Azərbaycan təmsil olunduğu bütün qurumlarda, o cümlədən MDB çərçivəsində inteqrasiyanı gücləndirir, faydalı əməkdaşlığa mühüm töhfələr verir
Çoxtərəfli diplomatiyanın genişlənməsi fonunda regional təşkilatlar siyasi və iqtisadi sabitliyin təmin olunmasında mühüm platformaya çevrilir. Azərbaycan milli maraqlara söykənən xarici siyasət kursu ilə həm regional, həm də qlobal miqyasda nüfuzlu tərəfdaş, strateji təşəbbüslərin müəllifi kimi mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Bu xəttin davamı olaraq, ölkəmizin postsovet məkanında vacib əməkdaşlıq mexanizmi olan Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində fəaliyyəti də yeni mərhələyə qədəm qoyur.
Oktyabrın 9-da Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən növbəti görüşü Avrasiya məkanındakı yeni reallıqların təsbit olunması baxımından mühüm hadisədir. Dövrün sürətlə dəyişən siyasi mənzərəsi, nəqliyyat dəhlizlərinin önəminin artması və qlobal təhlükəsizlik arxitekturasında yaranan yeni çağırışlar fonunda baş tutan bu görüş təşkilatın gələcək fəaliyyət xəritəsini də müəyyənləşdirdi. Tədbirdə ali səviyyədə təmsil olunan Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qurumun keçdiyi inkişaf yoluna qiymət verərək, üzv ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələrin vacibliyinə diqqət çəkib: “Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib”.
Eyni zamanda, iclasda Azərbaycanın təşkilat daxilində idarəetmə missiyasını üzərinə götürməsi, o cümlədən 2027-ci ildə həmsədrlik və 2028-ci ildə tam sədrlik statusunda çıxış etməsi məsələsi xüsusi diqqət mərkəzində oldu. Dövlətimizin başçısı çıxışında ölkəmizin MDB-də sədrlik və həmsədrlik funksiyalarını yerinə yetirməyə tam hazır olduğunu bəyan edərək yekdil dəstəyə görə təşəkkürünü bildirdi: “Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına evsahibliyi etməyə hazırdır”.
Müstəqillik qazanıldıqdan bəri Azərbaycanın ilk dəfə MDB sədrliyini öz üzərinə götürməsi dərin tarixi və siyasi mənaya malikdir. Keçmişdə Ermənistanın işğalçılıq siyasəti, davam edən münaqişə və digər maneələr Azərbaycanın bu missiyanı icra etməsinə imkan vermirdi. Lakin Vətən müharibəsində qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regiondakı bütün mənfi dinamikaları sıradan çıxardı. BMT Nizamnaməsinin normativlərini tam təmin edən Azərbaycan həm də özünə qarşı yaradılan süni sədləri dağıdaraq təşkilat daxilində tamhüquqlu yüksək mövqeyini təsbit etdi.
Azərbaycanın MDB ilə tərəfdaşlıq tarixi otuz ildən artıq bir dövrü əhatə edir və bu münasibətlər hər zaman milli suverenlik, bərabərhüquqlu dialoq və praqmatik iqtisadi maraqlar üzərində köklənib. 1993-cü il sentyabrın 24-də təşkilata tamhüquqlu üzv olduqdan sonra rəsmi Bakı təşkilat çərçivəsində prinsipial siyasət yürüdüb, dövlətimizin ali mənafelərinə cavab verməyən təşəbbüslərdən kənarda qalıb. Təşkilat daxilində Ermənistan müstəsna olmaqla, digər bütün tərəfdaş dövlətlərlə müxtəlif sahələrdə səmərəli və çoxşaxəli əməkdaşlıq mexanizmi formalaşdırılıb. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının strateji qovşağında yerləşən Azərbaycan özünün müasir infrastruktur potensialı ilə MDB məkanının logistik imkanlarını ardıcıl olaraq genişləndirir.
Cənubi Qafqazda bərqərar olan yeni reallıqlar fonunda rəsmi Azərbaycanın öz ərazisindən Ermənistana yük tranzitinə tətbiq edilən tarixi məhdudiyyətləri aradan qaldırması üçüncü tərəflərə aid tranzit yüklərin keçidinə imkan yaradıb. Bu konstruktiv addım təkcə regionda kommunikasiya xətlərinin bərpasına deyil, bütövlükdə MDB regionunda iqtisadi inteqrasiyanın və ticari-logistik təhlükəsizliyin güclənməsinə xidmət edir.
Rəsmi Bakının beynəlxalq arenada nümayiş etdirdiyi unikal diplomatiya və yüksək təşkilatçılıq qabiliyyəti ölkəmizin müxtəlif çoxtərəfli platformalarda ardıcıl olaraq liderlik missiyasını öz üzərinə götürməsinə zəmin yaradıb. Azərbaycan BMT-dən sonra planetin ən böyük ikinci siyasi təsisatı olan Qoşulmama Hərəkatına dörd il müddətində uğurla sədrlik edərək, bu təşkilata yeni nəfəs verib. Ölkəmiz mühüm təşəbbüslərlə çıxış edərək “Qlobal Cənub”un hamisi rolunda çıxış edib.
Təcrübə sübut edir ki, Azərbaycanın sədrlik etdiyi regional və qlobal təşkilatlar keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur, idarəetmə şəffaflaşır və üzv dövlətlər arasında qarşılıqlı etimad mühiti formalaşır. Hazırda Azərbaycan eyni vaxtda bir neçə mühüm beynəlxalq platformaya sədrlik etməklə tarixi nailiyyətə imza atıb. Ölkəmiz Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə, Türk Dövlətləri Təşkilatına (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) və nəhayət MDB-yə sədrlik funksiyalarını üzərinə götürməklə Avrasiyanın əsas siyasi xəritəsini müəyyən edən mərkəzə çevrilib.
Uğurlu diplomatik fəaliyyət önümüzdəki illərdə də ardıcıl olaraq davam edəcək. Gələn il müsəlman dünyasının ən böyük təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik rəsmi olaraq Azərbaycana keçəcək və təşkilatın Zirvə Sammiti Bakıda keçiriləcək. 2028-ci ildə isə Avropa qitəsinin liderlərini bir araya gətirən Avropa Siyasi Birliyinin Zirvə iclasına ölkəmiz evsahibliyi edəcək. Bütün bunlar göstərir ki, həm Şərq, həm Qərb, həm də Cənub və Şimal siyasətində birləşdirici rol oynayan Azərbaycanın MDB-dəki gələcək həmsədrliyi və sədrliyi də təşkilatın fəaliyyətində, xüsusən nəqliyyat bağlılığı və iqtisadi inteqrasiyada köklü dönüş nöqtəsi olacaq.
İsmayıl QOCAYEV,
“Azərbaycan”