XV əsrin görkəmli Azərbaycan mütəfəkkiri Yəhya Bakuvinin mənəvi irsi müasir dünyada, xüsusilə də gənclərin mənəvi tərbiyəsi məsələlərində əhəmiyyətini qoruyur.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Müsəlmanları İdarəsinin Üləmalar Şurasının üzvü, Daşkənd İslam İnstitutunun baş müəllimi, “Sirac Saleh” məscidinin imam-xətibi Həsən Kodirov deyib.
Yəhya Bakuvinin irsinin əhəmiyyətini qeyd edən Həsən Kodirov onun ideyalarının insanın tərbiyəsi məsələsində mühüm rol oynadığını vurğulayıb: “Yəhya Bakuvi təsəvvüf əhli (sufi ənənəsinin davamçısı – red.) olub. O, çoxsaylı tələbələr yetişdirib. Onun xidməti insanın daxili aləminin, qəlbinin hər cür şərdən, mənəvi çirkinlikdən və günahlardan təmizlənməsinə yönəlmişdi”.
Onun sözlərinə görə, mənəvi tərbiyəyə ehtiyac bütün dövrlərdə aktual olub. “Bəşəriyyət bütün dövrlərdə qəlbin təmizlənməsinə və mənəvi tərbiyəyə ehtiyac duyub. Xüsusilə bu gün sosial şəbəkələrin geniş yayıldığı, orada mənfi məlumatların xeyli artdığı bir dövrdə bu məsələ daha böyük əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.
Gənclərdən danışan Həsən Kodirov vurğulayıb ki, bu gün yalnız onların peşəkar inkişafına diqqət yetirmək kifayət deyil: “Bu gün gənclərimizin peşəkar inkişafı və ictimai fəaliyyəti ilə yanaşı, onların qəlbinin təmizlənməsinə və mənəvi tərbiyəsinə də diqqət yetirmək lazımdır”.
O qeyd edib ki, məhz buna görə müasir cəmiyyətin Yəhya Bakuvinin mənəvi irsinə, onun bizə qoyub getdiyi əsərlərə və təlimlərə müraciət etməsinə ehtiyac var.
Həsən Kodirovun fikrincə, Bakıda konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu, adı Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan mütəfəkkirin mənəvi irsinə yenidən müraciət etməyə və onun müasir nəsil üçün əhəmiyyətini müzakirə etməyə imkan verir.