14 Dekabr 2021 14:30
520
CƏMİYYƏT
A- A+
Qələbənin elan olunmasına 6 saat qalmış ...

Qələbənin elan olunmasına 6 saat qalmış ...

 

O, dünyaya gəlməmişdən doğma kəndi düşmən tərəfindən işğal edilmişdi. Uşaqlığı güllə səslərinin altında keçmişdi. Onu nə artilleriya səsi, nə də düşmən mərmisi qorxutmurdu. Ən böyük arzusu hərbçi olmaq idi. Həqiqi hərbi xidmət dövrü Aprel döyüşlərinə təsadüf etdiyindən ilk sınağı həmin savaş oldu. İlk qələbəsini də məhz həmin dövrdə qazandı. Vətən müharibəsinə isə peşəkar hərbçi kimi qoşuldu. Qələbənin elan edilməsinə 6 saat qalmış ən uca məqamı fəth etdi.

AZƏRTAC Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin kiçik miçmanı Fəqan Zalovun şərəfli həyat yolunu təqdim edir.

Əslən Füzuli rayonun Aşağı Güzlək kəndindən olan Zalov Fəqan Amil oğlu 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində çadır şəhərciyində dünyaya göz açıb. Ailədə 2 qardaş bir bacı olan Fəqan evin sonbeşiyi idi. 2003-cü ildə Füzuli rayonun Babı kəndində Markıs Hacıyev adına tam orta məktəbinin 1-ci sinfinə gedib. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Alı Mustafayev adına Zilanlı kənd orta məktəbində təhsilini davam etdirib və həmin məktəbi bitirib. Uşaqlıqdan idmanla məşğul olan Fəqan sərbəst güləş üzrə bir çox nailiyyətlər əldə edib. 2015-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan 2016-cı il Aprel döyüşlərində də iştirak edib. 2017-ci ilin yanvar ayında hərbi xidməti bitirsə də, Vətənə olan sevgisi onun yenidən hərbiyə qaytarıb. 2017-ci ilin oktyabr ayından dekabr ayınadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu keçib. 2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsinin Gözətçi Gəmilər Divizionun "N" nömrəli gəmisində komendor vəzifəsində xidmət edib. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarında fəal iştirak edib. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlib. Fəqan da həmin yarışlar zamanı bir çox fəxri fərmanlarla təltif olunub.

Fəqan 2018-ci ilin mart ayından dekabr ayınadək "N" saylı hərbi hissənin nəzdində olan xüsusi təyinatlı kəşfiyyat kursunu uğurla bitirib və ona kiçik miçman rütbəsi verilib. 2019-cu ilin mart ayından "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə xidmət edib. Xidmət etdiyi dövrdə bilik və bacarıqlarını daha da artırıb, təlimlərdə fəal iştirak edib, bir çox yarışlara qatılıb. Kəşfiyyatçı olaraq dağçılıq, paraşüt, antiterror, amfibiya kurslarını bitirib.

Kiçik miçman Fəqan Zalov İkinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi Cəbrayılın, Füzulinin, Qubadlının, Xocavəndin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları ilə birlikdə yüksək peşəkarlıq göstərərək dəfələrlə düşmənin mövqe qurduğu yüksəkliklərin azad olunması ilə yanaşı, canlı qüvvəsinin və sığınacaqlarının məhv edilməsində xüsusi fəallıq nümayiş etdirib. Noyabrın 9-da üçtərəfli Bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. Füzuli rayonu Babı kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, o cümlədən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin atası Amil Zalov bildirib ki, kəndləri alınandan sonra bir müddət Sabirabadda çadır şəhərciyində yaşasalar da, sonradan 1997-ci ildən Füzulinin Babı kəndinə köçüblər: "Babı kəndi 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində keçirilən uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunmuşdu. Torpaq həsrətinə çox dözə bilməyərək yenidən ailəmlə birgə rayona qayıtdım və Babı kəndində yaşamağa başladıq. Öz kəndimizdən uzaq düşsək də, ən azından rayonumuzun havasını alırdıq. Mən övladlarımı atəş səsləri altında böyütdüm. İki oğlum bir qızım var idi. Oğullarımın ikisi də hərbi sahəni seçdi. Böyük oğlum da xüsusi təyinatlı qüvvələrə mənsubdu. Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Hərbi əməliyyatların birində snayper yarası alıb, hazırda müalicəsi davam edir. Kiçik oğlumu isə Vətənə qurban verdim.

Amil Zalov övladları haqqında danışarkən necə qürurlandığı səsindən bəlli olur. Sonbeşiyi olan Fəqandan bəhs edəndə isə qəhərləndiyini gizlətməyə çalışır. Axı evin sonbeşiyi həmişə ən əziz, ən istənilən, ən ərköyün olur...

Ata söhbətinə belə davam edir: "Fəqan Cəbrayıl rayonunda düşmənin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında, o istiqamətdəki yüksəkliklərin ələ keçirilməsində, rayonunun bir sıra yaşayış məntəqələrinin, Soltanlı, Maralyan, Əmirvarlı, Şükürbəyli kəndlərinin düşməndən azad olunmasında mərdlik və şəxsi şücaət göstərib. Oktyabrın 11-də Əmirvarlı kəndi uğrunda gedən döyüşlərdə ayağından qəlpə yarası alıb. Füzuli rayon hospitalına, oradan da Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Ayağındakı qəlpəni çıxarmağa qoymayaraq yenidən döyüş yoldaşlarının yanına qayıtmağa təkid edib. Həkiminin dediyinə görə, üç dəfə baş həkimə müraciət edərək döyüş meydanına qayıtmaq üçün israr edib. Fəqan yaralanması ilə əlaqədar verilən məzuniyyətdən imtina edərək döyüş yoldaşlarının yanına qayıdıb. Silahdaşlarının Fəqana "sən döyüşə girmə, yeriyə bilmirsən" deməsinə baxmayaraq, döyüş meydanından çıxmaqdan imtina edib. Deyib ki, "qeyrətimə sığışdıra bilmərəm ki, siz döyüşəsiniz mən də arxada qalım". Döyüş yoldaşları oğlum haqqında o qədər ağzıdolu danışırlar ki, onunla daha çox fəxr edirəm. Hətta biri deyib ki, düşmənin yerləşdiyi mövqeni alıblarmış və növbəti mövqe uğrunda qızğın döyüş gedirmiş. Həmin döyüşçü QP-25 lüləaltı qumbaraatanından düşmənin mövqelərinə atəş açırmış, bir müddət sonra mərmisi qurtarıb. Fəqan da orada döyüşürmüş. Oğluma mərmisinin bitdiyini deyib. Fəqan da güllə yağışının altında sürünə-sürünə düşmənin alınmış səngərinə gedərək mərmi gətirib.

Fəqanı son dəfə oktyabrın 24-də Babı kəndində gördüm. Yaralı olmasına baxmayaraq, döyüşə qayıdırdı. Onu komandirinə tapşırdım. Komandiri isə "Bilirsiniz, oğlunuz necə qorxmaz və cəsurdur? Siz bizi ona tapşırın, onu bizə deyil". Fəqana özündən muğayat olmasını tapşırdım. Dedi narahat olma, qələbə bizimdir, Zəfərlə dönəcəm. Dediyinin üzərində dayandı, Zəfərlə döndü, amma öz ayağı ilə deyil, çiyinlər üzərində gəldi...".

A.Zalovun sözlərinə görə, böyük həvəslə yenidən döyüşlərə qayıdan Fəqan Xocavənd rayonunun bir çox adsız yüksəkliklərinin alınmasında şəxsən iştirak edib. Son dəfə noyabrın 8-də danışdıq. Şuşanın alınmasına görə çox sevinirdi. Dedi "hər şey yaxşıdır, səbirli olun, az qalıb". Noyabrın 9-da isə Qələbənin elan olunmasına 6 saat qalmış Xocavənd rayonunun Qızılqaya yüksəkliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı düşmən tərəfindən atılan mərmilərin partlaması nəticəsində qəlpə yarası alıb. Aldığı yaradan qısa müddət sonra Fəqan əbədiyyətə qovuşub. Döyüş yoldaşlarının dediklərinə görə, iki şəhadət barmağını səmaya qaldıraraq təkbir gətirib, "Allahu Əkbər" deyərək gözlərini əbədi yumub. Simasında təbəssüm var imiş. Fəqan cənnətlə müjdələnənlərdən olub, həm şəhid olaraq, həm də son sözü təkbir olaraq... Fəqanın üzərində Azərbaycan bayrağı var imiş, ürəyinin üstündə gəzdirirmiş. Azad edilən ərazilərə bayraq asmaq istəyirmiş. Biz Zəfər elan olunanda Fəqanı əlində üçrəngli bayraqla gözləyirdik, lakin bayrağa büküldü gəldi, hazırda məzarı üzərində də üçrəngli bayrağımız dalğalanır. Oğlumun şəhid olduğu torpaqlar da, həsrətində olduğumuz rayon, şəhər və kəndlərimiz də işğaldan azad olundu. Fəqan kəndimizin azad edildiyini bilərək şəhadətə yüksəldi. Oğlumun ruhunun şad olması az da olsa təsəllidir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib

10:42
06 Aprel

AEBA İranın nüvə obyektinə zərbələrlə bağlı dərin narahatlıq ifadə edib

10:41
06 Aprel

Qeyri-sabit hava şəraiti bölgələrdə sabah axşamadək davam edəcək

10:40
06 Aprel

Güclü sel Siyəzən-Məşrif avtomobil yolunda körpünü uçurub

10:38
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!