Çin iqtisadiyyatı ilin ilk üç ayında gözləniləndən daha sürətli artıb.
“BBC” xəbər verir ki, rəsmi məlumatlara görə, ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. İqtisadçılar bu göstəricinin təxminən 4,8 faiz olacağını proqnozlaşdırırdılar. Bu artım Yaxın Şərqdə başlayan müharibənin dünya iqtisadiyyatına, xüsusilə enerji bazarına mənfi təsir göstərdiyi bir vaxtda qeydə alınıb. Müharibə fevralın 28-də başlayıb və qlobal enerji təchizatında ciddi problemlər yaradıb.
Çin hökuməti ötən ay illik iqtisadi artım hədəfini 4,5-5 faiz aralığında müəyyən edib. Bu, 1991-ci ildən bəri ən aşağı hədəf hesab olunur. İlk rübdə iqtisadi artım, əsasən, istehsal sektorunun güclənməsi hesabına baş verib. Xüsusilə, avtomobil və digər ixrac məhsulları müsbət nəticə göstərib. Bununla yanaşı, daşınmaz əmlak sektorundakı zəiflik iqtisadiyyata təzyiq göstərməkdə davam edir.
Ekspertlər bildirirlər ki, İran müharibəsinin tam təsirləri hələ qarşıdakı aylarda daha aydın görünəcək. Növbəti rübdə ticarət və enerji xərcləri səbəbindən iqtisadi artımın zəifləməsi gözlənilir. Mart ayında Çinin ixrac artımı da yavaşlayıb. Rəsmi statistikaya görə, ixrac illik müqayisədə 2,5 faiz artıb. Bu, son altı ayın ən aşağı göstəricisidir. Eyni zamanda, idxal isə təxminən 28 faiz artıb. Bu artım əsasən enerji və xammal qiymətlərinin yüksəlməsi ilə əlaqələndirilir.
Müharibə səbəbindən Hörmüz boğazında yaranan gərginlik neft və yanacaq qiymətlərini artırıb. Nəticədə Çində benzin və aviasiya yanacağının qiyməti yüksəlib, bəzi aviaşirkətlər isə uçuş sayını azaltmağa məcbur olub. İqtisadçılar hesab edirlər ki, qlobal qiymət artımı dünya üzrə istehlakı zəiflədərsə, bu, Çinin ixracına da mənfi təsir göstərə bilər.
Təhminə VERDİYEVA,
“Azərbaycan”