Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.
Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib, xatirəsini ehtiramla anıb.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.
Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm təmələ sahib olduğunu söyləyib.
Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.