07 Fevral 2026 08:20
143
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin fəaliyyəti Zəfərə hədəflənir

Prezident İlham Əliyevin fəaliyyəti Zəfərə hədəflənir


Hər bir xalqın taleyində böyük əhəmiyyət kəsb edən yaddaqalan tarixi günlər var. Həmin önəmli günlər xalqın keçmiş həyatında mühüm dönüş nöqtəsi, gələcəyi üçün bünövrə olur. Azərbaycan xalqı üçün də tarixi günlərdən biri 2003-cü il oktyabrın 15-idir. Həmin gün ölkəmizdə növbəti prezident seçkiləri keçirilmişdir. 

2003-cü ilin oktyabrında - prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin adını çəkərək demişdir: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 

Seçkilərdə fəal iştirak edən xalqımız böyük tarixi şəxsiyyətin layiq bildiyi varisi - İlham Əliyevə səs verərək Prezident seçdi. Xalqımız bununla Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamına səs vermiş oldu. Prezident seçiləndən sonra xalqa müraciət edən cənab İlham Əliyev "Mən hər bir azərbaycanlının prezidenti olacağam!" - vədini verdi və bu günəcən həmin vədinə sadiq qaldı. 

Prezident İlham Əliyev ali dövlət vəzifəsinə seçiləndən sonra ilk günlərdən başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara xidmət edən daxili və xarici siyasəti çox keçmədi ki, gözlənilən müsbət nəticələr verdi. Xalqın böyük sevgi ilə səs verdiyi liderinə inam və etimadı daha da artdı. Məhz buna görə də 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən növbəti prezident seçkilərində xalqımız əmin-amanlığa, inkişafa, tərəqqiyə və quruculuğa, "Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən İlham Əliyevə səs verdi.

7 fevral 2024-cü ildə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində də müdrik xalqımız yüksək ovqatla seçki məntəqələrinə üz tutaraq tarixi seçimini etdi. Bir daha inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa, müdrik, uzaqgörən və hərtərəfli düşünülmüş siyasətə səs verdi. İki il əvvəl keçirilmiş prezident seçkiləri xalqımız üçün çox əlamətdar və  yaddaqalan oldu. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə idi ki, prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçirildi. Seçki məntəqələri ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkəmizin Xankəndi, Şuşa, Xocalı, Ağdərə və işğaldan azad olunmuş digər şəhər və qəsəbələrində də quruldu. Uzun illərdən sonra doğma ocaqlarına qayıtmış keçmiş məcburi köçkünlər böyük sevinc içində seçki məntəqələrinə getdilər. Yekdilliklə Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş qalib xalqın qalib lideri İlham Əliyevə səs verdilər. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixinə Zəfər seçkisi kimi yazıldı.

23 ildir Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu möhtəşəm quruculuq işlərini sarsılmaz iradə və dönməz qətiyyətlə davam etdirərək ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətini, beynəlxalq nüfuzunu daha da artırır. Buna görə də Azərbaycanın adı bu gün dünyanın aparıcı, tanınmış dövlətləri ilə bir sırada çəkilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin iqtisadi gücü artıqca xalqımızın güzəranı və rifahı da yüksəlir. Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanın daha da güclənməsinə, inkişafına, dünyada tanınmasına, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizın bərpasına nail olan xalqın sevimli Liderinə çevrilib. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. İqtisadi, siyasi gücü artan ölkəmiz beynəlxalq aləmdə söz sahibinə çevrilir. Zaman keçdikcə Azərbaycanın dostlarının, müttəfiqlərinin sayı çoxalır, dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi və siyasi əlaqələrimiz daha da genişlənir. 

Həm ölkəmizin, həm də dünyanın hərb tarixində önəmli yer tutan, tanınmış hərbi ekspertləri belə heyran qoyan, xalqımızın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin sərkərdəlik məharətini, komandanlıq bacarığını da üzə çıxardı. Dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi gücünün, qüdrətinin, zabit və əsgərlərinin qəhrəmanlığının şahidi oldu. Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Ermənistan silahlı qüvvələrini darmadağın etdi, tarixi Zəfər qazandı. 30 ilə yaxın davam edən erməni işğalına son qoydu.

Erməni qəsbkarları üzərində qazanılan Zəfəri şərtləndirən ən mühüm amillərdən biri də Prezident İlham Əliyevin diplomatiya müstəvisində uğurla həyata keçirdiyi çevik siyasət oldu. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə dövlətimizin başçısı 30-dan çox xarici kütləvi informasiya vasitəsinə müsahibələr verdi. Müsahibələrdə Qarabağ  münaqişəsi ilə bağlı həqiqətlər, reallıqlar dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

İkinci Qarabağ müharibəsi erməni işğalında qalmış  torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə başa çatdı. Bir zamanlar xəyal olunanlar 44 gün ərzində reallığa çevrildi. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə və başqa şəhərlərdə Zəfər bayrağı dalğalandırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış və xalqımıza böyük sevinc bəxş etmiş Zəfər tariximizə qızıl hərflərlə həkk olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın azad edildiyi 8 noyabr tariximizə Zəfər Günü kimi yazıldı.

İkinci Qarabağ müharibəsi zəfərlə başa çatdıqdan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Son iki ildə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri daha da sürətlənib. Demək olar ki, hər gün keçmiş köçkünlər doğma ocaqlarına qayıdırlar. Böyük qayıdış dövlət proqramı çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, müasir tələblərə cavab verən infrastruktur yaradılır, bu bölgələrin iqtisadiyyatı dirçəldilir. Prezidentin işğaldan azad olunmuş bölgələrə etdiyi səfərlər zamanı strateji infrastruktur obyektlərinin açılışı edilir, yenilərinin təməli qoyulur. 

Azərbaycan bu gün dünyada transmilli layihələrin təşəbbüskarı, uğurlu icraçısı və etibarlı tərəfdaş kimi də tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran "Cənub qaz dəhlizi", Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi enerji və nəqliyyat qovşağına çevirib. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirib. İndi  regionda reallaşdırılan bütün qlobal layihələr ölkəmizin iştirakı və milli maraqları nəzərə alınaraq həyata keçirilir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!