Qeyri-neft sektorunun inkişafı strateji mahiyyət
daşıyan bir neçə problemin həllinə imkan yaratmışdır. İlk növbədə ərzaq sarıdan
ölkənin daxili tələbatı ödənməklə nəinki idxaldan asılılıq azalmış, hətta ixrac
potensialı artmışdır. Bundan başqa, əhalinin məşğulluğunun təmin olunması istiqamətində
yüksək nəticələr əldə edilmiş, kiçik və orta sahibkarlığın inkişafı sürətlənmişdir.
Bunu Tovuz
rayonunun timsalında da görmək olar. Cari ilin birinci yarısında qazanılan uğurlar
onu deməyə əsas verir ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı davamlı tədbirlərin
həyata keçirilməsi nəticəsində makroiqtisadi göstəricilərdə dinamik artım müşahidə
olunur. Belə ki, 6 ayda rayon üzrə sənaye məhsullarının istehsalı 19,4, kənd təsərrüfatı
məhsulları istehsalı 25,6, orta aylıq əməkhaqqı 36,3 faiz artmışdır.
Əvvəlki illərdən
fərqli olaraq rayon iqtisadiyyatına yönəldilən investisiyaların həcmində də artım
olmuşdur - 56,9 faiz. Həmin hesaba tikinti-quraşdırma işlərinin həcmi xeyli artmış,
rayon mərkəzində, kənd və qəsəbələrdə abadlıq işləri aparılmışdır. Tovuz şəhərində
Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti, Tarix-Diyarşünaslıq və Bayraq muzeyləri
təmir olunmuş, Qovlar şəhər 2 saylı uşaq bağçasının tikintisi başa çatdırılmış,
Alakol kənd orta məktəbinin, "Asan xidmət” mərkəzinin, "ABAD” bitkilərin qurudulması
və emalı müəssisəsinin tikintisi sürətlənmişdir.
İllik istehsal
gücü 700-800 ton ət olan "Aqropark”ın, eləcə də Alakol kəndində dənli bitki toxumlarının
istehsalı müəssisəsinin tikintisində də işlər davam edir. Eyni
zamanda, Alakol kəndində 624, Bozalqanlı kəndində 1200 şagirdlik məktəb binalarında
tikinti işləri, Aşağı Quşçu və Köhnəqala kənd məktəblərində əsaslı təmir işləri
aparılır. Şamlıq və Güvəndik kəndlərində isə modul tipli məktəb binaları quraşdırılır.
Rayonun yol
infrastrukturu da yenilənir. Bu məqsədlə dövlət başçısı 6 sərəncam imzalamış, həmin
hesaba ümumilikdə 200 kilometrdən çox yol əsaslı təmir edilmişdir. Bundan başqa,
Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala
avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün əlavə vəsait ayrılmışdır.
Hazırda Tovuz
şəhərində yeni içməli su şəbəkəsindən 8 minə yaxın əhali davamlı olaraq istifadə
edir. İndi isə yüksək mərtəbəli binaların su təchizatında olan problemlərin aradan
qaldırılması üçün tədbirlər görülür.
Rayonda aqrar
sahənin inkişafı istiqamətində də uğurlu göstəricilərə nail olunur. Söz yox ki,
kənd təsərrüfatının inkişaf etdirilməsində dövlət dəstəyi başlıca rol oynayır və
bunu tovuzlu fermerlər də hər zaman öz fəaliyyətlərində hiss edirlər. Məhz bunun
nəticəsidir ki, yarım ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda fəaliyyət
göstərən fiziki və hüquqi şəxslərə 21 layihə üzrə 1 milyon 439 min manat güzəştli
kredit verilmiş, həmin layihələrin icrası nəticəsində 25 yeni iş yeri açılmışdır.
Tovuzda əhalinin
təbii qazla təminatının yaxşılaşdırılması üçün də xeyli iş görülmüşdür. Təkcə cari
il 52 yaşayış məntəqəsində 455 abonentə qaz verilmişdir ki, bununla da rayonda mavi
yanacaqla təmin olunan evlərin sayı 32 mini keçmişdir. Hazırda Yuxarı Öysüzlü kəndinin yeni yaşayış massivində
71 evin qazlaşdırılması davam edir.
Məlum olduğu
kimi, bu il dövlət başçısının təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul
edilmişdir. Bu sahədə həyata keçirilən işlər Tovuz rayon əhalisinin də güzəranına
əhəmiyyətli təsir etmişdir. Belə ki, rayonun 35 min nəfərdən çox sakini hazırda
ilk sosial paketdən bəhrələnir.
Sabir ƏLİYEV,
"Azərbaycan”