18 Aprel 2024 08:30
162
SİYASƏT
A- A+

Parisin bütün əməlləri sülhə qarşıdır

 

Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlanmasında, gərginliyin artmasında xüsusi marağı olan Fransanın Azərbaycanla bağlı qərəzli siyasəti uzun müddətdir ki, açıq-aydın ortadadır. Ölkəmizin Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyən rəsmi Paris anti-Azərbaycan siyasətini hər addımda qabarıq büruzə verir.

 

Ermənidən çox ermənilik edən Makron

 

Ölkəmizə qarşı müxtəlif platformalarda ədalətsiz, əsassız qətnamələrin qəbuluna çalışmaq, fürsət tapdıqları hər kürsüdən əleyhimizə çıxışlar etmək Makron hakimiyyəti üçün adət halını alıb. Ermənilərdən daha çox canfəşanlıq edən, demokratiya pərdəsinə bürünən neokolonialist Parisin Azərbaycan əleyhinə "səy"lərini saymaqla bitməz. Fransanın vaxtilə Qarabağda mövcud olmuş qondarma rejimi tanıması, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Avropa Parlamenti kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrini qəbul etdirmək cəhdləri bu ölkənin riyakarlığının göstəricisidir.
Makron hakimiyyəti bu yaramaz fəaliyyətinin Azərbaycana heç bir təsir göstərmədiyini görüb başqa yollara əl atıb. Belə ki, Parisdə səfirliyimizin binasına hücumlar təşkil edilib, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq aktları törədilib.
Bu hərəkətlərlə bağlı Fransa hökuməti tərəfindən heç bir tədbir görülməyib. Əksinə, bu ölkənin rəsmi dairələrinin anti-Azərbaycan mövqeyi bu cür əməllərin genişlənməsinə rəvac verib. Azərbaycan isə hər zaman səbir nümayiş etdirərək, Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib, ölkəmizin daxili işlərinə qarışmamağı tövsiyə edib. Amma Fransa öz uğursuz və qərəzli siyasətindən əl çəkməyib.
COP-29-un Bakıda keçirilməsi qərarı da Parisi qıcıqlandırıb. Fransa hakimiyyəti bu dəfə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyini və evsahibliyini hədəf alan çağırışlar etməyə başlayıb. Belə mötəbər tədbirə evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə inamdan, Prezident İlham Əliyevə göstərilən etimaddan xəbər verir. Odur ki, Fransanın mənasız, ağlasığmaz çağırışları və gülünc şouları isə heç nəyi dəyişməyəcək. 

 

Parisin riyakarlığı

 

İndiyədək Fransa Azərbaycanla münasibətləri korlamaq üçün bütün addımları atıb. Aprelin 16-da Fransanın Azərbaycandakı səfiri Ann Buayonu geri çağırması da bundan xəbər verir. 
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin məlumatında səfirin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilir. Elə həmin gün Emmanuel Makron səfiri qəbul edib, Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib. Makron Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə normallaşmasını dəstəklədiyini qeyd etsə də, normallaşmanın hər iki ölkəyə və regiona fayda verəcəyini bildirsə də, niyyət o deyil.
Maraqlıdır ki, Azərbaycan torpaqları işğala məruz qalanda, əhalisi məcburi köçkün düşəndə, soyqırımına məruz qalanda susan Fransanı respublikamızın hansı hərəkəti narahat edir?
Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasının tərəfdarıdır. Eyni zamanda ölkələrin ərazi bütövlüyünü, suverenliyini həmişə dəstəkləyir, xalqların sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşaması üçün xoş niyyətini ifadə edir. 44 günlük müharibədən sonra Ermənistana sülh əlini uzadanın, sülh sazişinin imzalanması üçün sözdə deyil,  əməldə bütün addımları atanın Azərbaycan olması bunu bir daha təsdiq edir. 
Makronun Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini ifadə etməsi isə Fransa prezidentinin növbəti riyakarlığıdır. Ermənistanı silahlandıraraq revanşa sürükləmək, Azərbaycana qarşı təxribatlara sövq etmək, ermənipərəst mövqe nümayiş etdirmək sülhə xidmət etmir.

 

Azərbaycan milli maraqlarını qətiyyətlə təmin edib və bundan sonra da edəcək

 

Fransa səfirinin geri çağırılmasına Azərbaycan Xarici İşlər Nazirliyindən də münasibət bildirilib. Məlumatda qeyd olunub ki, neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır.
Vurğulanıb ki, Fransanın ölkəmizə qarşı qarayaxma kampaniyası aparmasına  baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. XİN-nin məlumatında eyni zamanda Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi də bildirilib.
Fransa anlamalıdır ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələrinin yenidən toparlanmasına nə maddi, nə də mənəvi gücü var. Onların silahlanması üçün nə qədər çalışsa da, səyləri boşa gedəcək.
Azərbaycan isə öz milli maraqlarını bundan sonra da qətiyyətlə təmin edəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video