Digər heyvanlara
nisbətən qoyunlar yaylaqlarda olan otlaqlardan daha səmərəli istifadə edir. Ölkəmizin,
xüsusən cənub və aran rayonlarında qoyunlar bütün ili otlaq (yaylaq və qışlaq) şəraitində
saxlanılır. Qoyunlar otlaq şəraitində ucuz və qiymətli yem ala bilirlər. Yaxşı otlaq
şəraitində qoyunların məhsuldarlığı və çoxalma qabiliyyəti artır, onlar xəstəliklərə
davamlı olurlar.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a
bildirilib ki, qoyunlar üçün quru, tozu olmayan, müxtəlif alçaqboylu bitkiləri olan
sahələr, çəmənlik, meşə-düzənlik və düzənlik otlaqlar ayrılmalıdır. Qoyunlar dağ
və yaylaq otlaqlarından daha yaxşı istifadə edir. Pis otlaqlarda qoyunlar doyunca
yem ala bilmir, əlavə yemə ehtiyac artır, qoyunların məhsuldarlığı isə aşağı düşür.
Qoyunlar üçün rütubətli, dəniz səviyyəsindən aşağı bataqlıq olan otlaqlar əlverişli
sayılmır. Belə otlaqlarda qoyunlar arasında invazion və dırnaq xəstəlikləri daha
çox müşahidə edilir. Eləcə də qoyunlar üçün kollu, tikanlı və qaba bitkilər, habelə
tikanlı toxumu olan yapışqanlı (qatıqotu, aqot və s.) otlaq sahələri əlverişli hesab
edilmir. Belə otlaqlar qoyunun yununu çirkləndirir, habelə müxtəlif xəstəliklərin
əmələ gəlməsinə səbəb olur. Fermerlər təbii otlaqların yaxşılaşdırılması haqqında
müvafiq tədbirlər həyata keçirməlidirlər. Bunun üçün otlaq sahələrini suvarmaq,
zəhərli bitkilərdən təmizləmək, bataqlıqları qurutmaq, kiçik çeyillikləri və gölməçələri
hasarlamaq, habelə otlaqda məhsuldarlığı artırmaq üçün tədbirlər görməlidirlər.
Yaylaq və
otlaq şəraitində qoyunları su ilə təmin etmək üçün su mənbələri qaydaya salınmalı
və suvarma məntəqələri düzəldilməlidir. Suvarma məntəqəsi ilə otlaqlar arasında
2-3 km-dən artıq məsafə olmamalıdır. Qoyunların suvarılması üçün səyyar su təknəsindən
istifadə edilməlidir. Otlaq şəraitində su təchizatı və suvarmaya qoyulan gigiyenik
qaydalar gözlənilməlidir. Qoyunların gecələməsi və gündüzlər istirahət etməsi üçün
otlaqlarda yataqlar düzəldilir. Bu yataqlar hərəkətedici arakəsmələrlə (tirlər)
kiçik hissələrə bölünür. Burada xəstə qoyunlar seçilib ayrı bölmədə saxlanır. Yataqlar
və ya bazalar köçürülə bilən yüngül yem və su qabları ilə, habelə bəzi avadanlıqlarla
(bel, vedrə, zibil yeşiyi, arakəsmələr) təmin edilməlidir. Yataqlarda və ya duzlaqlarda
qoyunlar üçün daş duz qoyulmalıdır. Eləcə də heyvanların yataq yerləri hər gün mexaniki
təmizlənərək, heç olmasa, iki həftədən bir həmin yerlər dezinfeksiya edilməli və
baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır.
Otlaq şəraitində
qoyun sürüsü aşağıdakı sayda təşkil edilir: 1) quzulu qoyunlar 700-1500 baş; 2)
süddən ayrılmış quzular 1000-1500 baş; 3) kökəldilən quzular 2000 başa qədər olmalıdır.
Xatırladaq
ki, qoyunlar otlaq şəraitinə tədricən keçirilməli və müəyyən hazırlıq işləri görülməlidir.
Qoyunların
otarılmasında küzlə otarma sistemi tətbiq edilməlidir. Otlaq şəraitində görüləsi
işlər işçilər arasında bölünməli və bu işlərin vaxtında yerinə yetirilməsinə ciddi
nəzarət edilməlidir. Otlaqda yem çatışmadıqda qoyunların otlaq-pəyə və ya otlaq-düşərgə
şəraitində saxlanma sistemi təşkil edilir. Belə şəraitdə qoyunlara biçilmiş göy
ot, qarğıdalı silosu, şəkər çuğunduru verilir. Ot və taxıl biçildikdən sonra həmin
yerdə qoyunlar otarılır. Qoyunları fasiləsiz olaraq yaşıl yem kütləsi ilə təmin
etmək üçün yaşıl konveyer sistemi də tətbiq edilir. Quzulu qoyunlar şirəli bitkilərlə
zəngin olan otlaqlarda otarılır. Belə otlaqlarda qoyunların südü artır. Bu da quzuların
südlə yaxşı təmin edilməsinə səbəb olur. Qoyunlar geniş sahələrdə bərabər otarılmalıdır.
Bunun üçün çobanın biri sürünün qabağında, digəri isə arxada durmalıdır. Bu qayda
ilə otarmada qoyunların çox irəli qaçmasına və geri qalmasına yol verilmir. Qoyunlarda
köpmə xəstəliyinin qarşısını almaq üçün (yazda və payızda) onlar səhər tezdən ot
üzərindən şeh çəkildikdən sonra otlağa aparılmalıdır, çünki qoyunlar şehli ot yedikdə
onlarda köpmə əmələ gəlir. İsti havalarda qoyunları səhər tezdən otlağa aparmaq
lazımdır. Qoyunları istivurmadan və hipertermiyadan qorumaq üçün yayın isti və bürkülü
günlərində otlağa aparılmamalıdır. Belə vaxtlarda qoyunlar kölgəli, mehəsən, küləktutan,
ağac və qaya kölgəsi olan yerlərdə saxlanmalıdır. Heyvanlar yay dövründə həm yaylaq,
həm də otlaq-pəyə şəraitində saat 11-17 arasında kölgəli sahələrdə saxlanılmalı
və təmiz bol su ilə təmin edilməlidir.
Ölkəmizin aran rayonlarında (isti günlərdə)
qoyunların gecə otarılması təşkil edilməlidir. İsti yay günlərində (səhərlər) qoyunlar
otlaq sahələrinə külək əsən istiqamətdə aparılmalıdır, çünki belə halda konvensiya
yolu ilə istilikburaxma artır. İsti havalarda qoyunların topa halında yığılmasına
yol verilməməlidir, çünki onların yan-yana sıx durması istivurmaya səbəb olur. Yayda
günəş şüalarının qoyunun gözünə və başına düşməsinin qarşısını almaq üçün otarılma
elə təşkil edilməlidir ki, günəşin şüaları onların üstünə arxadan, ya da yandan
düşsün. Belə ki, çobanlar günəş şüalarının düşmə və küləyin əsmə istiqamətini müəyyən
etməlidirlər. İsti havalarda qoyunlar sərin yerlərdə dincəlməli, sonra isə suvarılmalıdır.
Belə halda qoyunlar həvəslə otlayırlar. Eləcə də qoyunlar vaxtaşırı baytarlıq müayinəsindən
keçirilməlidir.