25 Oktyabr 2022 00:43
2307
SİYASƏT
A- A+
Qubadlının azadlığı - Laçın və Şuşaya aparan yol

Qubadlının azadlığı - Laçın və Şuşaya aparan yol

 

Gorus-Qafan yoluna nəzarətin təmin olunması Ermənistanın hərbi kapitulyasiyasının əsasını qoydu

 

...Artıq oktyabr ayının sonu yaxınlaşırdı. Bir aya yaxın idi ki, Azərbaycanın haqq savaşı, Vətən müharibəsi davam edirdi. Ordumuz torpaqlarımızı düşmən tapdağından təmizləməkdə, hər gün yeni əraziləri işğaldan azad etməkdə idi... 
Oktyabrın 20-də Zəngilan işğaldan azad edildikdən sonra növbə Qubadlıya çatdı. Burada da düşmən istehkamları möhkəm idi və döyüşlərin ağır keçəcəyi gözlənilirdi.
Qubadlının ilk kəndləri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri də işğaldan azad edildi. Bu zəfər xəbərini də Prezident İlham Əliyev xalqa çatdırdı.... 
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayonda 1 şəhər və 93 kənd olub. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər idi. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisini təşkil edib. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

 

Qələbəni yaxınlaşdıran Qubadlı

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva torpaqlarımız işğaldan azad edildikdən sonra - 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər. Dövlət başçısı o zaman Azərbaycanın igid oğullarının burada həyata keçirdikləri döyüş tapşırıqlarından danışdı: "Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək ilk növbədə ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib". 
Qubadlı rayonunun və şəhərin azad edilməsinin böyük strateji üstünlük təmin etdiyini deyən Prezident Qubadlıdan sonra növbəti istiqamətin Laçın rayonu olduğunu xatırlatmışdı: "...Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir". 

 

Qubadlı uğrunda döyüşənlər

 

Qubadlını düşməndən təmizləmək asan deyildi. Ekspertlər də qeyd edirlər ki, bu rayonda da düşmən istehkamı güclü idi və onlar rayonun əldən çıxmaması üçün çalışırdılar.
Bununla belə rəşadətli ordumuzun igid oğulları "öldü var, döndü yoxdu" deyib verilmiş tapşırığı yerinə yetirərək, Qubadlını da işğaldan azad etdilər.
Qubadlı rayonu tam olaraq düşməndən noyabrın  9-da təmizlənib. Həmin gün rayonun Aşağı Mollu, Yuxarı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal,  Ballıqaya, Ulaşlı,  Tinli,  Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndləri də düşməndən azad edildikdən sonra Qubadlı rayonu tamamilə erməni işğalından qurtuldu.  
Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixli sərəncamlarına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Silahlı Qüvvələrin 15209 hərbi qulluqçusu  "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olundu.

 

Qubadlının yenidən qurulması

 

Qubadlının işğaldan azad olunmasından ötən birinci ildə yenidən rayona səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri - buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.
Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.
Xatırladaq ki, ötən il oktyabrın 25-də Prezident "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd edib ki, Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina belə yoxdur, sadəcə olaraq erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi: "...Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır".

 

Baş plan hazırdır

 

Bu il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər ediblər. Dövlət başçısı "Bərgüşadçay" və "Zabuxçay" su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlini qoyub. Eyni zamanda Prezident və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. 
Baş plan İsveçrənin "S.A_Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.
Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Ortamərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər ("Sponge city") yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. 
Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

 

Üç hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi yaradılacaq

 

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi strateji mövqedə yerləşməklə, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkənlə tamamlanır.
Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq.
Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlığa və qazanılan zəfərə, o cümlədən "dəmir yumruq" əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.

 

Baş planda sosial infrastrukturla bağlı bütün məsələlər əhatə olunacaq

 

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilərkən Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib. Rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
C.Məmmədov deyir ki,  Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdu və yüksəkliklər düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər götürülməli idi, çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Nəhayət, oktyabrın 25-də Azərbaycan Ordusunun xüsusi peşəkarlığı nəticəsində Qubadlı işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı.
O, bildirdi ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq: "Baş plan sosial infrastrukturla bağlı bütün məsələləri - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binalarının inşasını əhatə edir. Gediş-gəlişin rahatlığını təmin etmək üçün Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Əminik ki, işğaldan azad olunan rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və əhali ora köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq".

 

Qubadlının hərbi əhəmiyyəti

 

Hərbi ekspert Şair Ramaldanov bizə bildirdi ki, döyüş əməliyyatlarının cənub istiqamətində müvəffəqiyyət və sürətlə inkişafı, ordumuzun irəliləməsi Zəngilanın azad edilməsindən sonra Qubadlı istiqamətində döyüşləri genişləndirməyə şərait yaratdı. Onun sözlərinə görə, hər bir rayonun, şəhərin, o cümlədən Qubadlının azad olunmasının çox böyük mənəvi-psixoloji əhəmiyyəti olub. Bizim apardığımız müharibə məhz vətənpərvərlik, mənəvi-psixoloji ruhun pik səviyyədə olduğunu göstərdi. Əsgərlərimiz, qəhrəman döyüşçülərimiz canından belə keçməyə, qanı bahasına öz torpaqlarını azad etməyə hazır idilər. 
Ekspert deyir ki, hər bir rayonun işğaldan azad edilməsi Azərbaycan Ordusunda ruh yüksəkliyini daha da artırır, qarşı tərəfin isə mənəvi cəhətdən böyük zərbə almasına gətirib çıxarırdı. Qubadlı Ermənistanla dövlət sərhədində yerləşir. Zəngilandan sonra Azərbaycan Ordusu sərhəd rayonlarının azad edilməsini və Ermənistanla sərhədin bərpasını genişləndirərək uğurlu döyüş əməliyyatları  aparırdı. Ərazi baxımından Qubadlı çox çətin relyefə malikdir, dağlıq, meşəlik, çaylıq ərazidir. Qubadlıda döyüşlər aparmaq və əraziləri azad etmək həm taktiki, həm də strateji cəhətdən çox əhəmiyyətli idi. Digər tərəfdən Qubadlı rayonundan sonra Laçın gəlirdi. Qubadlının dəhlizə yaxın olması rayonun əhəmiyyətini daha da artırırdı. 
Şair Ramaldanov qeyd edir ki, Qubadlı istiqamətində dağlıq, meşəlik ərazilərlə  məhdud yol şəbəkəsi var idi. Bu ərazinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi o istiqamətdə düşmənin yollardan istifadə etmə imkanını məhdudlaşdırırdı. Qubadlı rayonu azad edildikdən sonra erməni generalları öz komandanlarına, yəni Ermənistan baş naziri Paşinyana döyüşlərin artıq perspektivsiz olması, Ermənistan ordusunun məğlubiyyətə uğraması, 20 minə yaxın heyət üzvünün mühasirəyə düşə biləcəyi haqda məruzələr hazırlamışdılar. Eyni zamanda döyüşü dayandırmaq lazım olduğu fikirləri də var idi, yoxsa düşmənin 20 minlik heyəti orada məhv ola bilərdi. Qubadlıdan Laçın istiqamətinə ordumuzun qarşısını almağa göndərilən hərbi qüvvələr digər istiqamətlərdən, o cümlədən Şuşa tərəfdən göndərilməli olurdular ki, ordumuzun sürətli irəliləməsinin qarşısını ala bilsinlər. 
Qubadlı rayonunun azad edilməsi xəbəri də xalq tərəfindən böyük sevinclə qarşılandı. Bundan sonra Silahlı Qüvvələrimiz üçün Laçın ətrafında, rayonun işğaldan azad edilməsi uğrunda növbəti döyüşlərin, əməliyyatların aparılması üçün geniş imkanlar yarandı. İşğaldan azad olunan hər bir rayon bizi zəfərə doğru apardı.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!