25 Yanvar 2024 10:25
1292
Mədəniyyət
A- A+

Rus-tatar qadın məktəbinin tanınmış pedaqoqu

 

Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidmətləri olmuş qadın pedaqoqlardan  biri də Leyla xanım  Rustəm bəy qızı Sultanovadır. Qeyd edək ki, L.Sultanova Qarabağın qubernatoru təyin edilmiş Xosrov bəy Sultanovun  qardaşı - Rüstəm bəyin qızıdır.
Arxiv materialları əsasında məlum olmuşdur ki, Leyla xanım Rustəm bəy qızı Sultanova 13 oktyabr 1895-ci ildə doğulmuşdur, bəy qızıdır, müsəlman məzhəbinə mənsubdur. O, təhsilini Bakı Müqəddəs Nina qadın məktəbində almışdır. Leyla xanım həmin tədris ocağının tam kursunu bitirdikdən sonra xüsusi olaraq rus dilini öyrənməkdən ötrü 1913-cü ilin sentyabrında elə orada təhsilini davam etdirmiş və məktəbin tədris proqramını müvəffəqiyyətlə yerinə yetirmişdir. 
Leyla xanım həmin dövrün müəyyən edilmiş qaydalarına uyğun olaraq Xalq Maarif Nazirliyinin 1874-cü il  avqustun 31-də təsdiq edilmiş əsasnaməsi ilə ev müəllimi adına layiq görülmüşdür. 
Görkəmli maarifçi qız pedaqoji fəaliyyətlə məşğul olmaqdan ötrü 1916-cı il yanvarın  29-da  Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda bildirilmişdir ki, Leyla xanım Sultanova yanvarın 30-dan etibarən I rus-tatar məktəbinin işə çıxmayan müəllimi Hənifə  xanım Məlikovanı əvəz etmək üçün həmin tədris ocağına təyin olunur. 
Yeri gəlmişkən qeyd edək ki, I rus-tatar qadın məktəbinin  müdiri olmuş Hənifə xanım Məlikova 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız gimnasiyasını  bitirmişdir. O, həyatının  müəyyən  dövrlərində Həsən bəy Zərdabinin "Cəmiyyəti-Xeyriyyə" qurumunda tərbiyəçi, Aleksandr "rus-müsəlman" qadın  məktəbində (1901-1909) və  Bakı  şəhəri  I qadın "rus-müsəlman" məktəbində müdir vəzifəsində işləmişdir.
Hənifə xanım Məlikova həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) I qadın türk məktəbinin müdiri olmuşdur. O, sovet dövründə  də pedaqoji fəaliyyətini davam etdirmişdir. 1935-ci ildə " Əkinçi" qəzetinin 50 illik yubileyi münasibətilə " Həsən bəy Məlikov-Zərdabinin  bioqrafiyası" adlı əsərini yazmışdır.
Məktəb Komissiyasının sədri 9 sentyabr 1916-cı ildə Leyla xanım Sultanovaya  yeni bir məktub göndərərək ondan xahiş edirdi ki, "sentyabrın 3-dən etibarən müvəqqəti olaraq Persidskaya (indiki Murtuza Muxtarov) küçəsində Nəsrulla Ağa Əlizadənin evində yerləşmiş ikinci qadın rus-tatar məktəbində mövcud olan boş müəllim  vəzifəsini  tutsun". Arxiv sənədləri təsdiq edir ki, Leyla xanım zamanın  tələbi ilə Bakıda müxtəlif qadın məktəblərində pedaqoji fəaliyyət göstərmişdir. L.Sultanova Məktəb Komissiyasının qərarı ilə 5 sentyabr 1916-cı ildə 2-ci şəhər rus-tatar qadın məktəbində ştatda olan müəllim vəzifəsinə təyin olunmuşdur. 1919-cu ilin oktyabrında müsəlman qızların 3-cü ali-ibtidai  məktəbinə  köçürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, 1919-cu ildə Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi fəaliyyət göstərmişdir. Bu da çox güman cümhuriyyət hökumətinin ölkədə həyata keçirdiyi məktəblərin milliləşdirilməsi siyasəti ilə bağlı idi. Tarixi mənbələr təsdiq  edir  ki, Leyla xanım Sultanova Azərbaycanda sovet hakimiyyəti qurulanadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Lakin təəssüflər olsun ki, sonrakı illər üzrə Leyla xanımın fəaliyyəti  haqqında heç bir məlumat əldə etmək  mümkün olmamışdır. 
1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1950-ci illərin əvvəllərinə qədər Azərbaycan SSR-də qanlı repressiyalar həyata keçirilməyə başlanmışdı. Həmin repressiyalar Azərbaycanın ali dövlət rəhbərləri, ruhanilər, ziyalılar və varlı kəndlilərlə yanaşı, bütün Azərbaycan əhalisini əhatə edirdi. Repressiyalara əks-inqilabi fəaliyyətdə, casusluqda, antisovet təbliğatının aparılmasında şübhəli bilinən insanların güllələnməsi, həbs edilməsi, əmək düşərgələrinə göndərilməsi və insanların SSRİ-nin digər bölgələrinə deportasiyaları da daxil idi. 
XX  əsrin  20-50-ci illərində Azərbaycan qadınlarına  qarşı repressiyalara məruz qalanlardan biri  kimi  Leyla xanım Sultanova da  qeyd  edilməlidir. 
Şəlalə Məmmədovanın "Anaların fəryadı" kitabında  Leyla  xanım Sultanovanın  Azərbaycan  Fövqəladə Komissiyasının  Xüsusi  Şöbəsi  tərəfindən  müsavatçılıqda  təqsirli  bilinərək 44 nömrəli orderlə 11 iyun 1921-ci ildə həbs edildiyi göstərilir. 
Dövrünün tanınmış qadın pedaqoqu Leyla  xanım Sultanovanın maarifçilik  fəaliyyəti unudulmur, xatirəsi isə daim ehtiramla yad edilir.

Rafiq SƏFƏROV,
Milli Arxiv  İdarəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video