Bəzən onlara ağ xalatlı mələklər də deyilir. Əgər bir həkim "tələsirəm", "vacib işim var" deyirsə, ağla ilk gələn fikir bu olur ki, həkim hansısa xəstənin köməyinə tələsir.
Həkimlik müqəddəs peşədir. Elə həkimlərimiz var ki, öz sağlamlıqlarını qurban verəcəklərini bilsələr belə, geri çəkilmir, bir xəstəni, köməyə ehtiyacı olanı xilas etmək üçün həyatları ilə risk edirlər. Müqəddəs Hippokrat andına sadiq qalırlar. Biz Vətən müharibəsində bunun nümunəsini gördük. Yaralı əsgərlərimizi xilas etməyə çalışan neçə həkim namərd gülləsinin qurbanı oldu.
Dünən həkimlərin peşə bayramı günü idi. Sağlımlığımızın keşiyində duran bu nəcib insanların peşə bayramı ərəfəsində Mərkəzi Neftçilər Xəstəxanasında olduq. Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanası 1956-cı ildən fəaliyyətə başlayıb. İlk günlərdən də respublikamızda əsl sağlamlıq ocağı, şəfaxana kimi tanınıb. Yüksək peşəkar həkimlərin cəmləşdiyi bu şəfqət ocağı Azərbaycanda bir çox ilki, uğuru ilə fərqlənib. Bircə faktı qeyd edək ki, Azərbaycanda ilk orqan transplantasiyası Neftçilər Xəstəxanasında icra edilib. Burada indiyədək 500-ə yaxın qaraciyər, 100-ə yaxın böyrək köçürülmə əməliyyatı keçirilib.
Bu gün həmin səhiyyə ocağında müasir tibbi xidmətlərin bir çox sahəsi cəmləşib. Xəstəxanada çoxsaylı ixtisaslaşdırılmış şöbə var və onlar müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada xəstələrə keyfiyyətli xidmət göstərmək üçün müxtəlif müayinə və müalicə üsulları tətbiq edilir. Təbii ki, xəstəxananın uğurlu fəaliyyəti əsasən burada çalışan yüksəkixtisaslı həkim heyəti ilə bağlıdır. Xəstəxanada peşəkar, geniş təcrübəyə malik 238 həkim, 375 orta tibb işçisi fəaliyyət göstərir.
Mərkəzi Neftçilər Xəstəxanası həm də respublikamızda ixtisaslı kadrların hazırlanmasında əsl baza rolunu oynayır. Bir zamanlar burada çalışan kadrlar indi respublikanın bir çox tanınmış tibb müəssisəsinə həm rəhbərlik edir, həm də peşəkar mütəxəssis kimi çalışırlar.
Xəstəxananın İctimayyətlə əlaqələr şöbəsinin müdiri Həqiqət Həmzəyeva qeyd edir ki, xəstəxananın ölkədə kardiocərrahiyyə sahəsində xüsusi xidmətləri var. Klinika ağır və mürəkkəb ürək əməliyyatlarının uğurla aparılması ilə seçilir. Həmsöhbətimiz onu da deyir ki, pandemiya dövründə xəstəxana pasiyentlərə yüksəkkeyfiyyətli tibbi xidməti ilə fərqlənib. O ağır günlərdə bu tibb ocağı 4500-ə yaxın COVID-19 virusuna yoluxmuş xəstəni müalicə edərək həyata qayıtmasına vəsilə olub.
Xatırladaq ki, 2020-ci ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanası TƏBİB-ə (Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi) tabe olan səhiyyə müəssisəsi kimi fəaliyyət göstərir. Elə 2020-ci ildən də xəstəxanaya ixtisasca anestezioloq-reanimatoloq, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsi iştirakçısı Musa Abbasov rəhbərlik edir. O, ABŞ, Belçika, Almaniya, Fransa və Türkiyədə xəstəxana idarəetməsi və elektron-idarəetmə sistemləri üzrə təlimlərdə iştirak edib. Respublikamızda bacarıqlı səhiyyə təşkilatçısı kimi tanınan Musa Abbasov MNX-dəki rəhbərliyi ilə paralel olaraq Yeni Klinikada da direktor vəzifəsini müvəqqəti icra edib.
Söhbət zamanı Əməkdar həkim Musa Abbasov deyir:
- Mərkəzi Neftçilər Xəstəxanası kimi müsbət imici, tarixi ənənəsi olan bir sağlamlıq ocağında çalışmaq şərəfdir. Bizdən əvvəl klinikaya rəhbərlik edən, burada çalışan ölkənin çox tanınmış həkimləri bu sağlamlıq ocağında Azərbaycan səhiyyəsinin şanlı tarixini yazıblar. Xəstəxanamızın tarixi vətəndaşlarımızda elə bir rəy formalaşdırıb ki, insanlar sağlamlıqlarının qayğısına qalmaq üçün etibarlı bir ünvan kimi buranı seçirlər. Mərkəzi Neftçilər Xəstəxanasına bu imici bizdən əvvəl çalışan həkimlərimiz qazandırıblar. Bildiyimiz kimi, əvvəllər xəstəxana əsasən neft sənayesində çalışan insanlara xidmət göstərib. Mən 2020-ci ildən bu xəstəxanada çalışıram. Həmin il qan yaddaşımıza şərəfli bir tarix kimi yazıldı. 2020-ci il zəfərimizin tarixini ehtiva edən, bizə bir ömür qürur yaşamağı bəxş edən bir ildir. 2020-ci il yaddaşımıza Vətən müharibəsinin başladığı tarixi hadisə ilə həkk olunub. Müharibə bazar günü başlamışdı. Həmin gün bütün həkimlərə hazır olmaları üçün müraciət etdik. Heç bir saat çəkmədi ki, bütün tibbi heyət xəstəxanaya toplaşdı.
Müharibə dövründə biz müalicələrimizi yalnız Neftçilər Xəstəxanasında deyil, xüsusi xəstəxana heyəti, cərrahi briqadalarımızla birlikdə tibb bacıları, həkimlər, ambulanslarımızla, cərrahi alətlərimizi, avadanlıqlarımızı maşınlara yükləyərək bilavasitə cəbhəyə yaxın yerdə xidmət göstərmək üçün döyüş bölgəsinə yollandıq. Deyim ki, müharibə başlayanda ora getmək üçün hər hansı bir tapşırıq almamışdıq. Bu, bir vətənərvərlik, Vətən qarşısında vicdan borcumuz idi. Çox qəribə idi ki, illərdir biz döyüşün başlanacağı anı gözləyirdik. Ali Baş Komandanın xalqa müraciətini eşidəndə sevincimizdən göz yaşı axıdıb bir-birimizi təbrik edirdik. Biz ilk dəqiqədən Ali Baş Komandanımızın qətiyyətindən, inamından qələbəmizi görürdük.
Müharibənin ikinci günü artıq biz Gəncədə Abbas Səhhət adına Xəstəxanada idik. COVID-19 dövrü olduğu üçün həmin xəstəxana virusa yoluxan xəstələr üçün nəzərdə tutulmuşdu. Xəstələri oradan təxliyə edib, dezinfeksiya işləri apardıq və orada Mərkəzi Neftçilər Xəstəxanasının filialı kimi hospital yaratdıq. Xəstəxanada eyni vaxtda 50 nəfərdən çox tibbi heyət çalışırdı. Elə ilk dəqiqələrdən cəbhə bölgəsindən gələn yaralıları qəbul edib əməliyyatlara başladıq. 44 gün ərzində 900 nəfərdə cərrahi əməliyyat apardıq. Əməliyyat jurnalımızda hər bir xəstənin adı, soyadı, icra olunan əməliyyatların təsnifatı qeyd edilib. Bu həm də bizim həkimlərin şərəfli əməklərinin şanlı tarixidir. Həkimlərimiz əsl fədakarlıq göstərdilər. 24 saat fasiləsiz, sözün əsl mənasında, gecə-gündüz çalışırdılar. Elə əməliyyatlar olurdu ki, 12-13 saat çəkirdi. Bu yerdə xüsusi olaraq bir məqamı xatırlatmaq yerinə düşər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizlərə, həkimlərə belə bir tapşırığı olmuşdur ki, maksimum dərəcədə çalışın heç bir əsgərin, heç bir döyüşçünün barmağı belə amputasiya olunmasın. Onlara mənim balalarım, özünüzün əzizi kimi diqqət göstərin. Çalışırdıq ki, daxil olan yaralıların ayaqlarını, əllərini amputasiya etməyək. Elə yaralımız var idi ki, 11 saat onun üzərində işləməli olurduq. Müharibənin öz qanunları var. İlk növbədə xəstənin həyatını xilas etmək lazım gəlir. Böyük qanaxmalarda, parçalanmış yaralarda həkim qısa zamanda xəstənin həyatını xilas etməyə çalışmalıdır. Buna baxmayaraq, həkimlərimiz vicdanla çalışaraq Vətən üçün can verən, qan tökən oğullarımız gələcəkdə əlil həyatı yaşamasın deyə 12 saat, 3-4 biriqada əməliyyatda iştirak etdi, amma bir nəfəri də olsun amputasiya etmədik. Qürur duyuruq ki, bu müddətdə həm də ölüm hadisəsi olmadı. Biz müharibə dövrünü şərəflə başa vurduq. Müharibə qurtardıqdan sonra da Zəfər çalmış ordunun bir hissəsi olaraq Ali Baş Komandandan təşəkkür alıb Bakıya, iş yerimizə qayıdıb fəaliyyətimizi davam etdirdik.
Həmsöhbətimiz bildirdi ki, həkimlik iş yeri deyil, məsləkdir, əqidədir, yaşam tərzidir: "İnsanlara şəfa verərkən, ehtiyacı olanın dərdinə şərik olarkən mənəvi rahatlıq tapırıq. Özü də belə bir xəstəxanada çalışmağın başqa bir zövqü var. Neftçilər Xəstəxanası ilk olaraq ölkənin iqtisadi, hərbi gücünə güc qatan, neft sənayesində çalışan insanlara həm ilk, həm də bu gün xidmət göstərən sağlamlıq ocağı kimi dövlət xəstəxanaları arasında brendləşmiş bir xəstəxana modelidir. Xoşbəxtik ki, bizə etibar edilən bu mirası davam etdirmək vəzifəsini üzərimizə götürmüşük".
Söhbətimizə xəstəxananın Ümumi cərrahiyə və orqan transplatasiyası şöbəsinin müdiri Elmir Əsgərov qoşulur. Öyrənirik ki, Elmir həkim bir müddət İzmir Unveristetində, Ege Xəstəxanasında çalışıb. 2015-ci ildən fəaliyyətini ölkəmizdə davam etdirir. 2018-ci ildən Neftçilər Xəstəxanasında Ümumi cərrahlıq və orqan transplantasiyası şöbəsinə rəhbərlik edir.
Yaponiyanın Mərkəzi Xərçəng Xəstəxanasında mədə qida borusu cərrahiyyəsi üzrə xüsusi kurs keçən Elmir həkim deyir ki, Neftçilər Xəstəxanası çoxsahəli xəstəxanadır: "Burada ürək-damar cərahiyyəsi, urologiya, tramatologiya, beyin cərrahiyyəsi icra olunur. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycanda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də sürətlə inkişaf edir. Əsas prioritetimiz xəstələrə yalnız sağlamlıq vermək deyil, həkimlərin özünün inkişafı da prioritetimizdir. Biz həm ölkə daxilində, həm də xaricdə təhsilimizlə məşğul oluruq. Özümüzü dünya səviyyəsində tibbə çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik".
Elmir həkim xüsusi olaraq qeyd edir ki, Azərbaycan Prezidenti bu gün səhiyyənin inkişafının, imkanlarının bütün əhaliyə əlçatan olması üçün ciddi işlər görür: "Artıq aparılan isahatlar öz nəticəsini verməkdədir. İcbari tibbi sığortanın ölkəmizdə tətbiqini səhiyyədə inqilab adlandırsaq səhv etmərik. Səhiyyə sahəsində çalışan həkimlərin, tibb işçilərinin təhsili, elmi bazasının yaxşılaşdırılması ilə yanaşı, maddi-texniki bazanın da gücləndirilməsi istiqamətində böyük işlər görülür. Ölkəmizdə sürətlə müasir tibbə inteqrasiya prosesi gedir. Ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar, cihazlar alınıb və onlarla işləmək vərdişi formalaşır. Bildiyimiz kimi, cərrahiyyə işi bir həkimlə tamamlanan iş deyil, kollektiv işdir. Tibbdə mən deyil, biz prinsipi işləyir. Bir əməliyyatın ərsəyə gəlməsi üçün böyük briqada çalışır. Qazandığımız uğurları bir nəfərin yox, kollektivin uğuru hesab edirik".
Elmir həkim vurğulayır ki, xəstəxanada tibbi xidmətlə yanaşı, tibbi təhsilə də önəm verirlər: "Gənc rezidentlərimizin, cərrahların yetişməsi üçün xidmətlər göstəririk. Azərbaycanın gələcək cərrahlarının, həkimlərinin yetişməsi üçün ciddi çalışırıq. Azərbaycan hamımızındır. Bu Vətənə xidmət etmək hamımızın borcudur".
Terapiya xidmətləri üzrə direktor müavini Saleh Hüseynovla da həmsöhbət oluruq. Saleh həkim söhbətə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin üstünlükləri ilə başlayır:
- İcbari tibbi sığortanın tətbiqi vətəndaşlarımızın tibbi xidmətdən istifadəsini daha əlçatan etdi. Sizə deyim ki, iqtisadi cəhətdən bu, çox ağır və ciddi bir prossesdir. Dünyanın inkişaf etmiş ölkələrində - istər Avropada, istər də Amerikada özəl strukturun inkişafına baxmayaraq, dövlət sektorunda səhiyyənin bu qədər əlçatan olduğunu təsəvvür etmək belə çətindir. Həmin ölkələrdə insanlar sığorta sistemi ilə müalicə almaq üçün aylarla növbə gözləməli olurlar. Hazırda ölkəmizdə istənilən vətəndaş bir gündə 4-5 həkimin müayinəsindən keçə bilir. Bunun müsbət və mənfi tərəfləri var. Xəstələrin müayinəsi vaxtı bir neçə gün əvvəl təyin olunmadığı üçün bəzən ajiotaj yaranır, sıxlıq əmələ gəlir. Elə olur ki, xəstələr hər şeyi düzgün qəbul etmir, gözləmək istəmir, səbirsizlik edirlər. Düşünürəm ki, sistem daha da təkmilləşəcək. Xəstələr müalicə olunmaq üçün onlayn müraciət edib əvvəlcədən növbə götürəcəklər. Gəlib dəhlizlərdə saatlarla növbə gözləmək məcburiyyətində qalmayacaqlar.
İcbarı tibbi sığortanın imkanları hesabına xəstəxanamızda indiyə kimi tətbiq olunmayan tibbin imkanlarından istifadə edib yeni ürək əməliyyatları icra edirik. Bu günlərdə süni olaraq açıq əməliyyat etmədən adi damardan girərək ürək klapanı əməliyyatı etmişik.
Son illər həm texniki təchizatda çox ciddi dəyişikliklər olub, həm də xəstə məmnuniyyəti artıb. Neftçilər Xəstəxanasında tək sıxıntı bizə müraciət edən xəstələrin sayının artmasındadır. Məqsədimiz bizə müraciət edən xəstələrin sağlamlığını bərpa edib vətəndaş məmnunluğuna nail olmaqdır. Tibbə aid müasir avadanlıqların alınması, təchizatın yaxşılaşdırılması tibb sahəsindəki yeniliklərlə bağlı yeni şöbələrin açılmasını da şərtləndirir.
Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli və stajlı həkimi nevropotoloq Laləxanım Hüseynova söhbətinə keçmişdən başlayır:
- Əvvəlki illərlə müqayisədə tibbdə inqilabi yeniliklər olub. Texniki təminat müqayisəolunmaz dərəcədə güclənib, fərqli bir keyfiyyət yaranıb. Biz indi xəstələrə dövlət hesabına yüksək səviyyədə tam pulsuz xidmət göstəririk. Blirsiniz bu nə deməkdir? Dövlətin vətəndaşının sağlamlığına xüsusi diqqəti. Sözdə yox, əməldə vətəndaşa olan dövlət qayğısı. İcbari tibbi sığortanın tətbiqi cox ciddi maddi vəsait tələb edən bir proqramdır. Adam şəxsiyyət vəsiqəsini cibinə qoyub, evindən çıxıb bir qəpik pul xərcləmədən tam müayinə və müalicə almaq imkanı qazanıb. Bu, çox yaxşı haldır. Amma bunun yaxşı olmayan bir tərəfi də var. Elə xəstələr var ki, ardıcıllıqla bütün xəstəxanaları gəzib müxtəlif həkimlərin qəbulunda olurlar. Hətta sui-istifadə halları da var. Məsələn, özəl xəstəxanalar bilirlər ki, dövlət xəstəxanalarında bahalı müayinələr pulsuzdur. Onlar gəlib dövlət xəstəxanasında bu xidmətlərdən pulsuz istifadə edib, 7-8 müayinədən keçib gedirlər özəl xəstəxanalara. Orada da istədikləri nəticəni əldə edə bilməyib dövlət xəstəxanalarına qayıdırlar. Bu zaman vaxt itkisi olur. Bəzən xəstələrin səhhətinin ağırlaşması ilə də nəticələnir.
Mənə elə gəlir ki, icbari tibbi sığorta ilə özəl klinikalar koordinasiyalı şəkildə işləməlidirlər. Bu gün xəstələrin lazım olmadığı halda sığortanın imkanlarından istifadələri ciddi problem yaradır. Heç bir xəstəliyi olmayan adamlar vaxtaşırı həkimə müraciət edib vaxt alırlar. Uzun-uzadı növbələr gerçək xəstələrin müayinə və müalicəsində problem yaradır. Anlayıram, insanların müayinədən keçmələri təbii haqqlarıdır. Amma heç bir xəstəliyi olmadığını bilə-bilə bütün xəstəxanaları gəzib, macəra axtarıb növbə yaratmaq yolverilməzdir. Digər bir problem isə nəticələrin gec çıxmasıdır. MRT olunan xəstələrin cavabı 10 günə bəlli olur. Bu müddətdə nəticəni görməmiş həkim də təyinat verə bilmir. İstər-istəməz həkim-xəstə münasibətlərində gərginlik yaşanır. Bunun da səbəbi yenə xəstələrin lazımsız yerə sıxlıq yaratmalarıdır.
Travmatologiya və ortopediya şöbəsinin müdiri cərrah Sənan Tağıyev 2022-ci ildən Neftçilər Xəstəxanasında çalışır. Sənan həkim deyir:
- Xəstəxanamızda yüksək peşəkarlıqla endoprotezləşmə əməliyyatları, sınıq əməliyyatları, əl cərrahiyyəsinə aid əl kəsik, əl travmalarının, anadangəlmə əl problemlərini cərrahi yolla aradan qaldıra bilən cərrahlarımız fəaliyyət göstərir. Əsas işimiz travma və artoplastika sahəsindədir. Endoprotezləşmə sahəsində ciddi işlər görürük. Əl yaralanması dedikdə yalnız böyük makroskopik yaralanmanı yox, həm də mikroskopik əməliyyatları nəzərdə tuturam. Əldə mikroskopik səviyyədə zədələnmələrin də cərrahi müalicəsini həyata keçirə bilirik. Yəni mikroskopik cihazlarla damarları əməliyat edirik. Xəstələrimiz, anadangəlmə xəstə doğulanlarımız narahat olmasınlar. Onların xidmətində gecə-gündüz duran, qayğılarını doğmaları kimi çəkən Mərkəzi Neftçilər Xəstəxanası var. Biz tibbin imkanlarından istifadə edib insanlara sağlam həyat bəxş etmək üçün gecəmizi gündüzümüzə qatan həkimlərik.
Bələdçimiz Həqiqət Həmzəyeva ilə palataları gəzirik. Öyrənirik ki, Vətən müharibəsi şəhidi Eltac Mirzəyevin anası və atası burada müalicə alır. Hər ikisi əməliyyat olunub. Şəhid anası Ruhiyyə Hüseynova bizimlə söhbətdə bildirir ki, əməliyyatı gənc həkim Zümrüd Əliyeva həyata keçirib: "Oğlum Xocavəndin azadlığı uğrunda döyüşlərdə şəhid olub. Xəstəxanaya yerləşdiriləndə şəhid valideyni olduğumuzu biləndə xəstəxananın kollektivi bizə daha qayğı ilə yanaşdılar. Təkcə sağlamlığımızı bərpa etməklə kiayətlənmədilər, həm də dərdimizi unutdurmağa çalışdılar. Buradakı qayğını, hörməti görəndə təsəlli tapdıq ki, bu vətən, bu vətənin övladları üçün can verməyə, qan tökməyə dəyər. Bizə təsəlli verən odur ki, bir övlad itirmişiksə əvəzində yüzlərlə qədirbilən övlad, dost qazanmışıq".
Şəhidin atası Füzuli Hüseynov xəstəxanaya ciddi ürək çatışmazlığı ilə müraciət ediyini deyir: "İcabari Tibbi Sığorta hesabına sinəmi yarmadan kiçik bir dəlik vasitəsi ilə İCD əməliyatı keçirdim. Saleh həkim ürəyimə stimilyator yerləşdirdi. Özümü indi çox yaxşı hiss edirəm. Həkimlərimizin qayğısını, diqqətini görüb deyirəm: "Bu vətənə, onun qədirbilən övladlarına da canım qurban".
Digər həmsöhbətimiz isə 1946-ci ildə anadan olmuş xəstə Adilə Bayramovadır. Adilə xanım deyir:
- Mən neftçi olmuşam. Buranı öz doğma evim, həkimləri isə öz övladım bilirəm. 18 il əvvəl məni Laləxanım Hüseynova müalicə edib. O ildən münasibətimiz doğmalaşıb. Vaxtaşırı müalicə alıram. Buradakı səliqə-sahman təmizlik, xəstələrə göstərilən xidmət bəlkə də sanatoriyalarda yoxdur.
Baş tibb bacısı Elmira Xasmetova ilə söhbət daha maraqlı olur. Ötən günləri vərəqləyən Elmira xanım deyir: "42 ildir ki Netçilər Xəstəxanasında çalışıram. Bura bizim ikinci evimizdir. Həyatımızın mənasını da, xoşbəxtliyimizi də xəstələrimizə xidmətdə, onların sağlamlığında və qayğısız həyatında görürük. Elə xəstələrimiz var ki, onlarla illərdir dostluq edirik. Xeyli vaxtdır sağlamlıqlarını bizim xəstəxananın tibbi personalına etibar edirlər. Bu bizi qürurlandırır. Xəstəxanamızın adı ilə fəxr edirik. Burada xidmət etmək hər bir tibb işçisi üçün şərəfdir. Qürur duyuruq ki, bizə müraciət edən xəstələr Mərkəzi Neftçilər Xəstəxanasını həyatın, sağlamlığın ünvanı kimi görürlər".
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"