Rumıniyanın “AGERPress” milli agentliyi və əsas qabaqcıl media orqanlarında İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri zamanı Azərbaycan ilə münasibətlərin enerji və müdafiə sahələrində daha da möhkəmləndiriləcəyini bəyan etməsi və görüşdən videogörüntülər təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Avropada enerji təhlükəsizliyinin aktuallığının artdığı bir şəraitdə Azərbaycanın İtaliya üçün əsas strateji tərəfdaşlardan biri kimi çıxış etdiyi bildirilir.
Corca Meloni vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Azərbaycanın qaz və neft tədarükləri İtaliya üçün xüsusi əhəmiyyət kəsb edir və tərəflər bu sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir. Xəbərdə qeyd olunur ki, Azərbaycan ötən il İtaliyaya Trans-Adriatik Boru Kəməri vasitəsilə təxminən 9,5 milyard kubmetr qaz ixrac edib ki, bu da İtaliyanın ümumi qaz idxalında mühüm paya malikdir. Bu fakt Bakı ilə Roma arasında enerji əməkdaşlığının strateji xarakterini bir daha təsdiqləyir.
Görüş zamanı tərəflər əməkdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, siyasi dialoqun institusional əsasda inkişaf etdiyini vurğulayıblar. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahələri də qarşılıqlı fəaliyyətin yeni prioritet istiqamətləri kimi qiymətləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev isə İtaliyanın ölkənin əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, enerji ixracının artırılması və xüsusilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini bildirib.
Beynəlxalq müşahidəçilərin fikrincə, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın dərinləşməsi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, Azərbaycanın regionda etibarlı enerji təminatçısı mövqeyini daha da gücləndirir.