzizov 1947-ci ildə Zaqatala rayonunun Qarqay kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1953-cü ildə kənd yeddiillik məktəbində almışdır. 1961-ci ildə Zaqatala Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur. 1965-ci ildə təyinatla kolxozda işləməyə başlamışdır. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirmiş və Zaqatala rayonunun Qandax və Mosul kənd orta məktəblərində biologiya və kimya fənlərini tədris etmişdir.
1972-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına daxil olmuşdur. Tale onu böyük alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı akademik Cəlal Əliyevin yanına gətirmişdir. Aspiranturada təhsil aldığı illərdə Cəlal Əliyevin rəhbərliyi ilə məhsuldarlığına görə fərqlənən müxtəlif buğda sortlarının ontogenezində xloroplastların fotokimyəvi fəallığının tədqiqi ilə məşğul olmuşdur. Akademik gənc İbrahim üçün təkcə elmi rəhbər olmamış, eyni zamanda, bütün tələbələri kimi ona da himayədarlıq etmiş, daim diqqət və qayğı göstərmişdir.
1978-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutunun nəzdində “Fotosintezin fiziologiyası” laboratoriyası təşkil olunur və İbrahim Əzizov həmin laboratoriyanın ilk əməkdaşı - baş laborant vəzifəsinə təyin olunur. Akademik Cəlal Əliyevin rəhbərliyi altında apardığı tədqiqatlarda onun tərəfindən xloroplastların fotokimyəvi fəallığı ilə bitkilərin yetişkənlik müddəti və məhsuldarlığı arasında korrelyasiya aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, yüksək məhsuldarlığa malik tezyetişən buğda sortlarında xloroplastların fotokimyəvi fəallığı hələ ontogenezin ilkin mərhələlərində gecyetişən sortlara nisbətən daha yüksək olur. Bu dövrdə xloroplastların yüksək fotosintez fəaliyyəti nəticəsində sintez olunan assimilyatların bir hissəsi böyümə proseslərinə sərf olunur, digər hissəsi isə ehtiyat halında toplanaraq ontogenezin sonrakı dövründə sünbüllərin əmələ gəlməsinə və dənin dolmasına sərf olunur. Ona görə də ontogenetik inkişafın ilk mərhələlərində fotokimyəvi reaksiyaların sürətinə görə buğda sortunun tez və ya gecyetişən olması haqqında əvvəlcədən fikir söyləmək mümkündür. Onun əldə etdiyi bu nəticələr M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri - professorlar T.Krendelyeva və B.Rubinin tədqiqatlarında da öz təsdiqini tapmışdır. 1987-ci ildə laboratoriyada ixtisaslı kadrların sayı artır və bura 4 qrupdan ibarət “Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsinə çevrilir. Nəhayət, bu şöbənin əsasında 2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılır. Hazırda İbrahim Əzizov Xloroplastların fotokimyası laboratoriyasının müdiri kimi həmin institutda öz fəaliyyətini uğurla davam etdirir.
Bu illər ərzində İ.Əzizov ona göstərilən etimadı tam doğrulda bilmişdi. 1981-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə “Müxtəlif məhsuldar buğdaların ontogenezində xloroplastların fotosintez qabiliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. O, öz tədqiqatlarını uğurla davam etdirmiş və alınan nəticələr əsasında 1994-cü ildə “Məhsuldarlığı və becərilmə şəraiti ilə əlaqədar olaraq müxtəlif buğda sortlarının assimiləedici orqanlarından ayrılmış xloroplastlarda fotokimyəvi reaksiyaların fəallığı” mövzusunda dissertasiya işini müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
İbrahim Əzizov fotosintezin fiziologiyası sahəsində tanınmış mütəxəssisdir. O, uzun illər ətraf mühitin əlverişsiz amillərinin - yüksək temperatur, quraqlıq, şoranlıq və radiasiyanın müxtəlif buğda genotiplərinin fotosintetik aparatına və məhsuldarlığına təsirini öyrənmişdir. Aparılan kompleks tədqiqatların nəticələri akademik Cəlal Əliyevin rəhbərliyi ilə daha davamlı yüksək məhsuldar sortların yaradılmasına gətirib çıxarmışdır. Hazırda İ.Əzizov müasir fizioloji, biokimyəvi və biotexnoloji yanaşma metodlarından istifadə etməklə ali bitkilərdə və birhüceyrəli yosunlarda duzadavamlılığın mexanizminin aydınlaşdırılması istiqamətində tədqiqatlarını davam etdirir.
Daim elmi axtarışlarda olan alim AMEA-nın digər institutları ilə əməkdaşlıq edir. Akademiyanın Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə birgə apardıqları tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddələr alınmış, həmin maddələr bitki və heyvan orqanizminə daxil edilərək onların şüaqoruyucu xassələri tədqiq edilmişdir. Alınan fizioloji maddələr içərisində yapon saforası, boymadərən, gülümbahar, dazıotu, zəncirotu çiçəklərindən və yaşıl qoz meyvəsindən alınan ekstraktların radioprotektor xüsusiyyətlərə malik olduğu təsdiqlənmiş və onların praktikada tətbiqi tövsiyə edilmişdir.
İ.Əzizov bir sıra yerli və beynəlxalq layihələrin bilavasitə iştirakçısı və rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə “Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının bioremediasiya üsulunun işlənib hazırlanması”, “Gəncə ətrafı çirklənmiş torpaqların təmizlənməsində yeni üsulların tətbiqi” kimi beynəlxalq qrand layihələri yerinə yetirilmiş və çirklənmiş torpaqların təmizlənməsinin yeni, ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli metodları işlənib hazırlanaraq praktikaya tətbiq edilmişdir. Bu metodun əsasını təbiətdə canlılar arasında mövcud olan trofik əlaqələr təşkil edir. Neft məhsulları ilə çirklənmiş torpaqlar şumlandıqdan sonra peyin-humus qarışığı ilə zənginləşdirilir. Humusun tərkibində olan bakteriya və göbələklər yüksək molekullu neft karbohidrogenlərini parçalayaraq zərərsizləşdirilir. Müəyyən müddətdən sonra həmin torpağa yağış qurdları əlavə olunur və onların fəaliyyətinə nəzarət edilir. Yağış qurdları torpaq hissəciklərini həzm sistemindən keçirərək keyfiyyətini yaxşılaşdırırlar. Əgər onlar çoxalıb arta bilirlərsə, həmin torpağa otların toxumları səpilir. Belə torpaqlarda ilk olaraq sürünən ayrıq yaxşı inkişaf edir, torpağın strukturunu yaxşılaşdırır və digər bitkilərin inkişafı üçün şərait yaradır. Bu üsulla neft məhsulları ilə çirklənmiş torpaqları 3 il müddətinə əkin üçün yararlı hala salmaq mümkündür. İ.Əzizov tərəfindən su çatışmazlığı şəraitində biogen elementlərin buğda cücərtilərinin böyümə və inkişafına, yarpaqlarda piqmentlərin miqdarına təsiri öyrənilmişdir.
Görkəmli alim apardığı elmi tədqiqat işlərinin nəticələrinə görə bir sıra beynəlxalq elmi konfranslara dəvət alaraq məruzələrlə çıxış etmiş və onun əldə etdiyi nəticələr xarici ölkə alimlərinin marağına səbəb olmuşdur. O, öz elmi tədqiqatlarının nəticələrini 241 elmi əsərdə, o cümlədən iki monoqrafiyada dərc etmişdir.
İbrahim Əzizov 2005-ci ildə akademiyanın 60 illik yubileyi münasibətilə keçirilən geniş iclasda elmi yaradıcılığında əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir
İbrahim müəllimin zəngin elmi fəaliyyəti ilə yanaşı, çoxillik pedaqoji təcrübəsi də var. O, 1985-ci ildən Bakı Dövlət Universitetinin biologiya fakültəsində ixtisas kurslarını aparır, yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə 6 magistr, 7 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.
İ.Əzizov elmi-pedaqoji fəaliyyətilə yanaşı, akademiyanın elmi-təşkilati işlərində də yaxından iştirak edir. O, 2001-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, 2011-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə ekspert şurasının sədri, “AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası)” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
İbrahim Əzizov uzun illər Botanika İnstitutunun Elmi Şurasının və institutun nəzdində olan müdafiə şurasının üzvü olmuşdur və bu gün də uğurla öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvüdür. O, Ukrayna Genetiklər və Seleksiyaçılar, Radiobioloqlar cəmiyyətlərinin, “Orqanizmlərin eksperimental təkamülünün amilləri” jurnalının redaksiya heyətinin üzvüdür.
İbrahim Əzizov eyni zamanda, cəsarətli və vətənpərvər bir insandır. Ölkənin ən ağır vaxtlarında - 1992-ci ilin 16 oktyabrında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri məhz İbrahim Əzizov olmuşdur.
İbrahim müəllim xeyirxah insan, hər zaman hamının köməyinə çatan həmkardır. O, gənclərə daim yardım etmiş, qayğı göstərmiş və bu diqqətini indi də onlardan əsirgəmir. Çalışdığı kollektivin, geniş ictimaiyyətin rəğbətini qazanmışdır.
İnsan ömrü çox uzun görünsə də, əslində, çox qısadır. Odur ki, tez-tez fikirləşirsən: ömrümü əbəs keçirməmişəm ki? Mənalı həyat necə olur?
Bu sualla kimə müraciət etsən, hər kəs özünə görə fərqli cavab verəcək: kiminə görə mənalı yaşamaq, ali təhsil almaq, kiminə görə ailə həyatı qurmaq, kiminə görə isə karyerasında yüksək vəzifələr tutmaqdır... Doğuluruq, həyatımızın bir hissəsi uşaqlıq və yeniyetməlik dövründən ibarət olur, sonra ali təhsil, iş həyatı və s. İnsan keçmişə baxanda çox uzun görünən həyatından sadəcə, bir neçə şey xatırlayır, gündəlik həyat insanı fiziki və zehni olaraq məşğul edir, ayların, illərin necə keçdiyinin fərqinə belə varmır.
Bu gün 70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov şərəfli bir alim ömrü yaşayır. İslam dininin elmə və alimə verdiyi dəyər heç kimə sirr deyil. “Həqiqi alim ən yüksək mənəvi məqam sahibidir” - deyirlər. İ.Əzizov da məhz bu uzaq yola çıxmış, öz mənalı həyatını Azərbaycanda biologiya elminin inkişafına həsr etmiş insanlardandır.

İradə HÜSEYNOVA,
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!