Azərbaycan karikatura sənətinin banisi, Xalq
rəssamı Əzim Əzimzadənin ev-muzeyindən reportaj
Gülüş, istehza, təbəssüm ayrı-ayrı obrazların,
əslində, tiplərin xarakterini ifadə edən keyfiyyətlərdir. Bədii əsərlərdə bunlar müəllifin yaradıcılıq qabiliyyətinin və imkanlarının
ortaya qoyulmasında mühüm cəhətlər hesab edilir. Çünki burada fikir "çılpaq” yox, "geyim-kecimli” olur, əsərin
məna və məzmununun açılmasında mühüm rol
oynayır.
Rəssamlıqda, xüsusən bu sənətin karikatura janrında yaradılan əsərlərdə
gülüşün müxtəlif formalarından o qədər də istifadə olunmayıb. Xalqımızın yaddaşına
karikaturaçı-rəssam kimi yazılan Əzim Əzimzadə
isə həmin janrdan istifadə etməklə özünü bu sənətin banisinə çevirdi.
Bu il anadan olmasının 140 illiyi tamam olacaq
Xalq rəssamı, ölməz sənət fədaisi Əzim Əzimzadənin yaratdığı tiplərin XX yüzilliyin
o başından gələn istehzalı gülüşləri ilə əsaslı təmirdən çıxmış ev-muzeyində də
üzləşirik.
1880-ci ilin may ayında Abşeron rayonunun Novxanı kəndində anadan olmuş
Əzim atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.
Əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür və rus rəssamlıq məktəblərinin
ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin” jurnalında əsərlərini
dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin”, "Baraban”, "Zənbur”,
"Tuti”, "Kəlniyyət” jurnallarında karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik
qrafikasının əsasını qoyan Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar,
adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi
ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin
hədəfində olurdular.
"100 tip”in yaratdığı
acı gülüş, istehza...
Mənfi surətləri
gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutan rəssam "İt
boğuşdurma”, "Kişi arvadını döyür”, "Varlı evində toy”, "Su üstündə dava”, "Köhnə
bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü
açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada o dövrdə
cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı
tipləri” və "100 tip” əsərləri xüsusilə diqqətçəkəndir.
Əzim Əzimzadə
M. Ə. Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin
də əsasını qoyan rəssam kimi tanınırdı. Onun teatrlara çəkdiyi geyim eskizləri və
dekorasiyalar isə Azərbaycan rəssamlığının
bu sahədə inkişafına xüsusi təkan verdi.
Əzim Əzimzadə əsərlərini dörd üslubda çəkib: karikatura, portret, ornament
və mənzərə.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əzim Əzimzadənin
əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub. Əsərləri
dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi
1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın
1200-dən çox əsərinə heyranlıqla, təbəssümlə, acı gülüşlə tamaşa ediblər.
1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim,
1932-1937-ci illərdə isə direktor vəzifələrində çalışıb.
Yolumuzu böyük
karikaturaçı rəssam Əzim Əzimzadənin ev-muzeyindən saldıq. Sakitlik, səliqə-səhman,
sənətə və sənətkara sevgi ilk baxışdan diqqəti
cəlb edir. Təcrübəli bələdçilər Məleykə Əkbərova, Xalidə Babayeva və Nəzrin Yaqubova bura yolu düşənlərin hər birini
Xalq rəssamının ev-muzeyi ilə yaxından tanış edirlər.
Rəssamın xatirəsinin
əbədiləşdirilməsi üçün vaxtilə yaşadığı ev dövlət tərəfindən 1968-ci ildən ev-muzeyinə
çevrilib. Bələdçimiz Məleykə Əkbərovadan öyrəndik ki, ev-muzeyində rəssama aid
2117 eksponat qorunur: "Rəssamın adını daşıyan bağ da var, İçərişəhərdədir,
2011-ci ildən istirahət parkına çevrilib. 1980-ci ildə rəssamın 100 illik yubileyi
ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Filarmoniyasında
rəssamın yaradıcılıq gecəsi keçirilib. Mədəniyyət və incəsənətimizi yüksək qiymətləndirən
Prezident İlham Əliyev də Xalq rəssamının xatirəsini əziz tutaraq onun anadan olmasının
135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb...”
Rəngləri "daşa dönmüş” fırçalar
Bələdçi ustadın
vaxtilə yaşadığı evin Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə xatirə
muzeyi kimi yaradıldığını deyir: "...Bu mədəniyyət
ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. Paytaxtın mərkəzində, hündürmərtəbəli
binanın birinci mərtəbəsində yerləşən ev-muzeyi qapılarını əsaslı təmirdən sonra
ziyarətçilərinin üzünə tamamilə yeni tərtibatda, müasir dizaynda açıb. Qapıdan içəri
daxil olduqda sağ tərəfdə Ulu Öndər Heydər Əliyevin rəssam haqqında "Azərbaycanda
rəssamlıq sənətinin banisi, dahi rəssam Əzim Əzimzadə xalqın qəlbində daim yaşayacaqdır”
fikri divarda əks olunub, sol tərəfdə isə heykəltəraş Ömər Eldarovun 1968-ci ildə
karikaturaçı sənətkarın şərəfinə yaratdığı büst yerləşdirilib...”
Dəhlizdə rənglər
üstündə "daşa dönmüş” fırçalar, iş masası, divar boyunca isə əsərləri içəri daxil
olan hər kəsin diqqətini cəlb edir. Muzey
boyunca əl işlərindən ibarət rəsm əsərlərinin nümayiş olunması ilə yanaşı, divarda quraşdırılmış 3 genişekranlı monitorda sənətkarın
həyat və yaradıcılığı elektron versiyada ziyarətçilərin nəzərinə çatdırılır. Birinci
monitorda xalq rəssamının yubileyi ilə bağlı Azərbaycan Televiziyasının hazırladığı
"Bir rəngin min çaları” adlı qısametrajlı film, ikincidə 85 əsəri, üçüncüdə isə
ailəsi və dostları ilə birlikdə şəkillər təqdim edilir.
Öyrənirik
ki, rəssamın əsərlərinin heç də hamısı burada saxlanmır, onların bəziləri müxtəlif
muzeylərin dəyərli eksponatarı arasındadır: 232 əsər R.Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyində, 3 albomu, 499 ədəd eksponatı isə C.Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyində saxlanılır. Ev-muzeydə qorunan əşyalar məhz ailəsi tərəfindən
hədiyyə edilənlərdir.
Muzeylik cehiz
Dördotaqlı
muzeydə Əzim Əzimzadənin şəxsi əşyaları, kolleksiyası, kitabları, əsərləri nümayiş
olunur. Dəhlizin sonunda, divarboyu İçərişəhərin Qoşa qala qapısının maketi ilə
üzləşirik. Gülağa Mirəliyevlə Elxan Əliyevin birlikdə hazırladığı maketin qarşısında rəssamın məşhur əsərlərinin
qəhrəmanları - prototipləri təqdim olunur.
Bura ən maraqlı və yaddaqalan guşədir.
Maraqlı məqamlardan biri də muzeyə girişin ödənişsiz
olmasıdır. Muzeyin "Facebook” səhifəsinin fəaliyyət göstərməsi də ölməz sənətkarın
təbliğində mühüm vasitəyə çevrilib. Həmin səhifənin 5 minə qədər izləyicisi var.
Burada keçirilən tədbirlər, layihələr barədə məlumatlar "Facebook” səhifəsində qeyd
olunur.
Əzim Əzimzadənin
nəvəsi Sevda Əzimzadə babasını sağlığında görmədiyinə təəssüfünü gizlətmir. Lakin
onun haqqında çoxlu xatirələri var. Babasının bütün əşyaları onun üçün dəyərlidir.
Buradakı əşyaları sevərək muzeyə hədiyyə ediblər. Muzeydəki mebel qızına verdiyi
cehiz olub.
Rəssamın nəticəsi
və sənətinin davamçısı, gənc rəssam Nigar Əzimzadə 5 yaşından
bu sənətə meyil salıb. Satira janrında çəkməsə də, Əzim Əzimzadə adına Rəssamlıq
Kollecini bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
davam etdirib. Hazırda muzeydə bərpaçı-rəssam
vəzifəsində çalışır.
Bu da muzeyin
giriş-çıxış qapısı. Ziyarətçilər təəssüratlarını öz dəstxətləri ilə "Xatirə kitabı”na
yazmamış bu sənət məbədini tərk etmirlər, həm də özlərini də xatirəyə çevirmək uçun...
Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV
(foto),
"Azərbaycan”