Alimlər qəhvənin insan orqanizminə təsirini araşdırarkən gözlənilməz kəşfə imza atıblar. Araşdırmada məlum olub ki, qəhvə insanı gümrahlaşdırmaqla yanaşı, həm də bağırsaq bakteriyalarını dəyişərək birbaşa beyin fəaliyyətinə və əhvala təsir edir.
“Science Daily” portalı xəbər verir ki, İrlandiyanın “APC Microbiome” mərkəzinin tədqiqatçıları ilk dəfə olaraq qəhvənin “bağırsaq-beyin oxu” üzərindəki sirrini açıblar.
Tədqiqat göstərib ki, qəhvənin faydası sadəcə onun tərkibindəki kafeinlə bağlı deyil. Hər iki növ qəhvə bağırsaq mikrobiomasını elə formalaşdırır ki, bu da stresin azalmasına və əhvalın yüksəlməsinə səbəb olur. Maraqlıdır ki, öyrənmə qabiliyyəti və yaddaşın yaxşılaşması məhz kafeinsiz qəhvə içənlərdə müşahidə olunub. Bu, qəhvənin tərkibindəki polifenol kimi digər faydalı maddələrlə izah olunur. Kafeinli qəhvə isə diqqəti artırır, gümrahlıq verir və hətta narahatlıq hissini azaldır. Həmçinin bədəndəki iltihab riskini aşağı salır.
Araşdırma zamanı məlum olub ki, müntəzəm qəhvə içənlərin bağırsaqlarında bəzi faydalı bakteriyaların səviyyəsi daha yüksəkdir. Bu bakteriyalar həzm sistemini zərərli infeksiyalardan qorumaqla yanaşı, müsbət emosiyaların yaranmasına da kömək edir. Alimlər müntəzəm qəhvə içən şəxslərdən bu vərdişi iki həftə müddətinə dayandırmağı xahiş ediblər. Bu müddətdə onların bağırsaq bakteriyalarında kəskin dəyişikliklər qeydə alınıb. Daha sonra qəhvə yenidən rasiona daxil edildikdə, iştirakçıların stres və depressiya səviyyəsinin azaldığı, özlərini daha yaxşı hiss etdikləri məlum olub.
Professor Con Krayan bildirib ki, ümumiyyətlə, qəhvə metabolizmimiz və sağlamlığımızla qarşılıqlı əlaqədə olan mürəkkəb bir pəhriz faktorudur. Gündə 3-5 fincan norma daxilində qəhvə içmək sağlam balansın bir hissəsi kimi bağırsaq və beyin sağlamlığını qoruya bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”